Bakı əhalisi ən çox ərzaq və yanacağa pul xərcləyir

Bakı əhalisi ən çox ərzaq və yanacağa pul xərcləyir

-- qiymətlər 2,2% artıb

2017-ci ilin yanvar-noyabr aylarında paytaxt əhalisinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 21 mlrd. 964,1 mln. manat olmaqla 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,2% artıb.
 
Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,6%-ini qeyri-dövlət sektoru təşkil edib, bu bölmə  üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin yanvar-noyabr aylarının səviyyəsini 1,7% üstələyərək 21 mlrd. 1,3 mln. manat olub.
 
2017-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərinin pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,9% artaraq 16,601 mlrd. manat olub. Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi 2016-cı ilin yanvar-noyabr aylarının səviyyəsini 2,9% üstələyərək 16 mlrd. 596,7 mln. manat təşkil edib.
 
İlin əvvəlindən  paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə cəmi məhsulların alınmasına 92,5 manat daha çox vəsait xərcləyib.
 
Cari ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,5% artaraq 7 mlrd. 539,6 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,6% artaraq 9 mlrd. 61,4 mln. manata bərabər olub. Dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə 0,8% artaraq 45,4% təşkil edib.
 
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,4%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,5%-i toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,9%-i elektrik malları və mebelin, 2,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,2%-i əczaçılıq və tibbi malların, 6,9%-i avtomobil yanacağının, 25%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
 
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 40,1 mln. manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,6 dəfə çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak  məhsullarının 98%-i hüquqi şəxslərdən, 2%-i isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.(faktxeber)
 

Google+ WhatsApp ok.ru