''Bakı Atatürk Liseyi''nin azərbaycanlı müəllimləri işdən səbəbsiz azad edildiklərini bildiriblər

''Bakı Atatürk Liseyi''nin azərbaycanlı müəllimləri işdən səbəbsiz azad edildiklərini bildiriblər

-- ''Yerimizə əcnəbi və vətəndaşlığı olmayan şəxslər gətirilir''

“Bakı Atatürk Liseyi”nin azərbaycanlı müəllimləri işdən azad edilir.
 
Maide.Az bildirir ki, bu barədə Meydan TV-yə həmin müəllimlər özləri məlumat verib.
 
Onlar hər birinin azı 5-20 il iş təcrübəsi olduğunu, uzun illərdir işləməklərinə baxmayaraq, bu il səbəbsiz işdən azad edildiklərini söyləyirlər:
 
“Çalışdığımız dövrdə dərs dediyimiz məzunlar qəbul imtahanlarında yüksək nəticə göstərərək ölkəmizin və xarici dövlətlərin ali təhsil məktəblərinə qəbul olublar. Müəllimlərdən ikisi elmlər namizədidir. 10 müəllim Türkiyə universitetində təhsil alıb, ixtisasartırma kurslarını keçmişik. Dəfələrlə diplom və mükafatlarla təltif edilmişik. Təhsil Nazirliyinin keçirdiyi diaqnostik qiymətləndirmədə yüksək bal toplamışıq. Bütün bunlara baxmayaraq, işdən azad edilmişik”.
 
Öncədən xəbərdarlıq edilmədən işdən azad edildik
 
Müəllimlər problemləri ilə bağlı prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya, təhsil naziri Ceyhun Bayramova, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, Ombudsman Aparatının rəhbəri Elmira Süleymanovaya, Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin rəhbəri Hicran Hüseynovaya, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynova, vergilər naziri Mikayıl Cabbarova, iqtisadiyyat naziri Şahin Mustafayevə, Dövlət Əmək Müfəttiliyi Xidmətinin rəisi Elman Cəfərova müraciət ünvanlayıblar.
 
Öncədən xəbərdarlıq edilmədən işdən azad edildikləri üçün çarəsiz qaldıqlarını söyləyirlər:
 
“Builki tədris mövsümünün sonunda əvvəlcədən xəbərdarlıq edilmədən (Əmək Məcəlləsinin 71, 77, 78, 79 , 143 və digər müvafiq maddələrinin tələblərini pozaraq) liseyin rəhbərliyi hansı zəruri halı əsas götürərək bizi işdən azad ediblər? 15 gün sonra təsadüf nəticəsində Əmək Məcəlləsinin 77- ci maddəsinin B bəndi ilə Elektron portalda əmək müqaviləsinə xitam verildiyini bilmişik. Bizim istifadə etmədiyimiz məzuniyyət hüququmuz da qalıb (ƏM maddə 143.1)”.
 
Müəllimlər işəgötürən tərəfindən heç bir səbəb olmadan pozulmuş əmək hüquqlarının bərpası edilməsini, buna görə lisey rəhbərliyinin cəzalandırılmasını istəyirlər.
 
Qanunla Əmək Məcəlləsinin 70- ci maddəsinin B bəndi ilə işçilərin əmək müqaviləsinə xitam verilərkən 2 ay əvvəlcədən onlara xəbərdarlıq edilməlidir. Bundan əlavə, məzuniyyət hüququndan istifadə etmədən müddətsiz əmək müqaviləsi ilə işləyən əməkdaşların xəbəri olmadan əmək müqaviləsinə xitam verilməsi (ƏM 70-ci maddənin B bəndi) yolverilməzdir.
 
Müəllimlər bildirirlər ki, ixtisar edilən işçilər arasında öhdəsində 2 azyaşlı uşağı olan, yeganə qazanc yeri, məcburi köçkün və digər imtiyazlı şəxslər də var:
 
“Biz çoxillik iş təcrübəmiz olmasına baxmayaraq, işdən azad edilirik. Yerimizə əcnəbi və vətəndaşlığı olmayan şəxslər gətirilir. Bu, nə dərəcədə doğrudur? Dövlət Miqrasiya Xidmətinin liseydə çalışan əcnəbi müəllimlərin Azərbaycanda iş icazəsinin olub-olmama halları və onlara əmək haqqının necə veriləcəyi (rəsmi və ya qeyri rəsmi ) də məlum deyil. 2002-2012-ci illərdə müəllimlərlə əmək müqaviləsi bağlamadan işləyirdilər. Beləliklə də vergi və sosial ödənişlərdən yayınma halları olurdu. Həmin dövrlərə görə bizə məzuniyyət və boş aylara görə əmək haqqı da verilmədi”.
 
Bəhanə kimi valideynləri göstərirlər
 
Müəllimlər deyirlər ki, azərbaycanlı işçilərin işdən çıxarılmasına bəhanə kimi valideynləri göstərirlər. Onların sözlərinə görə, müdiriyyət bildirib ki, valideynlər müəllimlərin işindən şikayətçidirlər:
 
“Amma hansı valideyn şikayət edib, niyə 10-15 il çalışan müəllimlər bəsit səbəblə işdən çıxarılır, onu deyən yoxdur. Bu müəllimlər Təhsil Nazirliyinin təşkil etdiyi diaqnostik qiymətləndirmədə yüksək bal yığıblar. Bəzi müəllimlərə deyiblər ki, müxalifətyönlüsən, bəzilərinə isə Heydər Əliyevçi damğası vurulub. Məktəbin direktor yardımçısı Eylem Gültekin hətta müəllimlərin işdən çıxarılmasına etiraz edən valideynləri təhqir edib, şəhid ailələrini müşahidə kamerasının altında ələ salıb. Deyib ki, Qarabağ qaziləri və şəhid ailələri yengəlik eləməsin. Əri olan evində otursun, başını belə işlərlə məşğul etməsin. Azərbaycanlı şəhid və qazilərin onun üçün heç nə ifadə etmədiyini söyləyib. Sonra etirazçıları təxribata cəlb edib. Məsələ burasındadır ki, Eylem Atatürk Liseyinin daxil olduğu Türk Dünyası Araşdırma vəqfinin liseydəki mühasibi rolunu oynayır. Deyir ki, Təhsil Nazirliyində himayədarları var, pulla işlərini görə bilirlər”.
 
Meydan TV məsələyə münasibət öyrənmək üçün Atatürk Liseyi ilə əlaqə saxlayıb. Məktəbin direktor köməkçisi Eylem Gültekin bildirib ki, hər hansı bir işdən çıxarılma yoxdur.
 
“Bildiyim qədərilə sadəcə onların müqavilələrinin yenilənməsi prosesi gedir. Həmin o məsələnin də nə yerdə olduğu, hazırda işlərin necə cərəyan etdiyindən xəbərim yoxdur. Hazırda işdə deyiləm”.
 

Google+ WhatsApp ok.ru