Quranda İslami təfəkkür tezisi - 4-cü məclis

Quranda İslami təfəkkür tezisi - 4-cü məclis

ARTAN VƏ ƏMƏLİ ÖHDƏLİKLƏRLƏ BİRGƏ OLAN İMAN

Bazar günü – 1974/09/22

Ramazan ayının 5-i.

بسم الله الرحمن الرحيم

وَجَاهِدُوا فِي اللَّهِ حَقَّ جِهَادِهِ هُوَ اجْتَبَاكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ مِّلَّةَ أَبِيكُمْ إِبْرَاهِيمَ هُوَ سَمَّاكُمُ الْمُسْلِمينَ مِن قَبْلُ وَفِي هَذَا لِيَكُونَ الرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُوا شُهَدَاء عَلَى النَّاسِ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَاعْتَصِمُوا بِاللَّهِ هُوَ مَوْلَاكُمْ فَنِعْمَ الْمَوْلَى وَنِعْمَ النَّصِيرُ

(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı. Bu, atanız İbrahimin ayinidir. O, bundan əvvəl də, indiki zamanda da sizi müsəlman adlandırdı ki, Peyğəmbər sizə, siz də insanlara şahid (və nəzarətçi) olasınız. Elə isə namazı bərpa edin, zəkat verin və Allaha sığının. O, sizin rəhbəriniz (və haminiz)dir. O nə yaxşı rəhbər, necə də gözəl yardımçıdır!

“Həcc” surəsi, ayə 78.

 

Məsələ burasındadır ki, iman Quranın haqq təlimlərinə əsasən, yalnız qəlbə aid deyildir. Düzdür, iman inanc deməkdir, inanc da qəlbə aiddir, lakin Quran hər inancı, hər imanı və hər qəbulu rəsmi şəkildə tanımır. İslam baxımından mücərrəd iman, qəlbdəki quru və boş iman, möminin varlığı və bədən üzvlərində görünməyən iman dəyərsizdir. Allaha iman gətirən ilk mömin Şeytandır. İblis Rəbbin iddialı bəndələri və Adəmin nazlı-qəmzəli övladlarının bu torpağa ayaq basmasından uzun illər öncə Allah-Taalaya ibadət edirdi, onun qəlbi ilahi mərifət ocağı idi. Lakin sınaq zamanı – imanların dərdə dəydiyi bir vaxtda, əsl yolun seçimi zamanı bu iman İblisin karına gəlmədi, elə onun qəlbində də qaldı. Mən demirəm ki, yalnız qəlbdə qalan iman quruyub çürüyəcək. Sən “xeyr, qalacaq” de. Biz bu zaman şübhəni artırıb imanın qəlbin lap dərinliyində qalacağını deyəcəyik. Yalnız qəlbdə qalıb əlimiz, ayağımız, gözümüz, qulağımız, beynimizə, digər bədən üzvlərimizə, həyatımıza, güc və enerjilərimizə təsir etməyən iman Quran mədəniyyətində dəyərsizdir. Amma biz bu məsələni bir başlıqda yekunlaşdırmışıq, o da sizin əlinizdəki vərəqin yuxarı hissəsində qeyd edilmişdir: Artan, bulaq tək coşub qaynayan, öhdəliklərlə yanaşı olan iman, möminə məsuliyyət gətirən və əməllə birgə olan iman.

Qurani-Kərimdə “İnnəlləzinə əmənu və əmilus-salihat” (Həqiqətən, iman gətirən və saleh əməllər edən şəxslər...) – ifadəsindən ibarət olan ayələri saymağı qərara aldım. Bu ifadənin – saleh əməllə birgə olan imanın onlarla dəfə işləndiyini gördüm. Boş iman, öhdəliksiz iman, məsuliyyət aşılamayan iman nə dünyada insanın karına gələr, nə də axirətdə. Bu, Quranın məntiqidir.

(Sabahkı tilavət də, təqribən, bu zəmində olacaq; sabah da bir neçə ayə tilavət edəcək və onun üzərində düşünəcəyik, inşallah! Təfəkkür sayəsində uyğun məna açıq-aşkar bilindikdə, heç bir tərəddüdə yer qalmayacaq.)

İmanın şərtləri və öhdəliklərinə əməl etmədən, onun insanın “qəlb” adlı məntəqəsinə aid olduğunu və möminlər cərgəsinə qoşulduğunu güman edənlər; yalnız mömin olmaqla, əməlsiz, zəhmətsiz, təlaşsız imanla Allahın möminlərlə bağlı müjdələrinin insana nəsib olduğunu xəyal edənlər; Cənnətə yalnız əməlsiz qəlbə aid bir işə görə sahib olacağını və ona görə yer üzündə hökmranlıq edəcəyini təsəvvür edənlər; bir sözlə, əməl olmadıqda, imandan bir şey qalacağını düşünənlər bu ayələrə (və sonradan tilavət olunacaq ayələrə), onlarla digər Quran ayələrinə müraciət etməli, diqqətlə düşünməli və İslam baxımından əməllə, məsuliyyətlə, mükəlləfiyyət və öhdəliklərlə yanaşı olan imanın dəyərli olduğunu bilməlidirlər.

