Bakıda nurçulara qarşı əməliyyat:85 nəfər saxlanıldı -YENILƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Bakıda “nurçu”lara qarşı keçirilən əməliyyatla bağlı rəsmi məlumat yayıb.

Maide.az  DİN-in saytına istinadən bildirir ki, sentyabrın 19-da Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsi (PB) və MTN-in Yasamal rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Əsədovun X.Mustafayev küçəsindəki evində “Nurçu” dini təriqətini təbliğ etdikləri üçün 85 nəfər saxlanılıb. Evə baxış zamanı 3000 ədəd yayılması və təbliği qanunla qadağan edilmiş dini ədəbiyyat aşkar edilərək götürülüb.

Onlardan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 300-cü, 5 nəfər barəsində isə 299.0.2-ci maddələri ilə protokol tərtib edilərək buraxılıblar.

*****

 
Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Daxili İşlər Nazirliyi (DİN) Bakının Yasamal rayonunda Nurçu dini təriqətinin üzvlərinə qarşı birgə əməliyyat keçirib.
 
AzVision.az-ın məlumatına görə, Şərifzadə küçəsində nurçuların toplandığı iki mərtəbəli evə daxil olan MTN və polis əməkdaşları xeyli sayda dini təriqət üzvlünü saxlayıb. Əməliyyat zamanı nurçuların Bakıdakı liderlərinin də tutulduğu bildirilir. İlkin məlumatlara görə, 30-a yaxın nurçu saxlanılıb. Onların yaşadıqları mənzillərdən xeyli sayda dini kitablar müsadirə edilib. Hələlik əməliyyatın hansı səbəbdən həyata keçirilməsi məlum deyil.
 
Həmin ərazidə yaşayan sakinlərin sözlərinə görə, hər gün xeyli sayda dindar ibadətgah kimi istifadə olunan bu evə toplanaraq dini məclislər təşkil edirlərmiş.
 
Qeyd edək ki, ötən il də Yasamal rayonunda nurçulara qarşı gecə saatlarında əməliyyat keçirilmişdi. Əməliyyat zamanı xeyli insan saxlaınılmışdı. Bir neçə gün sonra onların ibadətgah kimi istifadə etdikləri villa sökülərək yerlə yeksan edilmişdi. /

Google+ WhatsApp ok.ru