Bakıda sərnişin avtobusu ilə minik maşını toqquşub, 4 nəfər ölüb

Bakının Sabunçu rayonunda 4 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.
 
Qəza Sabunçu-Zabrat yolunun Balaxanı qəsəbəsinə dönən hissəsində qeydə alınıb.
 
1990-cı təvəllüdlü Elçin İlqar oğlu Orucovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə "105" saylı sərnişin avtobusu toqquşub. Nəticədə sürücü də daxil olmaqla hələlik kimliyi müəyyən edilməyən 3 nəfər hadisə yerində ölüb. Daha bir nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.  
 
Qəza zamanı minik maşını deformasiyaya uğradığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) əməkdaşları cəlb olunub. Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə minik maşınında sıxışmış vəziyyətdə qalan cəsədləri çıxarıblar.
 
Qəzadan sonra Sabunçu-Zabrat yolunun bu hissəsində qısa müddətlik tıxac yaranıb.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
 
Fövqəladə Hallar Nazirliyi (FHN) də hadisə ilə bağlı məlumat yayıb.
 
Nazirliyin saytında verilən məlumata görə, Sabunçu rayonunda “İVECO” markalı sərnişin avtobusu ilə “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində  minik avtomobilinin sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb.. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxararaq, aidiyyətı üzrə təhvil veriblər. 

Google+ WhatsApp ok.ru