Bakıda nəqliyyat müfəttişilə sürücü arasında nə baş verdi?

Sürücü sənədlərinin müfəttiş tərəfindən alındığını, müfəttiş isə deyilənlərin yalan olduğunu bildirir

Bakıda yük maşının sürücüsü ilə Nəqliyyat Nazirliyinin müfəttişi arasında insident baş verib. Bu barədə sürücü ANS-ə şikayət edib.
 
Belə ki, “Ford-Transit” markalı, 99 FE 591 dövlət nömrə nişanlı yük maşınının sürücüsü Ramil Ərəb oğlu Abdullayevin idarə etdiyi avtomobil qeyri-qanuni olaraq yük daşıdığı üçün saxlanılıb. Sürücünün sözlərinə görə, lisenziya alsa da, sənədlər yaşadığı Şəki şəhərində qalıb. Bu səbəbdən də, nazirliyin müfəttişlərinə heç bir sənəd göstərə bilməyib.
 
Bu səbəbdən onun sürücülük vəsiqəsi və maşının digər sənədləri müfəttiş Ramil Məmmədov tərəfindən alınıb. Sürücü deyir ki, indi sənədini geri ala bilmir.
 
“Qayda pozmuşam, cərimə yazsınlar. Cəriməni ödəyim. Amma heç bir söz demədən Ramil Məmmədov sənədlərimi əlimdən aldı və geri qaytarmır. Getmişəm nazirliyə, departamentə. Ordan bildiriblər ki, sənədlər Ramildədir. Bilmirəm nə edim”, - deyə Ramil Abdullayev bildirib.
 
Məsələ ilə əlaqədar müfəttiş Ramil Məmmədovla əlaqə saxladıq. Müfəttiş ANS PRESS-ə açıqlamasında bildirdi ki, sürücünün dedikləri yalandır.
 
“Lisenziyasız fəaliyyət göstərdiyi üçün saxlanılıb. Ona İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib olunub. Sonradan sənədləri sürücünün özünə təhvil vermişik. Ola bilər ki, Ramil Abdullayev məsuliyyətdən, cərimədən boyun qaçırmaq üçün belə deyir”.

Google+ WhatsApp ok.ru