Əgər heç bir öhdəlik hiss etmədinsə, mömin olmağında şəkk etməlisən. İmanın şərtlərinə əməl etməyən cəmiyyət özünə inanclı cəmiyyət deyə bilməz. وَلاَ تَهِنُوا وَلاَ تَحْزَنُوا وَأَنتُمُ الأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَ (“Ruhdan düşməyin və qəmgin olmayın; əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!”)[1] – ayəsini və maraqlı çağırışı eşidənlər sonradan həqiqətlərə baxdıqda, Qurana iman gətirənlərin hamıdan üstün və yüksəkdə deyil, əksinə girovda olduğunu görüb təəccüblənirlər ki, bəs, Quranın vədəsi hanı? Bu vədənin gerçəkləşməsi üçün bir vaxt tapa bilmədikdə, Həzrət Məhdinin (ə.f) zühurunun intizarında olurlar. Bu vədə ilə bağlı xatırlatmaq lazımdır ki, bəli, ilahi vədə haqdır; istər Həzrət Məhdinin (ə.f) zühuru dönəminə aid olsun, istərsə də imanın gerçək olduğu məqamlara; o iman ki, Quranda əməllə yanaşıdır, öhdəliklərdən ayrı deyildir. İman yalnız qəlbə aid deyildir.

Əgər “iman” sözü yalnız “təsdiqləmək” və “qəbul etmək” mənasını ifadə etsəydi, onda deməliyəm ki, Əbu Ləhəb[2] və Vəlid ibn Müğeyrə Məxzumi[3] Peyğəmbərə (ə) iman gətirən ilk şəxslər olub. O ərəb ağıllıları yaxşı anlayırdılar ki, Allahın Peyğəmbəri (s) yalan danışmır; yaxşı dərk edirdilər ki, o, düz danışandır. Buna dəlil-sübut istəyirsənmi? Dəlil-sübutu odur ki, öz silahdaşları ilə birgə oturub Peyğəmbərə (s) istehza etməyi qərara alırdılar. Bir-birinə deyirdilər ki, gedib Peyğəmbərin (s) nə dediyini dinləməli və eyiblərini tutmalıyıq. Sonra gedib dinləyir və ertəsi gecə bir yerə yığışdıqda deyirdirlər: “Onun dedikləri bəşər sözü deyil, bəşərin Rəbbinin sözüdür.” Demək, onun Allah tərəfindən danışdığını qəbul və təsdiq edirdilər. Sən isə həmin tarixdən on dörd əsr keçdikdən sonra onu mömin adlandırmırsan. Bəli, onun mömin olmamasının səbəbi odur ki, imanı, qəbul və təsdiqi uyğun öhdəliklərlə birgə deyildi. Görəsən, biz möminikmi? Əgər bizim də iman və təsdiqmiz uyğun öhdəliklərlə birgə deyilsə, buna sözünüz nədir?

Əgər qəlbdəki iman və təsdiq kifayətdirsə, onda Əmr As[4] dünyanın ilk şiəsi olmalı idi. Əmr As Qədir-Xum hadisəsini öz gözü ilə görmüşdü və yaxud da birbaşa öz gözü ilə görənlərdən eşitmişdi. Mən və sən, təqribən, on üç əsrdən sonra bu hadisəni yalnız kitablarda oxuyuruq. Əmr As isə İmam Əli (ə) haqqında şeir deyirdi[5], can verərkən – hər insanın intizarında olan o ən ağır saat və anlarda peşmançılıq hissi ilə deyirdi ki, dinimi Müaviyənin dünyasına satdım, Əlinin haqq olduğunu bildiyim halda, onunla döyüşdüm.[6] Mənim nəzərimcə, Əmr As İmam Əmirəlmöminin Əlinin (ə) vilayət məqamını on əsr bundan öncəki şiələrdən də daha dərin və daha dəqiq təsdiqləmişdi. Amma şiə idimi? Siz “yox” deyəcəksiniz. Nə üçün şiə deyil? Çünki Əmirəlmöminin Əlinin (ə) imamət məqamına etiqadın bır sıra öhdəlikləri vardır. İlk öhdəlik Əbu Süfyan oğlu Müaviyə ilə beyətdən boyun qaçırmaqdır. Müaviyə ilə əlbir olan və İmam Əli (ə) ilə döyüşən Əmr As şiə öhdəliklərinə və o Həzrətin imamətinə etiqadın insana yönləndirdiyi mükəlləfiyyət və məsuliyyətlərə əməl etmədiyindən şiə adlanmır.

Bu, düz sözdür, düz olduğu üçün sözümü özümüzə qaytarıb deyirəm: bu dəlilə əsasən, mən və siz şiə olduğumuza inanırıqmı? Buna arxayınıqmı? Biz şiə öhdəliklərinə əməl edirikmi? Quranın bu məsələ ilə bağlı sözü aydın və qətidir. (Bu məna həm bugünkü, həm də dünənki tilavətdə öz əksini tapıb.) Quran mütləq şəkildə imanın öhdəliklərinə əməl etməyənlərin imansız olduğunu açıq-aşkar bildirir. Buna əsasən, İslamda mötəbər (İslam və şiənin əqidəvi prinsiplərindən olan) iman artan və öhdəliyə sövq edən, əməli öhdəliklərlə birgə olan imandır. Əgər birgə deyilsə, onda nə nəticə, nə də dünyada qələbə və əmniyyət gözlə:

الَّذِينَ آمَنُواْ وَلَمْ يَلْبِسُواْ إِيمَانَهُم بِظُلْمٍ أُوْلَـئِكَ لَهُمُ الأَمْنُ وَهُم مُّهْتَدُونَ

İman gətirən və imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır![7](Bu və bu kimi onlarla ayə məqsədimizə şahiddir.)

