Bakıda “İslam həmrəyliyi və Qarabağ” mövzusunda elmi-praktiki konfrans keçirilib -FOTO/VIDEO

Bakıda “İslam həmrəyliyi və Qarabağ” mövzusunda elmi-praktiki konfrans keçirilib -FOTO/VIDEO

Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “İslam həmrəyliyi və Qarabağ” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Maide.Az "Faktxeber"ə istinadən xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı müsəlman ölkələrin mövqelərinin bir daha nümayiş etdirilməsi və ictimailəşdirilməsi, o cümlədən praktiki addımların atılmasını diqqətə çatdırmaq olub. 
 

Konfransın əvvəlində  QAT-ın hazırladığı Dağlıq Qarabağ münaqişəsinə dair ingilis dilində “Yaddaş” sənədli filmi nümayiş etdirilib. Tədbirə İndoneziya, Malayzia, İran, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Pakistan və digər ölkələrin səfiklərindən rəsmilər, deputatlar Elman Nəsirov, Vahid Əhmədov, həmçinin İlahiyyatçı-filosof İlqar İbrahimoğlu, siyasi analitik Elxan Şahinoğlu və digər QHT rəsmiləri, o cümlədən media nümayəndələri qatılıb. 

Konfransa çıxış sözü ilə başlayan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirdi ki, müsəlman ölkələr işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir: “Təəssüf doğuran haldır ki, aparılan danışıqlar heç bir nəticə vermədi. Bunun da bir sıra səbəbləri var. Məruzələrimizdə bunu izah etməyə çalışmışıq. Amma hesab edirik ki, İslam dünyasının aparıcı dövlətləri Qarabağ məsələsini Azərbaycana real, konkret dəstək verərsə o, öz nəticəsini göstərəcək. Nümunə üçün deyə bilərəm ki, İraqda son dövrlərdə  baş verənlər ürəyimizdən olan hadisədir. İslam dünyasının aparıcı ölkələri rəsmi Bağdada dəstək verdiyinə görə, ölkənin şimalında xarici qüvvələrin yaratmaq istədikləri münaqişə ocağı, vaxtında söndürüldü. Bu, müsbət bir hadisədir. Təbii ki, bu İraq hökumətinin iradəsi ilə, İraqın ərazi bütövlüyü çərçivəsində öz həllini tapdı. Amma İslam ölkələrnin dəstəyi ilə aparıcı rol oynadı. Biz belə bir dəstəyi Qarabağ məsələsi ilə də bağlı gözləyirik. Azərbaycanı  İran, Türkmənistan, Özbəkistan və hətta Türkiyə kimi müsəlman ölkələri ilə düşmən eləmək cəhdləri çox olub, lakin bu proseslərdən Azərbaycan uğurla çıxıb: rəhbərliyin uğurlu siyasəti nəticəsində bütün İslam ölkələri ilə xoş, yaxın münasibətlər saxlanılıb. Bilməliyik ki, İslam dünyasının daxilindəki vəhdətə mane olmaq istəyənlər var. Parçalama, ixtilaf yaratmaq istəyən qüvvələr var. Biz burda heç bir dövlətə nə ağıl, nə siyasət öyrətmək fikrində deyilik. Lakin müsəlman ölkələri çalışmalıdır ki, hətta ciddi səbəb olsa belə aralarında ixtilaf salınmasına izn verməsinlər. Bundan əlavə müsəlman ölkələr işğalçı Ermənistana qarşı sanksiya da tətbiq etməlidir.”

Məqsədimiz bundan ibarətdir. Bu gün istəyirik ki, burda İslam həmrəyliyi ilə bağlı fikirlər səsləndirilsin, İslam ölkələrinin Qarabağ məsələsində mövqeyi bir daha ictimailəşsin, gündəmə gəlsin, Azərbaycan cəmiyyətinə çatdırılsın. Əsas arzumuz ondan ibarətdir ki, İslam həmrəyliyi, ümmət təəssübkeşliyi tədricən konkret addımlara keçsin”.

Daha sonra tədbirdə söz alan Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin sədri, ilahiyyatçı - filosof Hacı İlqar İbrahimoğlu “Qüds və Qarabağdan keçən həmrəylik” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, Qarabağın azadlığı İslam ölkələrinin həmrəyliyindən birbaşa asılıdır.

Daha sonra tədbirdə çıxış edən deputat Elman Nəsirov müsəlman ölkələrin Azərbaycandakı səfirliklərinin rəsmilərini Ermənistana qarşı təzyiq göstərməyə çağırdı: “BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Amma İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qəbul etdiyi haqlı və ədalətli qətnamələrin sayını itirmişəm. Təşəkkür edirik buna görə təşkilata, heç bir təşkilat münaqişə ilə bağlı bu qədər qətnamə qəbul etməyib. Lakin heç bir dəfə düşünmüsünüz ki, sizin qəbul etdiyiniz qətnamələrə Ermənistan məhəl qoymur və onu ayaq altına alıb tapdalayır. Bizi narahat edən budur ki, nə üçün bu qətnamələrin icraası yoxdur. Niyə BMT-nin qətnamələri dərhal icra edilir, lakin bizim vəziyyətdə 24 ildir buna baxan yoxdur. Yaxşı onlar xristian ölkələrdir, onu başa düşdük. Bəz müsəlman ölkələr niyə qəbul etdiyi qətnamələrin taleyini düşünmürlər”.
 
Daha sonra konfransda millət vəkilləri Elman Nəsirov, Vahid Əhmədov, eləcə də İran, İndoneziya, Malaziya, Türkiyə və digər müsəlman ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələri çıxış edərək, Dağlıq Qarabağ münaqişəsinin həlli prioritetlərindən söz açıblar. Münaqişənin həllində İslam ölkələrinin oynadığı roldan danışıblar.
 
Qeyd edək ki, konfransın materiallarının Azərbaycan və İngilis dillərində kitab şəklində çapdan çıxarılması nəzərdə tutulur.
 

Google+ WhatsApp ok.ru