Bakıda İmam Sadiq (ə) şəhadəti münasibəti ilə əzadarlıq mərasimi keçirilib

Bu gün (avqustun 23-də) Bakının Xocəsən qəsəbəsində müsəlmanların 6-cı İmamı – Həzrət Cəfər Sadiqin (ə) müsibətli şəhadət ildönümü ilə əlaqədar olaraq əzadaqlıq  mərasimi keçirilib.

Maide.az-ın məlumatına görə, mərasimdə Bakı şəhəri və ətraf bögələrdən Əhli Beyt aşiqləri iştirak ediblər. Mərasimdə İmam Cəfər Sadiqin (ə) irsindən, buyuruşlarından danışılıb. Bu cür tədbirlərin keçirilməsi və yaşadılmasının Allah dərgahında böyük əcri olduğu vurğulanıb. 

İmam Cəfər Sadiqin (ə) mübarək şəxsiyətindən danışan xətiblər, onun yaşadığı dövrdə İslam dininin inkişafı üçün gördüyü işlərə toxunub.

Mərasim mərsiyələrin oxunuşu ilə davam etdirilib. Əzadarlıq mərasimi saat 18:30 -da başlayıb və  möminlərin cəmlə məğrib və işa namazlarını qılması ilə yekunlaşıb.  

Xatırladaq ki, İmam Cəfər Sadiq hicrətin 83-cü ilinin rəbiül-əvvəl ayının 17-də Mədinə şəhərində dünyaya gəlib. Atası İmam Baqir (ə) şəhadətə yetişdikdə onun 34 yaşı olub və o zamandan 31 il ərzində Həzrət İmam Sadiq (ə) müsəlmanlara imamlıq edib. Böyük fədakarlıq nəticəsində, İmam Cəfər Sadiq (ə) Mədinədə o zamanlar üçün nəhəng tədris mərkəzi qurmağa nail olub. İmam Cəfər Sadiqin (ə) elmindən yararlanmaq üçün dünyanın müxtəlif guşələrindən insanlar Mədinəyə axışır, dərin bilgilərə yiyələnirdilər. Mahiyyətcə, İmam Cəfər Sadiq (ə) ilk elmi universitetinin banisidir. Müxtəlif zamanlarda İmamın (ə) 4 min tələbəsi olub, o, elmin müxtəlif sahələrində bir çox görkəmli alim yetişdirib.

İmam Cəfər Sadiq (ə) hicri 148-ci ildə şəvval ayının 25-də Abbasi xəlifəsi Mənsurun (lən) əmri ilə zəhərləndirilərək şəhid edilib./

 

Google+ WhatsApp ok.ru