Zülm və zülmkarlığı qəbul edən iman təhlükəlidir. Əmələ səbəb olmayan iman insanı zəfərə yetirməz, qələbəyə zəmanət verməz, Allahın və təbiətin zərrəciklərinin yardımını ərməğan gətirməz, dünyəvi səadət və xoşbəxtliyi, bir sözlə, dünya və axirət Cənnətini vəd etməz.

Rahat həyat tərzindən baş qaldıran bihudə nəsihətlər bizə bunun əksini təlqin edir, insana həmişə rahatlığın və asanlığın ardınca getməyi tövsiyə edir, iki işdən birini seçməkdə azad buraxılan insan ən asan, zəhməti az olanı seçməyə üstünlük verir. Bu, insanın xislətidir və adətən də belədir. Bu bəşəri xislət bir tərəfdən, bizə asan, xərci və zəhməti az olan yolu seçməyi aşılasa da, digər tərəfdən, iman Cənnətin əldən çıxdığını deyir. Həm rahat həyat tərzini, həm də Cənnəti əldən verməmək üçün bir düstur – bekar və tənbəl insanların Cənnətə getməsi ilə nəticələnən düsturlar – düzəltmək məcburiyyətində qalırıq. Həmin düsturları sona qədər anlamasaq da ondan əl çəkmirik, möhkəm-möhkəm yapışırıq. Yalnız Cənnətə getmədiyimiz zaman onların yanlış olduğunu anlayacağıq. Məncə, yenidən araşdıraq, görək, bu düsturlar doğrudanmı düzgündür, ya yox?

Quranın şübhəsiz və qəti mətninə, imamdan nəql olunan yüzlərlə doğru və möhkəm rərvayətə əsasən, əməlsiz və zəhmətsiz şəfaət olunmayacağıq. Tənbəllik, kədərlə dizinə qısılıb əməlsiz keçmiş və gələcəyin qüssəsini çəkmək kimi, mənfi və alçaq halımızla hələ şəfaətə də ümid bəsləyirik. (Qəm yemək yaxşıdır, amma tənbəlliklə yanaşı olmasın.) Halbuki, bir rəvayətə əsasən, İmam bizim beynimizdə dolanan fikrin tamamilə əksinə olaraq buyurur ki, yalnız çalışan və zəhmət çəkən insanalar bizim şəfaətimizə nail olacaqlar. Bu qəbildən olan rəvayətlərin sayı çoxdur.

İmam Səccad (ə) gecə yarısı məsciddə ibadətlə, raz-niyazla məşğuldur. Digər tərəfdən də, düzgün həyat tərzi keçirdiyini düşünən biri də haqqın və ədalətin hakimiyyətə çatması üçün dayanmadan əlləşir, gecənin yarısında da bəndəçilik yolunda çalışır, Allahın dərgahında təvazökarcasına dayanıb göz yaşı axıdır, münacat edir, özü də çox qəribə bir münacat (vaxt az olduğundan bu haqda danışmaq istəmirəm). Sonra da həmin zavallı, İmamın yanına gəlib deyir: “Ey Peyğəmbərin övladı, Sən niyə burdasan? Sən Allahın seçilmiş bəndələri olan o ata-anan və cəddinlə ağlamağı bizə tapşır. Sən ki, Peyğəmbərin (s), İmam Əlinin (ə), Həzrət Fatimeyi-Zəhranın (ə) və İmam Hüseynin (ə) övladısan, axı sən niyə ağlayırsan?” İmam Səccad (ə) Allah dərgahında bəndəçilik, ibadət, dua, raz-niyaz və ağlamaq tezisini müdafiə edib ruhun saflaşması istiqamətində daha çox əzmkarlıq göstərmək və Allaha daha çox bağlanmaq ruhiyyəsini gücləndirməyi tövsiyə etsə də o, avam şiənin zehnindən bu səhv düşüncəni də çıxarır və buyurur: “Sən nə danışırsan? دَعْ عَنِّی حَدِیثَ أَبِی وَ أُمِّی و جَدِّی – atam, anam və cəddim (sən filankəsin övladısan) söhbətini at bir qırağa, الْجَنَّةُ لِمَنْ أَطَاعَهُCənnət itaət edənlərindir.[8] İman və əməl sahəsində İslamın və şiənin tezisi budur!

Nə üçün bu məsələyə bu qədər təkid edirəm? Çünki uzun illər və əsrlər çalışmış, müsəlmanların üzərində işləmiş və onları qane etmək istəmişlər ki, müsəlman və mömin olmaq üçün pak əmələ ehtiyac yoxdur, pak qəlbə sahib olmağın yetər. Bizim rahatçılıq istəməyimiz, səhlənkarlıqlarımız, Allahın Cənnətinə kiçik bir əməllə sahib olmaq istəyimizlə bağlı ağız dolusu iddialarımız, yanlış düşüncələrimiz və qərəzsiz nadanlıqlarımız bu xain və muzdur əllərə xidmət etmişdir.

