Bakıda havanın tozlu olmasının səbəbləri – nazirlik tikinti şirkətlərini də SUÇLADI

Bakıda havanın tozlu olmasının səbəbləri – nazirlik tikinti şirkətlərini də SUÇLADI

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli “qaynar xətti”nə tozlu-dumanlı hava ilə bağlı müraciətlər olur. Bu mövzuda ayrı-ayrı insanlar öz fərziyyələrini səsləndirirlər”.
 
Maide.Az "Modern.az"a istinadla  xəbər verir ki, bunu nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.
 
O bildirib ki, tozlu-dumanlı hava şəraitinin səbəbi Abşeronun yarımsəhra landşaft şəraiti, torpaq-bitki örtüyü və arid, quraq iqlim şəraitidir:
 
"Bir neçə səbəb mövcuddur. Bu, həm regionda, yəni qonşu ölkələrdə olan meteoroloji-sinoptik şəraitlə bağlı ola bilər, həm də yerli, lokal xarakter daşıya bilər. Təbii proseslər zamanı ölkə ərazisinə səhralardan hava axınları ilə tozun daxil olması müşahidə edilir. Bu proseslər adətən quraq keçən ilin isti dövrü üçün səciyyəvidir. Orta Asiyada, Türkmənistanda, İranda, İraqda, Suriyada güclü toz burulğanları müşahidə olunduqda toz-duman orta troposferdə davamlı olaraq şərq, cənub-şərq və cənub axınları ilə Azərbaycana daxil olur. Burada söhbət yer səthində müşahidə olunan küləyin istiqaməti və sürətindən getmir, orta troposferdə hava axınlarının istiqaməti və sürəti yer səthində olan küləklərin istiqamətindən fərqli ola bilər.
 
Mütəxəssislərimiz bu prosesləri vizuallaşan peyk sistemi vasitəsi ilə izləyərək səbəbləri açıqlayırlar”-deyə U.Tağıyeva bildirib.
 
Onun sözlərinə görə, Azərbaycanda ən çox belə hal Abşeron yarımadasında qeyd olunur.
 
“Maraqlı bir fakt ondan ibarətdir ki, görünüşün pisləşməsi birinci açıq dənizdə yerləşən Neft Daşları hidrometeoroloji stansiyamızda, sonra isə quruda yerləşən stansiyalarda qeydə alınır. Təbii toz-duman proseslərindən fərqli olaraq antropogen səbəblərdən yaranan hadisələrin əhatəsi daha lokal olur, yerli xarakter daşıyır. Çirklənmə mənbəyinə yaxın olan ərazilərdə tozların təsir dairəsi daha çox olur. Hazırda yerli toz-duman hadisələri insan fəaliyyəti nəticəsində həm tikinti, həm də daş karxanalarının fəaliyyətləri zamanı ekoloji və tikinti qaydaların pozulması nəticəsində baş verir”.

Google+ WhatsApp ok.ru