Bakıda binaların üstündəki su çənləri yığışdırılır - SƏBƏB

Bakıda binaların üstündəki su çənləri yığışdırılır - SƏBƏB

Paytaxtın Nizami rayonu ərazisindəki yaşayış binalarının damında sakinlərə məxsus su çənləri yığışdırılır.
 
Maide.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Nizami Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri Ramsin Abdullayev deyib.
 
Birlik sədri bildirib ki, su çənlərinin götürülməsi həmin binalarda yeni, müasir liftlərin quraşdırılması və dam örtüklərinin dəyişdirilməsi ilə əlaqədardır:
 
"Bizim balansımızda 114 yaşayış binası var. Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə 9 mərtəbəli yaşayış binalarının istifadə müddətini başa vuran liftləri yenisi ilə əvəzlənir, 5 mərtəbəli yaşayış binalarının isə dam örtükləri təzələnir. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Nizami rayonu üzrə ümumilikdə 146 liftin dəyişdirilməsi planlaşdırılıb ki, onlardan 114-ü bizim Birliyin balansındakı binalarda quraşdırılacaq".
 
R.Abdullayev bildirib ki, binaların damındakı su çənlərinin əksəriyyəti lift şaxtalarının üzərində yerləşdirilib:
 
"Rayon ərazisində bütün binalara 24 saat içməli su verilir. Ona görə də su çənlərinə ehtiyac yoxdur. Bu çənlər istifadəsiz qaldığından yararsız vəziyyətə düşür və nəticədə su liftlərin mühərrik yerinə, qapılarına tökülür. Bu da həmin liftlərin tez sıradan çıxmasına səbəb olur".
 
Birlik sədri qeyd edib ki, binalarda liftlərin və dam örtüklərinin il ərzində dəyişdirilməsi nəzərdə tutulur.
 

Google+ WhatsApp ok.ru