Bu təfəkkür Peyğəmbərdən (s) qısa müddət sonra yarandı və geniş yayıldı. Əbu Süfyan oğlu Müaviyənin işi lap qəribədir. Ondan dinsiz birini tanıyırsınızmı? Ondan alçağını tanıyırsınızmı? İslam tarixinin ilk çağlarında ondan çirkinini tapmaq olarmı? Bir gün gördülər ki, Müaviyə yaxınlarına vəsiyyət edir: “Mən öldükdən sonra filan yerə qoyduğum iki kiçik paketi kəfənimin içinə qoyarsınız.” Soruşdular: “Paketlərin içindəki nədir? ” Dedi: “Biri Peyğəmbərin (s) libasının bir parçasıdır. Digəri də bir gün Peyğəmbər (s) dırnaqlarını tutur, saçını qırxırdı, mən də onun dırnaq və saçından bir neçəsini götürüb saxladım; onu da kəfənimə qoyarsınız ki, Allah məni bağışlasın.” Baxın, Müaviyə də Peyğəmbərin (s) şəfaət edəcəyi ümidi ilə fəaliyyət göstərir, işləyir, amma necə? Peyğəmbərin dırnaq və saçından bir neçəsini götürüb saxlamaqla! Allah rəhm eləsin, insan asan və zəhmətsiz işlərdə və öz mənfətinə uyğun gəldikdə, Qurana qulaq asır, ehtiram göstərir.

Hər halda, uzun illərdən bəri, beyinlər üzərində işləyib çalışırlar ki, qəlblər İslam və imana əməlsiz bağlansın. Haçandan bəri bunu təqdim etmək üçün əllərindən gələni əsirgəmirlər. Quranın isə həmişə nidası uca, canlı və sevindiricidir: وَمَا أُوْلَئِكَ بِالْمُؤْمِنِينَBelələri mömin deyillər.[9] (Bu gün, ya da sabahkı tilavətdə qeyd edəcəyik ki,) bu əməlləri yerinə yetirməyənlər mömin deyillər, imansızdırlar. Mömin və sizinlə birgə olanlar, Allahın mərhəməti və müsəlmanların qardaşlığına layiq görülənlər Allah yolunda və iman əsasında qətiyyətlə çalışanlar və əməl edənlərdir. Quranın məntiqi budur!

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ارْكَعُوا وَاسْجُدُوا وَاعْبُدُوا رَبَّكُمْ وَافْعَلُوا الْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ

Ey iman gətirənlər! (Allah dərgahında) rüku edin, səcdəyə düşün, Rəbbinizə ibadət (və bəndəçilik) edin və yaxşı işlər görün ki, (uğur qazanıb) səadətə yetəsiniz![10]

Əgər bu əməlləri yerinə yetirsəniz, müvəffəqiyyət qazanar, nicat tapar və səadətə yetişərsiniz. Lakin, ey möminlər, rüku etmədikdə, səcdəyə qapanmadıqda, Allaha bəndəçilik etmədikdə və yaxşı işlərlə məşğul olmadıqda, qurtuluş və səadət olacaqmı? Cavabı sizin öhdənizə buraxıram.

وَجَاهِدُوا فِي اللَّهِ حَقَّ جِهَادِهِ

Allah yolunda layiqincə cihad edin.

Qələbəyə nail olmaq üçün nə edir, nə qədər çalışır, nə qədər canfəşanlıq edirsiniz? Baxın, görün, Allahın razılığı üçün nə qədər çalışırsınız? Öz işlərimiz ortalıqda, Allahın işləri isə haşiyədə qalıb. Bizim həyatımızla bağlı ümumi vəziyyətimiz budur. Bütün işlərə can atırıq; öyrənirik, öyrədirik, qazanırıq, çalışırıq, idman edirik, bir sözlə, bütün bunlar həyatımızın əsas hissəsini təşkil edir, Allahın (razılığı yolundakı) işlər isə ikincidərəcəlidir, hələ ikincidərəcəli olub-olmaması da sual altındadır. Amma diqqətlə baxdıqda, Allah üçün və Allah yolunda görüləcək işlərin həcmi, keyfiyyəti, tərifi, davamlılığı və sabitliyi Allahın əzəməti və böyüklüyü ilə müqayisədə bütün işlərdən böyük, möhkəm, tərifəlayiq və davamlı olmalıdır.

وَجَاهِدُوا فِي اللَّهِ حَقَّ جِهَادِهِ هُوَ اجْتَبَاكُمْ

Allah yolunda layiqincə cihad edin. O, (ey İslam ümməti,) sizi seçdi!

“Seçdi” dedikdə, nə nəzərdə tutulur? Yəni, sizi dəyərli inci tək seçib bir kənara qoyaraq əzizləmişdirmi? Günah etsəniz, səhvə yol versəniz, əmrlərinə qarşı çıxsanız belə, Cənnətin sizə həsr olunduğunumu buyurmuşdur? Bu sözü yəhudilər də özləri ilə bağlı iddia edirdilər; onlar yanılırdılar, onlar kimi düşünən hər bir müsəlman da yanılır. Quran özlərini Allahın sevimliləri, dostları və hətta övladları bilən yəhudiləri şiddətlə qınayır, məzəmmət və xəbərdarlıq edir ki, Allahın sevimlisi və dostu olmaq Onun əmrlərinə təslim olmağın girovundadır. Düzdür, Biz sizi seçmişik, keçmişdə Bəni-İsraili də seçmişdik. Allah İslam ümmətini seçdi, İslamdan öncə isə Bəni-İsraili seçmişdi. Hər iki seçimin növü eynidir; ən böyük iş üçün ən hazırlıqlı cəmiyyətin seçilməsi mənasındadır.

