Bakıda avtobus qatarla toqquşdu - 1 ölü, yaralı sayı 34 oldu-FOTO/VİDEO -YENİLƏNİB

Bakıda avtobus qatarla toqquşdu - 1 ölü, yaralı sayı 34 oldu-FOTO/VİDEO -YENİLƏNİB

-- avtobusda olan sərnişinlərin əksəriyyəti məktəbli olub

Səhiyyə Nazirliyinin məlumatına görə, yaralı sayı 34-ə yüksəlib. Onlardan 27-si təcili tibbi yardım maşınları ilə, 7-si isə özü xəstəxanaya müraciət edib.

Yaralılardan 3-ü 1 Saylı Şəhər Kliniki Xəstəxanasına, 2-si Travmotologiya İnstitutuna, qalanları isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

Əksəriyyətinin vəziyyəti ağırdır. 

 
***
Xəbər verdiyimiz kimi, birneçə saat əvvəl Binə qəsəbəsində sərnişin avtobusu qatarla toqquşub. 
 
"Qafqazinfo"nun əməkdaşları hazırda hadisə yerindədir. 
 
Azərbaycan Dəmir Yolları QSC-nin sədr müavini Əlirza Süleymanov jurnalistlərə açıqlamasında bildirib ki, avtobus qatarın qarşısına çıxıb: “İcazə verilən sürət həddi 40 km/saat olsa da, qatar 30 km/saat sürətlə gəlib. Qatar avtobusla toqquşduqdan sonra relsdən çıxaraq 90 dərəcə sağa dönüb və məntəqəyə çırpılıb. Qəza nəticəsində quruma dəyən ziyan hesablanacaq”.
 
Sədr müavini, həmçinin qeyd edib ki, avtobusda olan sərnişinlərin əksəriyyəti məktəbli olub.
 
Qəzada həlak olan azyaşlının da məktəbli olduğu bildirilib: "12-13 yaşında uşaq xəstəxanaya aparılarkən yolda keçinib".
 
***
Binə qəsəbəsində qatarın avtobusla toqquşması nəticəsində xəsarət alanların sayı dəqiqləşdirilir.
 
«Turan» agentliyinin xəbərinə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəzada azı 27 nəfər xəsarət alıb. Yaralananlardan beş nəfəri azyaşlı uşaqdır.
 
Qəzada vəfat edənin isə 13 yaşlı məktəbli olduğu qeyd edilir.
 
Qeyd edək ki, bu gün, oktyabrın 1-də Bakıda sərnişin avtobusu ilə qatar toqquşub.
 
Yayılan məlumatlara görə, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.
 
Xəbərdə habelə bildirilir ki, toqquşma nəticəsində xəsarət alan 8 nəfər 3 Saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb.
 
Qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi də məlumat yayıb.
 
Həmin məlumatda vurğulanır ki, 160 nömrəli marşrut xətti üzrə hərəkət edən 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub.
 
 

Google+ WhatsApp ok.ru