Bakıda cibgirliklə məşğul olan dəstə zərərsizləşdirilib

Bakı şəhər Baş Polis İdarəsindən lent.az-a verilən məlumata görə, DİN NHİX, TŞX, Bakı şəhər BPİ TŞX və CAİ-nin birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cibgirlikdə şübhəli olanlar - Esmira Səfərova, Fərid Şərifzadə, əvvəllər məhkum olunmuşlar Rəhilə İsmayılova, Rauf Əliyev və Elçin Xankişiyev Səbail rayonu Zəraifə Əliyeva küçəsində saxlanılıblar.
 
Yaxalanan şəxslərin üzərilərinə baxış keçirilərkən E.Xankişiyevdən 3,75 qram, R.Əliyevdən isə 3,93 qram həşiş qətranı aşkar olunaraq götürülüb. Araşdırmalar zamanı məlum olub ki, onlar sentyabrın 24-də 11 saylı xətt avtobusunda Bakı şəhər sakini Gülüzə Abışovanın içərisində 40 manat və 6 ədəd bankomat kartı olan pul kisəsini əl çantasından oğurlayıblar.
 
Qeyd edək ki, yaxalananlar arasında olan 60 Rəhilə İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməllərində şübhəli bilinir. O, “oğru” aləmində “Qara Rəhilə” kimi tanınır. R.İsmayılova əvvəllər də cibgirlik etdiyinə və narkotik maddə saxladığına görə 10 dəfədən artıq məhkumluq həyatı yaşayıb.
 
R.İsmayılovanın və onunla birgə yaxalanmış şəxslərin əməlindən ziyan çəkənlərin sayının xeyli çox olduğu bildirilir. Araşdırmalar davam etdirilir.

Google+ WhatsApp ok.ru