Bakıda İmam Hüseyn(ə) şəhadətinin 40-cı günü münasibətilə mərasim keçirilib

Bu gün AİP Qadınlar Şurasının təşəbbüsü ilə Bakının Badamdar qəsəbəsindəki “Mövlana” hüseyniyyəsində  İmam Hüseyn(ə) şəhadətinin 40-cı günü münasibətilə “Ərbəin” mərasimi keçirilib.
 
 İslaminsesi.org-un verdiyi xəbərə görə, matəm mərasimində Bakı və ətraf qəsəbələrdən gəlmiş mömin xanımlar iştirak edib. Məclis Qurani-Kərimin tilavəti ilə başlayıb.
 
 AİP qadınlar şurasının sədri Növrəstə İbrahimova İslam tarixində İmam Hüseynin(ə) Kərbəla hadisəsinin müsəlmanlara bir mübarizlik məktəbi və zülmün qarşısında necə müqavimət göstərmək nümunəsi olduğunu söyləyib.
 
AİP qadınlar şurası sədr müavini Fatimə Səlimova matəm münasibətilə bütün müsəlmanlara başsağlığı verdi, xanımlara cəmiyyətimizdə dindar kəsimə qarşı təzyiqlərin qarşısında dayanmaq üçün Kərbəla hadisəsindən örnək götürmələrini  tövsiyə etdi.
 
“Rüqəyya” qadınlar cəmiyyətinin üzvü Əsli Hacıyeva İmam (ə) hərəkatında qadınların rolunu xüsusi qeyd etdi və bütün inanclı xanımları hicab qadağasına qarşı mübarizədə fəal olmağa və birləşməyə səslədi.
 
 “Xanım Rüqəyyanın Yezidin sarayında faciəli şəhadəti” adlı səhnələşdirilmiş tamaşanın göstərilməsi  bütün mərasim iştirakçılarını dərindən duyğulandırdı.
 
Möminə xanımların ifasında mərsiyyələr səsləndirildi. Mərasimin sonunda  ehsan süfrəsi verildi və dualar oxundu.     /
 
 
 
 

Google+ WhatsApp ok.ru