Bakıda taksi sürücüləri yeni qaydalardan narazıdırlar

Bakıda taksi sürücüləri yeni qaydalardan narazıdırlar

Bakıda bütün taksilər eyni qiymətlə xidmət göstərəcəklər. Bu hal isə taksi sürücülərinin heç də ürəyincə deyil. Səbəblər müxtəlifdir. Lakin onların səbəblərinə, şikayətlərinə və təkliflərinə baxan da yoxdur...
 
Öncə qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova “Xəzər” televiziyasına verdiyi açıqlamaya görə, şəxsi avtomobili ilə taksi xidməti göstərən avtomobillərdə qiymətlərin tənzimlənməsi ilə bağlı Tarif Şurasına müraciət ediləcək. Əsas səbəb fərdi taksilərdə xidmət müqabilində göstərilən qiymətlərlə bağlı yaşanan xaosdur. N.Allahyarova bildirib ki, taksi sürücüləri müştəriyə istədikləri qiyməti deyirlər ki, bu da narazılıqlara səbəb olur: “Çox təəssüf ki, sürücülər çox zaman qiyməti mənzil başına çatdıqdan sonra deyirlər. Əgər yollar tıxacdırsa, buna uyğun da rəqəm dəyişir. Artıq tezliklə taksilərə fərqlənmə nişanının verilməsi başa çatdıqdan sonra, Bakı Nəqliyyat Agentliyi tərəfindən Tarif Şurasına qiymətlərlə bağlı təklif olacaq”.
Müraciət qəbul edildikdən sonra isə fərdi taksilər də müştəriyə konkret olaraq tariflə işləyəcəklər.
 
Məsələyə dair taksi sürücülərinin də rəyini öyrəndik. Sürücü Firdovsi Vəliyev: “Məsələ belədir ki, standart qiymət adı altında çox aşağı məbləğdən söhbət gedir. Kilometrə 30-40 qəpik qoymaq istəyirlər ki, bu da bizə sərf etmir. Misal üçün əvvəl 7 manata getdiyimiz yolu, bunlar 4 manat 30 qəpiyə aparmağı təklif edirlər. O da heç cürə sərf eləmir. Maşının xərci var, benzini var. Bütün bunları nəzərə aldıqda demək olar ki, yeni qiymətlə elə ancaq avtomobilin özünə işləyirsən. ”London taksiləri"ində qiymət 70 qəpikdən başlayırdı. İndi necə olur ki, 30-40 qəpik qiymət təyin etməyi düşünürlər?  Bu qiymət təyini də taksi xidməti təşkil edən şirkətlərlə bağlıdır. Hazırda müxtəlif şirkətlər var ki, bazara yeni giriblər. Onlar digərləri ilə rəqabətə və ya digər bu kimi məsələlərə görə özlərindən qiymət qoyublar. Misal üçün “189" taksi xidməti kilometrə 50-60 qəpik qiymət deyirdi. İndi bazara təzə ”9933-Salam taksi" deyə xidmət daxil olub, onlar rəqabətə görə 35-40 qəpik qiymət təyin ediblər. Nəqliyyat agentliyi də bu qiymətlərə baxıb, aşağı tarif  götürəcək. Hələ ki, bu barədə konkret bir söz deməyiblər".
 
F.Vəliyev bildirdirdi ki, onlara fərqlənmə nişanı ilə bağlı da bildiriş verilib:
“Gəlib bizə fərqlənmə nişanı ilə bağlı bildiriş verdilər. Hamımızın nömrələrini də götürmüşdülər. İki gün öncə hamımıza zəng ediblər ki, VÖEN almalısınız. Yoxsa evinizə 100 manat cərimə göndərəcəyik. Deyirik ki, heç olmasa xəbərdarlıqdan sonra 10 gün gözləyin. Ancaq xeyri yoxdur. Bizə bildirirlər ki, ayın axırına qədər qeydiyyatdan keçməsən cərimələcəksiniz”.
 
Digər taksi sürücüsü Famil də yoldaşının fikrini təsdiqlədi. Famil bildirdi ki, bir məsələ də avtomobillərinin istehsal tarixi ilə bağlıdır: “Qanuna görə deyirlər ki, 15 ildən artıq istismar olunan avtomobillər taksi kimi istifadə edilə bilməz. Əksər avtomobillərin isə ”yaşı" 15-dən yuxarıdır. Bu da bizim fəaliyyətimizə xitam verilməsi deməkdir. Xahiş edirik ki, bütün bunlar da nəzərə alınsın. Dolanışığımızı çətinliklə çıxarırıq".
 
Edilən dəyişikliklərlə bağlı iqtisadçı fikri də aldıq. İqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, bu qərarın praktiki baxımdan yerinə yetirilməsi mümkünsüzdür: “Təkcə elə Bakı şəhərində minlərlə taksi fəaliyyəti ilə məşğul olan insanlar var ki, onların bir tarifdə işləməsi üçün müvafiq mexanizmin yaradılması lazımdır. Dövlət orqanları çalışırlar ki, haradan mümkündürsə, büdcəyə daxilolmaları artırsınlar. Deyirlər ki, avtomobillərə cihaz qoyulacaq. Bu cihazlar da təbii ki, xaricdən gətiriləcək və bunun özü də məsrəfdir.  Bakıda və digər  bölgələrdə qeyri-leqal şəkildə minlərlə insan taksi fəaliyyəti ilə məşğul olurlar. Onların hamısını bu işə cəlb etmək çox çətin və zaman alan iş olacaq. Sovet zamanında da heç taksometrlərdən istifadə olunmurdu. Əksər hallarda vətəndaşla sürücü arasında uyğun qiymət danışılırdı. İndi də məqsəd büdcəyə vəsait cəlb etməkdir. Ancaq bunun həyata keçirilməsi çətin olacaq və gözlənilən effekti verməyəcək”.(musavat)

Google+ WhatsApp ok.ru