Siz on nəfər içərisində hansının qətiyyətli, fiziki hazırlıqlı, çevik, qolu güclü və boylu-buxunlu olduğunu görsəniz, “Mən sizi bu iş üçün seçmişəm” deyib, bu ağır yükü ona həvalə edəcəksiniz. O da irəli keçəcək, əgər yükü qaldıra bilsə, yəni güclü olduğu halda o işi görmək üçün iradəli olsa, dostlarını geridə qoyacaq, seçilib fərqlənəcək. Həmin yükü qaldırmadıqda isə daha da bədbbəxt, daha da xar olacaq. Ona deyəcəklər ki, ay bədbəxt, başqalarının gücü çatmadığından, onlara bir söz demədik, sənə isə dedik, amma yerinə yetirmədin. Bəni-İsrail ümməti kimi, İslam ümmətinin seçilməsi də bu qəbildəndir. Bəni-İsrail öz zamanında, müsəlmanlar da öz zamanında İslam əmanətini çiyninə almaq, bəşərə rəhbərlik etmək və doğru yolu göstərmək üçün ümmətlərin ən layiqlisi idilər. Onlara bu əmanət tapşırıldı. Çiyinlərinə götürdülərmi? Bu əmanəti çiyninə alıb məqsədə çatdıran “ən ləyaqətli”, “ən səlahiyyətli müsəlman” adını qazanacaq. Əks-təqdirsə isə yəhudi cəmiyyəti kimi, əmanətə sahib çıxmadığı üçün onların taleyinə düçar olacaq:

وَضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ وَبَآؤُوْاْ بِغَضَبٍ مِّنَ اللَّه

Onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular.[11]

Bu, onların dünyəvi əzabı idi, axirətə gəldikdə isə مَأْوَاهُمْ جَهَنَّمُməskənləri Cəhənnəmdir.

هُوَ اجْتَبَاكُمْ

O, (bu yükü götürmək üçün) sizi seçdi!

وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ

“Dində sizin üçün heç bir çətinlik (və sıxıntı) yeri qoymadı.

Bu yük çox da ağır deyil, onu qaldırmağın elə də ağrı-acısı yoxdur, dözüləsi yükdür.

وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ

“Dində sizin üçün heç bir çətinlik (və sıxıntı) yeri qoymadı.

مِّلَّةَ أَبِيكُمْ إِبْرَاهِيمَ

“(Bu din) atanız İbrahimin dinidir.

هُوَ سَمَّاكُمُ الْمُسْلِمينَ مِن قَبْلُ وَفِي هَذَا

Allah bundan əvvəl də, indiki zamanda da sizi müsəlman (Allaha təslim olan) adlandırdı.

وَمِن ذُرِّيَّتِنَا أُمَّةً مُّسْلِمَةً لَّكَ

“(Ey Rəbbimiz!) ...Nəslimizdən yetişənləri müsəlman (Sənə təslim olan) ümmət et.[12]

Bu, “Bəqərə surəsində qeyd olunan Həzrət İbrahimin duasıdır və sözügedən məsələyə işarədir:

هُوَ سَمَّاكُمُ الْمُسْلِمينَ مِن قَبْلُ وَفِي هَذَا

Allah bundan əvvəl də, indiki zamanda da sizi müsəlman (Allaha təslim olan) adlandırdı.

Bu yükü sizə həvalə etdik, bunun üçün sizi seçdik. Nə üçün? Hansı məqsəd üçün? Hansı məqama çatmağınız üçün?:

لِيَكُونَ الرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُوا شُهَدَاء عَلَى النَّاسِ

Peyğəmbər sizə, siz də insanlara şahid olasınız.

Sizin vasitəsiz məsulunuz Peyğəmbər, bütün bəşəriyyətin məsulu isə sizsiniz; beləcə, Peyğəmbər sizə, siz də bəşəriyyətə şahid, gözətçi və nəzarətçisiniz. Bəşərin rəhbərliyi, idarəçiliyi sizin əlinizdədir, bu karvanın gözətçisi sizsiniz, ey karvan rəhbərləri, yatmayın!

لِيَكُونَ الرَّسُولُ شَهِيدًا

“Beləcə, Peyğəmbər sizə şahid və nəzarətçi olsun.

عَلَيْكُمْ وَتَكُونُوا شُهَدَاء عَلَى النَّاسِ

“Siz də bəşəriyyətə, insanlara şahid, gözətçi və nəzarətçi olasınız.

Məsuliyyətiniz ağır olduğu, sizə Allah tərəfindən ağır bir iş həvalə olunduğu üçün tənbəllik etməyin.

فَأَقِيمُوا الصَّلَاةَ

“Namazı bərpa edin.

Yenə təklif, yenə öhdəkarlıq. Quru və boş imanmı? Xeyr!فَأَقِيمُوا الصَّلَاةَ“Namazı bərpa edin.

وَآتُوا الزَّكَاةَ

“Zəkat verin.

