Bakıda maaşını ala bilməyən işçilərin etiraz yürüşü - FOTO - ƏLAVƏ OLUNUB

(İkinci abzasdan sonra əlavə olunub)
 Paytaxtda “Azərinşaatservis” MMC-nin işçiləri etiraz aksiyası keçirirlər.
 
İşlədikləri halda 5 aydır əmək haqqı almayan şirkət əməkdaşları artıq buna qarşı öz etirazlarını bildirmək qərarına gəliblər. 200 nəfərə yaxın işçi Dərnəgül istiqamətindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə doğru etiraz yürüşü edirlər.
 
Nazirlikdən işçilərə bildirilib ki, onları gələn həftənin ikinci günü – noyabrın 3-də nazir Səlim Müslümov qəbul edəcək. Bu barədə nazirlikdən narazı işçilərə noyabrın 2-də məlumat veriləcək və onlar nazirlə görüşə çağırılacaqlar.
 
Ancaq 5 aydır ki, maaş ala bilməyən işçilər bu vədlə razılaşmayıblar. Və onlar Prezident Administrasiyasına doğru hərəkət etməyə çalışıblar.
 
Əraziyə göndərilən polis əməkdaşları narazı fəhlələrin ümuni kolon şəklində hərəkət etmələrinə icazə verməyiblər. Fəhlələrin qarşısı Yasama Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən kəsilib. Onlardan 3 nəfəri PPX maşını ilə Polis İdarəsinə aparılıblar. Polis İdarəsinə götürülən 3 nəfərin idarə rəisinin qəbuluna aparıldığı və onların problemlərinin dinləniləcəyi bildirilib.
 
Polis əməkdaşları digər aksiyaçıların dağılmasını tələb ediblər və heç kimə aksiya üçün icazə verilməyəcəyini bildiriblər. /
 

(xeberle.com).

Google+ WhatsApp ok.ru