Bakıda tramvay xətləri bərpa oluna bilər, əgər...

Bakıda tramvay xətləri bərpa oluna bilər, əgər...

Nəqliyyat eksperti: “Paytaxtda yaranmış tıxacların əksəriyyətinin səbəbi tramvay nəqliyyat sisteminin ləğvidir”
 
Vaxtilə paytaxt Bakı üçün tramvaylar da simvol olub. Çünki regionda ən qədim tramvay Bakıda yaradılıb. Hələ 1924-cü ildə paytaxtda ilk elektrik tramvayı açılıb. Həmin ildən başlayaraq 2000-ci ilədək tramvaylar sərnişinlərə xidmət göstərib.
 
Lakin 2000-2004-cü illərdə tramvay nəqliyyatı xətləri tamamilə sıradan çıxarıldı. Yalnız 2012-ci ilin fevral ayında Azərbaycan Hökuməti Bakıda tramvay xəttinin bərpa ediləcəyi haqda açıqlama yaydı. Açıqlamada bildirilirdi ki, bərpa yalnız “Ağ Şəhər” layihəsi reallaşdıqdan sonra baş tutacaq. Belə ki, layihə çərçivəsində bulvar boyu tramvay xətti qurulacaq. Amma tramvayın Bakının əsas yol qovşaqlarını əhatə etməyəcəyi də bildirilirdi.
 
Buna baxmayaraq, bu gün də Bakıda tramvaylardan əsər-əlamət qalmayıb. Halbuki tramvay dünyanın ən inkişaf etmiş ölkələrinin, o cümlədən ABŞ, Türkiyə, Almaniya, Finlandiya, İsveçrə və İsveç, Norveç, digər ölkələrin, eləcə də bir çox MDB şəhərlərinin bəzəyinə çevrilib və ən çox istifadə edilən nəqliyyat növüdür. Eyni zamanda daha ucuz və ekoloji cəhətcə xeyirli nəqliyyat növü sayılır.
 
Bir neçə il öncə Gəncədə tramvay xətlərinin bərpa olunacağı haqda məlumatlar yayılmışdı. Həmin zaman paytaxt sakinləri bu məlumatları böyük sevincə qarşılamışdı. Çünki əgər Gəncədə tramvaylar yenidən bərpa olunardısa, tezliklə Bakıya da növbə çatacaqdı. Tramvayların bərpası isə qeyd olunduğu kimi, ən əvvəl ucuz gediş haqqı deməkdir. Çünki nəqliyyatın bu növündən benzindən deyil, elektrik enerjisindən istifadə edilir. Və tramvay işləyərkən ətraf mühitə ziyan vermir. Beləliklə də tramvay gözəllik, təmiz ekoloji nəqliyyat deməkdir.
 
Gəncədən sonra Bakıda da tramvayların bərpa olunacağı haqda məlumatlar yayıldı. Lakin bu məsələ ətrafında xeyli müzakirələr səsləndi. Çünki məlum məsələdir ki, Bakının tramvaylı vaxtları ilə indiki vaxtı arasında fərq çox böyükdür. İndi küçələr daha da kiçilib, yollarda sıxlıq var və sairə. Ekspertlər də bildirirdilər ki, əgər yenidən tramvaylar bərpa olunub, xəttə buraxılarsa, Bakının mərkəzi küçələrində bəzi nəqliyyat növləri yığışdırılmalı, avtobusların giriş-çıxışı bağlanılmalıdır. Hazırda benzinin qiymətinin kifayət qədər baha olduğunu nəzərə alsaq, tramvayların bərpası nə qədər sərfəli olduğunu müəyyən etmək çətin deyil.
 
Nəqliyyat eksperti İlqar Hüseynlinin sözlərinə görə tramvay xətlərinin yenidən bərpası hələ ki mümkünsüz görünür: “Ümumiyyətlə, biz məsələnin lap əvvəlinə diqqət etməliyik ki, niyə tramvay xətləri ləğv olundu ki, bu gün yenidən ona ehtiyac duyaq? Bu, geniş müzakirə mövzusudur. Bildiyiniz kimi, Bakı şəhərinin artıq yol nəqliyyat infrastrukturu müəyyən qədər qurulub, yeni asfalt örtükləri çəkilib, yeni işıqfor dirəkləri yerləşdirilib. Yəni demək olar ki, şəhərin əksər hissəsində yol infrastrukturu qurulub və bunun dağıdılması, yenidən tramvayların hərəkəti üçün yolların yaradılması kifayət qədər böyük vəsait tələb edir. Bunun üçün də yaxın vaxtlarda Bakı şəhərində tramvay xətlərinin çəkilməsi yuxu kimi görünə bilər. Ona görə ki, dövlətin özünün kifayət qədər büdcə vəsaitlərinə ehtiyacı var. Eyni zamanda Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin kifayət qədər borcları yarandığından bu məsələ, sadəcə, istək müzakirə ola bilər. Amma bilirsiz ki, tramvay nəqliyyat növü Şərqi Avropada çox geniş yayılmış nəqliyyat növüdür”.
 
Ekspert tramvayın üstünlüklərindən də söz açdı: “Onun üstünlükləri kifayət qədər çoxdur. Üstünlüklərindən biri də budur ki, şəhərin ekoloji baxımından qorunmasında çox əhəmiyyətli ola bilərdi. İkincisi də Bakı şəhərində tramvayın öz yolları var idi, hansı ki, o yollarda tıxaclar olmurdu. Bu mənada Bakıda yaranmış tıxacların əksəriyyətinin səbəbi ötən illərdən bizə qalmış tramvay nəqliyyat sisteminin ləğvi idi”.
 
Qeyd edək ki, tramvayla sərnişin daşımaq ilk dəfə 1832-ci ildə ABŞ-da baş tutub. Belə ki, ilk tramvay yolu Nyu-York ilə Harlem arasında həyata keçirilib. Lakin ilk sınaq uğurlu olmayıb. Daha sonra nəqliyyatın bu növü daha da təkmilləşdirilərək, 1852-ci ildə yenidən xəttə çıxarılır. ABŞ-dan sonra Fransada, Londonda, Cenevredə, İngiltərədə istifadə olunmağa başlayıb. Bu gün dünyada təkcə elektriklə deyil, benzinlə işləyən tramvaylar da var. (musavat) /

Google+ WhatsApp ok.ru