Bakıda polis və sürücü arasında münaqişə: Maşının içindəki ananızdı, bacınızdı – VİDEO

Bakıda Dövlət Yol Polisi əməkdaşlarının qeyri-etik hərəkətləri yenə diqqət mərkəzindədir.
 
Hadisə şahidlərinin verdiyi məlumata görə, dünən gecə saatlarında Tbilisi prospektində DYP əməkdaşları onlara şübhəli gələn avtomobili saxlayıblar.
 
Avtomobili saxlayan DYP əməkdaşları sürücüdən sənədləri istəyib: “Maşının salonuna boylana-boylana sürücüdən soruşdu ki, maşındakı xanımlar kimlərdir? Sürücü isə onu nə üçün saxladığını soruşdu və DYP əməkdaşlarının avtomobilin içinə baxmasından narazılığını bildirdi”- deyə, hadisə şahidi məlumat verib.
 
Sürücü hüquq-mühafizə orqanlarının “maşındakı xanımlar kimlərdir?” sualına əsəbiləşərək, “maşının içindəki ananızdı, ya da bacınızdı” deyərək sərt cavab verib və hadisə yerindən uzaqlaşıb.
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov oxu.az-a bildirib ki, polis əməkdaşları avtonəqliyyat vasitəsinin texniki pasportdan olan göstəriciləri əsasında avtomobilə tam baxış keçirə bilər.
 
Şöbə rəisi əlavə edib ki, avtomobildə olan şəxslər DYP əməkdaşlarına şübhəli gəlirsə, sürücü onlar barəsində informasiya verməlidir. 
 
Qeyd edək ki, bir neçə ay öncə oxşar hadisə baş vermişdi. Sumqayıt şəhər sakini, Məhərrəmova Elnarə bildirmişdi ki, gecə saatlarında Avtovağzal Kompleksinin ətrafında 10 YP 489 dövlət nömrə nişanlı yol-patrul xidməti avtomobilində olan iki nəfər yol polisi əməkdaşı tərəfindən 10 dəqiqə ərzində 3 dəfə saxlanılıb. 
 
Həmin vaxt E.Məhərrəmova taksidə olub və Elçin adlı taksi sürücüsü onun qardaşının dostu imiş. DYP əməkdaşları sürücüdən soruşublar  ki, “maşındakı xanım kimdir?”. Bunu eşidəndə artıq əsəblərini cilovlaya bilməyən xanım maşından düşüb. DYP avtomobilinin nömrəsini götürüb “102”-yə zəng edərək şikayət edib.

Google+ WhatsApp ok.ru