Bakıdakı məşhur yaşayış kompleksində qalmaqal

Yeni Bakı Yaşayış Kompleksində bayram günü sakinlərə verilən elektrik enerjisi dayandırılıb. Kompleksi idarə edən şirkət hadisənin səbəblərini bilmədiyini desə də, “Azərişıq” işıqların borc səbəbindən kəsildiyini bildirir.
 
Bir çoxlarımızın televiziya reklamlarından tanıdığımız məşhur Yeni Bakı Yaşayış Kompleksində problemlər bitmək bilmir. “İlin dörd fəsli” şirkətinə məxsus kompleksdə yaşayan sakinlər artıq neçənci dəfədir ki, redaksiyamıza şikayət məktubları ünvanlayırlar.
 
Redaksiyaya bu gün daxil olan, sakin Fuad Həsənova məxsus şikayət ərizəsində isə bildirilir ki, əhalidən yığılan və “Azərişıq”a ödənilməli olan elektrik enerji ödənişləri şirkət tərəfindən mənimsənilib: “Borcun “Azərişıq”a ödənilməməsi səbəbindən, qəsəbə sakinləri bayram günü işıqsız qalıblar”.
 
Məsələni dəqiqləşdirmək üçün öncə “İlin dörd fəsli” şirkəti ilə əlaqə saxladıq. Şirkətdən işıqların səhərdən etibarən söndüyünü təsdiqləsələr də, bunun borca görə olmadığını, səbəbini özlərinin də bilmədiklərini dedilər: “Biz özümüz də hazırda olub-bitənlərdən xəbərsizik. Ancaq sizi əmin edirəm ki, işıqların söndürülməsi borca görə deyil”.
 
“Azərişıq” ASC-dən isə “İlin dörd fəsli” MTK-sının iddiasını yalanladılar. ASC-dən bizə verilən açıqlamada, qəsəbənin işıqlarının məhz borca görə söndürüldüyü bildirildi: “Yeni Bakı Yaşayış Kompleksinin işıqları borc ödənilmədiyi üçün tərəfimizdən söndürülüb”.
 
Kompleks sakinləri arasında keçirdiyimiz sorğudan bəlli olub ki, problemlər tək bununla bitmir. Əhalidən yığılan ev pulları yüksək olduğundan sakinlər həmin məbləğləri ödəməkdə çətinlik çəkirlər.
 
“Bizdən 50 metr aralıda digər komplekslər də var. Onlarda hər kvadrata görə 20 qəpik yığıldığı halda, bizdən 40 qəpik alırlar. Heç şəhərin mərkəzində də belə qiymətlər yoxdur. Buradakı problemlərdən artıq cana doymuşuq” —deyə kompleks sakinləri bildirdilər.(sputnik.az)

Google+ WhatsApp ok.ru