Bakıda adambaşına düşən yaşıllıq yarıbayrı azalıb

Bakıda adambaşına düşən yaşıllıq yarıbayrı azalıb

Bir neçə gün bundan qabaq  Bakının Yasamal rayonunda, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının qarşısında, Şərifzadə küçəsi 130A ünvanında şam ağaclarının dibinə kimyəvi maddə tökərək, bu yolla yaşıllığı məhv etməyə çalışıblar. Yəqin ki, kimlərinsə məqsədi həmin ərazini ələ keçirmək, satın almaq, hansısa obyekt tikməkdir. 
 
Bakıda yaşıllıqlara qarşı bu cür iyrənc üsullar yeni deyil. Paytaxtda “yaşıl soyqırımı” davamlı olaraq həyata keçirilməkdədir. Sadəcə, bəzi məmurlar bunu görməzlikdən gəlirlər... Uzağa getməyək, son iki ildə hamının gözünün qabağında - “Neftçilər” metrostansiyasından “8-ci kilometr bazarı”na doğru  gedən yolun sağ və solunda ağaclara necə divan tutuldu, yerində hansı ticarət obyektləri tikilmədi...
 
Bakıda yaşıllıq zolağının ərazisi ildən-ilə azalır. Normalda adambaşına düşən yaşıllıq nə qədər olmalıdır?
 
Maide.Az Modern.az -a istinadən xəbər verir ki, Ekoloq Telman Zeynalov bildirib ki, paytaxtda adambaşına düşən yaşıllıq yarıbayrı azalıb.
 
 
“Əslində, adambaşına düşən yaşıllıq minimum 25 kvadrat metrdir.  Çünki bununla bağlı  Birləşmiş Millətlər Təşkilatının sənədlərinə imza atılıb. Yaşıllığın bu qədər olması ratifikasiya edilib. Amma ay yarım bundan qabaq tamam fərqli mənzərəyə şahidlik etdik. Nazirlər Kabineti adambaşına düşən yaşıllıqla bağlı qərar çıxarıb. Qərara əsasən adambaşına düşən yaşıllığın 5 kvadrat metr olması müəyyənləşdirilib. Amma bunu nəyə əsaslandırıblar, bilmirəm. Axı bu necə qərardır?! Dərs dediyim tələbələrə dəfələrlə yaşıllıqların məhv edilməsinə qarşı təbliğat aparmışam. Yaşıllıqların məhv edilməsinə son qoyulmalıdır. Təbiətə vəhşi münasibət sərgiləmək olmaz. O ki yaşıllıqları məhv edənlər var ha, elə onların özünü də millətin gözü qarşısında o cür məhv etmək lazımdır. Qoy digərlərinə də dərs olsun”.
 
Telman Zeynalov yaşıllıqların məhv edilməsindən danışarkən, bölgələrdən paytaxta axın edən insanlara da toxunub:
 
“Meqapolis böyüyür. Hazırda Azərbaycan əhalisinin 50%-dən çoxu paytaxtda yaşayır. Axı niyə bu qədər tikili aparıb paytaxtı genişləndirirlər ki, rayonlardan da insan axını çox güclü olur?! Daha yaxşı olardı ki, kənd təsərrüfatı kimi sahələri inkişaf etdirsinlər. Bu zaman regionlarda həmin  sahələri inkişaf etdirməklə işçi qüvvəsi də çox olar. İnsanlar bölgələrdən iş dalınca paytaxta üz tutmazlar. Paytaxt böyüdükcə, yaşıllıqlar məhv olur. Yaşıllıqlar məhv edildikcə, xəstəliklər və insanlar arasında ölüm riski də yüksəlir”.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentidən verilən məlumatda isə son 6 ay ərzində məhv edilən ərazilərin statisitkası təqdim olunub:
 
“2018-ci ilin 6 ayı ərzində ölkə ərazisində ağac və kolların qanunsuz kəsilməsi, zədələnməsi ilə əlaqədar ümumilikdə 415 fakt aşkar edilib, 889 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 50 müddətli "məcburi göstəriş” verilib”.

Google+ WhatsApp ok.ru