وَاعْتَصِمُوا بِاللَّهِ

Allaha (Onun ayininə) sığının.Allaha təvəkkül edin, heç kəsdən, heç bir gücdən qorxmayın. Bütün yollar üzünüzə bağlı olduqda belə, Allahın lütfü və yardımından naümid olmayın.

هُوَ مَوْلَاكُمْ

“Odur sizin mövlanız (rəhbəriniz, gözətçiniz və cəbhə yoldaşınız).

(İnşallah, “vilayət”, “mövla” və bu qəbildən olan ifadələr haqqında geniş bir bəhs açacağam. “Əllahu vəliyyulləzinə əmənu” (Allah iman gətirənlərin vəlisidir), “Huvə məvlakum” (Odur sizin mövlanız), “Əli (ə) möminlərin mövlasıdır”,“Möminləri Əlinin (ə) vilayət xəttində olmalıdırlar” ifadələrindəki “mövla” və “vəli” sözləri nə deməkdir? “Vilayət” sözü dərin məna kəsb edir. Bir gün bu sözü Quran ifadələrinə istinad etməklə şərh edəcəyəm, inşallah!)

فَنِعْمَ الْمَوْلَى وَنِعْمَ النَّصِيرُ

“,O nə yaxşı rəhbər, necə də gözəl yardımçıdır!

“Ənfal” surəsinin son bir neçə ayəsində də imanın öhdəliklərindən söz açılır. İmanın öhdəlikləri dedikdə, zəkat vermək, namaz qılmaq, Allaha sığınmaq kimi əməllər nəzərdə tutulur ki, onun bir hissəsi “Həcc” surəsində, bir hissəsi də indi qeyd edəcəyimiz ayələrdə göstərilmişdir,:

إِنَّ الَّذِينَ آمَنُواْ وَهَاجَرُواْ

“Həqiqətən, iman gətirən və hicrət edənlər...

“Hicrət edənlər” kimlərdir? Məsələn, Məşhəddən çıxıb Tehranda qalmaqmı? Bir şəhərdən başqa bir şəhərə köçməkmi? Xeyr! Əvvəla, hicrət etmək hədəfə çatmaq, İslam cəmiyyətinə qatılıb onun öhdəliklərini qəbul etmək üçün hər bir şeyi birdəfəlik qurban vermək mənasındadır. Məkkədə mal ilə dolu dükanı Məkkə oğruları və quldurlarının ixtiyarında qoyub çıxmaq; İslamı qəbul etməyən zövcəni Məkkədə tək-tənha qoymaq, onu qəlbindən çıxarmaq və onunla bağlı ailə xatirələrini unutmaq; Məkkədən Mədinəyə köçərkən qanlı düşməninizə çevrilən atanız, yaxud oğullarınız, yaxud da əzizlərinizdən birini tərk etmək “hicrət” adlanır. Hicrət edənlər bütün bu məhrumiyyət və ağrı-acıları canla-başla qəbul etmişdilər.

Digər tərəfdən də, hicrət, yəni böyük İslam cəmiyyəti adlı sarayın ucalması üçün bir kərpicə yardım etmək deməkdir. Fərz edin ki, burada bir ev tikmək istəyirlər, onun üçün də yüz ədəd ağac, min ədəd kərpic və ya daşa ehtiyac vardır. Hər kəs özü ilə bir ədəd ağac, ya kərpic, ya daş gətirsə, bu möhtəşəm saray tikilib başa çatacaq. Mədinədə İslam cəmiyyəti qurulmuşdu, fəal, zəhmətkeş, enerjili, təcrübəli, İslamı anlayan, bu yolu sevən və ona etiqad bəsləyən, qəlbi imanla dolu mömin qüvvələrə ehtiyac var idi. Məkkədən hicrət edənlər sevgi dolu xatirələrini, rahatlıqlarını, rifah və eyş-işrətlərini (Məkkədə) qoyub Mədinəyə gəldilər. Həqiqətdə, onlar öz payları qədərində belə bir cəmiyyətin təşkili üçün böyük addım atmışdılar, odur ki, onların bu addımı qiymətli və həlledici rol oynayırdı. İndi isə baxın, görün, bu ayələrdə nə buyurulur:

إِنَّ الَّذِينَ آمَنُواْ وَهَاجَرُواْ وَجَاهَدُواْ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللّهِ وَالَّذِينَ آوَواْ وَّنَصَرُواْ أُوْلَـئِكَ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ

“Həqiqətən, iman gətirənlər, hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər (mühacirlər) və (evlərindən didərgin düşmüş, evsiz-eşiksiz qalmış bu çarəsiz mühacirlərə) sığınacaq verib yardım edənlər (ənsar) – məhz onlar bir-birinin dostudurlar.Onlar bir cəbhənin üzvləri, hamılıqla bir qüvvə, bir divar və bir binanın kərpic və daşlarıdırlar.

مَثلُ المؤمنين فيما بينهم كَمَثل البُنيان يُمسك بَعضُه بعضاً، أو يشُدُّ بعضُه بعضاً

Möminlər öz aralarında bir binaya bənzəyirlər; onun bəzi hissələri (materialları) bəzi hissələrini qoruyur və möhkəmləndirir.[13]

Hər bir mömin binada bir-birinə yapışan hər bir kərpic kimidir; biri digərini tamamlamış və qoruyub-saxlamışdır. Üst-üstə hörülmüş bir kərpici min bir zəhmətlə divarın ortasından çıxardıqda, ətrafındakı ona yaxın kərpic də çıxıb tökülür, bir kərpic on kərpici, o on kərpic də öz payında bu bir ədəd kərpici qoruyub-saxlayırdı. بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍmöminlər bir-birinə bağlıdırlar.

