Bakıda keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgisində «Paramount Group»un «Mbombe» təkərli zirehli döyüş maşını sərgilənəcək

Cənubi Afrika Respublikasının (CAR) «Paramount Group» şirkəti sentyabr ayında Bakıda keçiriləcək ADEX-2014 birinci beynəlxalq müdafiə sənayesi sərgisində özünün «Mbombe» təkərli zirehli döyüş maşınını sərgiləcəyək.
 
Bu barədə APA-ya «Paramount Group» şirkətindən məlumat verilib.
 
«Mbombe» döyüş maşını üzərində silah sərgilənəcək. Maşın daxildən idarə olunan insansız qüllə ilə silahlandırılıb.
 
Bundan əvvəl, may ayında adıçəkilən maşın Qazaxıstanda KADEX-2014 müdafiə sərgisində nümayiş etdirilib. 
 
Sürücü və komandir daxil olmaqla 11 nəfərlik heyətə malik «Mbombe»nin çəkisi 16 ton, döyüş çəkisi isə 24 ton təşkil edir. Maşının sürəti 100 km/saat, birbaşa hərəkət uzaqlığı 700 km-dir. Döyüş maşını mina, güllə və yanlarda partlayışlara qarşı yüksək qorumaya malikdir.
 
Azərbaycan tərəfi bu maşının da birgə istehsalında maraqlı olduğunu ifadə edib. Hazırda Qazaxıstanda «Mbombe»nin bu ölkədə istehsalı müəssisəsi qurulur. Qazaxıstanda «Mbombe» «Bars» adı ilə istehsal ediləcək.
 
ADEX-2014 sərgisində Azərbaycan müdafiə sənayesi müəssisələrinin stendində «Paramount Group» ilə müştərək istehsal edilən «Marauder və «Matador» maşınları da yer alacaq. MSN və «Paramount Group» arasında imzalanmış müqavilə çərçivəsində Bakıda ümumilikdə 90 ədəd minaya qarşı qorumalı nəqliyyat vasitəsinin istehsalı həyata keçiriləcək. Layihə 2015-ci ildə yekunlaşacaq.

Google+ WhatsApp ok.ru