Bu ayəyə diqqət yetirin:وَالَّذِينَ آمَنُواْ – İman gətirənlər (və qəlbən inananlar), lakin وَلَمْ يُهَاجِرُواْ – rahat və bağlı-bağatlı evlərindən ayrıla bilməyənlər hicrət etmədilər. (Hələ onların evləri bağlı-bağatlı da deyildi.) Hicrət etməyənlər də iman gətirmişdilər, lakin imanın öhdəliklərinə əməl etmirdilər. Onlar necə insanlardır?مَا لَكُم مِّن وَلاَيَتِهِم مِّن شَيْءٍ – Sizin heç bir şeydə onlarla bağlılığınız yoxdur, onlar sizdən deyildirlər, sizinlə onların arasında dostluq əlaqəsi qeyri-mümkündür. Haçana qədər? حَتَّى يُهَاجِرُواْ – Hicrət edənə, imanın öhdəliklərini yerinə yetirənə qədər. Dünyada da quru və boş imanın faydası yoxdur, İslam cəmiyyətində də təsirsizdir. Axirətə gəldikdə isə məsələ aydındır:مَا لَكُم مِّن وَلاَيَتِهِم مِّن شَيْءٍ حَتَّى يُهَاجِرُواْ – Onlar hicrət etməyincə, sizin heç bir şeydə onlarla bağlılığınız yoxdur.

Bundan bir ayə sonra isə belə buyurulur:

وَالَّذِينَ آمَنُواْ وَهَاجَرُواْ وَجَاهَدُواْ فِي سَبِيلِ اللّهِ وَالَّذِينَ آوَواْ وَّنَصَرُواْ أُولَـئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا

İman gətirib hicrət edənlər, Allah yolunda cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək edənlər (ənsar) – məhz onlar həqiqi möminlərdir![14]

Bunlardan qeyriləri kimlərdir? Yalançı möminlər. Ayədən anlaşılan budur!

 

Xülasə

Bazar günü – Ramazan ayının 5-ci günü

ARTAN VƏ ƏMƏLİ ÖHDƏLİKLƏRLƏ BİRGƏ OLAN İMAN

İman, yalnız tam bir fikri qəbul etməkdən ibarətdirmi?

İman həyatdakı roluna və əməllə nəticələndiyinə görə mötəbərdirmi?

Quran imanı həmişə əməllə birgə və məqsədə çatmaqda doğru yolu ötmək üçün stimul olaraq diqqət mərkəzində saxlamış və onlarla ayədə əməllə yanaşı olan imanın dünya və axirətdəki mükafatını vurğulamışdır. Quranın sözünə qulaq asaq və onun üzərində düşünək:

“Həcc” surəsinin son ayələri:

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ارْكَعُوا وَاسْجُدُواEy iman gətirənlər! (Allah dərgahında) rüku edin, səcdəyə düşün.

وَاعْبُدُوا رَبَّكُمْ وَافْعَلُوا الْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَRəbbinizə ibadət edin və yaxşı işlər görün ki, uğur qazanasınız!

وَجَاهِدُوا فِي اللَّهِ حَقَّ جِهَادِهِAllah yolunda layiqincə cihad edin.

هُوَ اجْتَبَاكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍO, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı.

مِّلَّةَ أَبِيكُمْ إِبْرَاهِيمَBu, atanız İbrahimin (metodu və) ayinidir.

هُوَ سَمَّاكُمُ الْمُسْلِمينَ مِن قَبْلُ وَفِي هَذَاO, bundan əvvəl də, indiki zamanda da sizi müsəlman adlandırdı ki,

لِيَكُونَ الرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُوا شُهَدَاء عَلَى النَّاسِPeyğəmbər sizə, siz də insanlara şahid (və nəzarətçi) olasınız.

فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَNamazı bərpa edin və zəkat verin.

وَاعْتَصِمُوا بِاللَّهِAllaha (Onun ayininə) sığının.

هُوَ مَوْلَاكُمْ فَنِعْمَ الْمَوْلَى وَنِعْمَ النَّصِيرُO, sizin rəhbəriniz (və haminiz)dir. O nə yaxşı rəhbər, necə də gözəl yardımçıdır!

Qələbə və müvəffəqiyyət, seçilmək, bəşəriyyətə rəhbərlik və nəzarət, nəhayət, Allahın himayəsi və yardımına şamil olmaq əməllə yanaşı və çalışqanlığa səbəb olan dini-məzhəbi imanın ən mühüm xüsusiyyətləridir.

Aşağıdakı ayə də imandan yaranan əmələrin digər bir qismini xatırladır:

إِنَّ الَّذِينَ آمَنُواْ وَهَاجَرُواْ وَجَاهَدُواْ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللّهِHəqiqətən, iman gətirənlər, hicrət edənlər (Allaha və İslam cəmiyyətinin təşkilinə görə ev-eşiklərindən əl çəkənlər), Allah yolunda malları və canları ilə cihad edənlər,

وَالَّذِينَ آوَواْ وَّنَصَرُواْ sığınacaq verən və yardım edənlər,

أُوْلَـئِكَ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍməhz onlar bir-birininə bağlıdır və bir cəbhədədirlər.

وَالَّذِينَ آمَنُواْ وَلَمْ يُهَاجِرُواْ مَا لَكُم مِّن وَلاَيَتِهِم مِّن شَيْءٍ حَتَّى يُهَاجِرُواْ – İman gətirib hicrət etməyənlər (Bir çox öhdəliklərdən ibarət olan İslam cəmiyyətinə üzv olmayanlar) isə, hicrət etməyincə, sizin heç bir şeydə onlarla bağlılığınız yoxdur.

“Ənfal” surəsi, 72-ci ayənin bir hissəsi



[1]. “Ali-İmran” surəsi, ayə 139.

[2]. Əbdülmüttəlibin oğlu Əbdülüzza; çöhrəsi qırmızı olduğundan Əbu Ləhəb ləqəbi ilə məşhurlaşmışdı. Peyğəmbər (s) insanları İslama dəvət etdiyi zaman o Həzrətlə müxalifətə qalxdı. Həmişə o Həzrətin arxasınca düşüb, onu yalançı adlandırırdı. Bədr döyüşündə (müşriklərin sırasında) iştirak edə bilməyən Əbu Ləhəb müşriklərin məğlubiyyətini eşitdikdən yeddi gün sonra ürəyi partlayıb öldü. Nəql olunur ki, yoluxucu xəstəliyə tutulduğu üçün, cənazəsi iki gün yerdə qaldı. Nəhayət, oğlanları onun cənazəsini Məkkədən uzaq bir yerə aparıb dəfn etdilər. “Məsəd” surəsi onun və zövcəsinin əbədi əzabına işarədir.

[3]. O, Qüreyşin (Bəni-Məxzum qəbiləsi) nüfuzlu və hörmətli şəxslərindən biri idi. Bilik və zirəkliyi dillər əzbərinə çevrilmişdi. Peyğəmbər (s) insanları İslama dəvət etdikdən sonra Qüreyş böyükləri Quran ayələrinə nə ad verəcəkləri barəsində sərgərdan qaldıqda, Vəlid Peyğəmbərin (s) hüzuruna getdi. Peyğəmbər (s) onun üçün “Səcdə” surəsinin ilk ayələrini tilavət etdikdə, Vəlid həmin ayələrdən təsirləndi. Qüreyşlilərin yanına qayıtdıqda, Əbu Cəhl onu təhrik etdi və o da Qüreyşə Quran ayələrinin yalnız sehr adlandıracağını bildirdi. “Müddəssir” surəsinin 11-30-cu ayələri bu macəraya işarədir. O, hicrətin əvvəllərində dünyadan getdi.

[4]. As oğlu Əmr ərəblər arasında zirək insan kimi tanınırdı. Əvvəllər Məkkədə İslamla müxalifətçilik, Peyğəmbəri-Əkrəmlə (s) düşmənçilik edirdi. Qüreyş öndərləri tərəfindən müsəlmanların Həbəşədən qaytarılması üçün yollanan heyətə başçı təyin edildi. Məkkə fəth edildikdən az sonra keçmiş borclarının bağışlanması şərtilə Peyğəmbəri-Əkrəmlə (s) beyət etdi. Ömərin xilafəti dönəmində Əmr ibn Asın sərkərdəliyi ilə Misir fəth olundu və Misirə hakim təyin edildi. Lakin Osman xilafətə gəldikdən sonra onu vəzifəsindən azad etdi. Əmirəlmöminin Əlinin (ə) xilafəti zamanı Müaviyəyə qoşuldu və onun hakimiyyətinin möhkəmlənməsində rolu böyük oldu. Əmr ibn As yenidən Misirə qayıtdı və Məhəmməd ibn Əbu Bəkri qətlə yetirib Misirə hakim oldu və ömrünün sonuna qədər (43-cü hicri-qəməri ili) orada qaldı.

[5]. Əmr Asın Müaviyə üçün oxuduğu “Cülcüliyyə“ adlı qəsidəsi. Əllamə Əmini bu qəsidəni dəyərli “Əl-Qədir“ əsərində qeyd etmişdir:

وأينالحصا مننجوم السما

وأينمعاوية من علي

“Dəniz (sahil) kənarındakıqumlar hara, səmanın ulduzları hara? Müaviyə hara, Əli hara?”

[6]. “Tarixi-Yəqubi” / Əbu Süfyan oğlu Müaviyənin dövrü / Əmr Asın Misirdə hakimiyyəti.

[7]. “Ənam” surəsi, ayə 82.

[8]. “Mənaqibi-ali Əbitalib”, “Əbu Muhəmməd Əli ibn Hüseynin imaməti” bölməsi, “Onun zahidliyi” fəsli.

[9]. “Nur” surəsi, ayə 47.

[10]. “Həcc” surəsi, ayə 77.

[11]. “Bəqərə” surəsi, ayə 61.

[12]. “Bəqərə” surəsi, ayə 128.

[13]. “Əvaliul-ləali”, 1-ci bölüm, hədis 107.

[14]. “Ənfal” surəsi, ayə 74.

 

Google+ WhatsApp ok.ru