Bakıda velosiped zolağı yaradılacaq - ancaq hələlik bir neçə küçədə...

Bakıda velosiped zolağı yaradılacaq - ancaq hələlik bir neçə küçədə...

Anar Nəcəfli: “Gələcək layihələrdə bunun olması qaçılmazdır”; Ərşad Hüseynov: “Sadəcə yol zolaqlarının yaradılması hər şeyi həll eləmir”
 
Velosiped həm ekoloji baxımdan təmiz, həm də sağlamlıq üçün çox faydalı olan bir nəqliyyat növü olduğu bəllidir. Bu nəqliyyat növündən dünya ölkələrində daha çox istifadə olunur. Bu ölkələrdə hətta məmurlar belə işə velosipedlə gedib gəlirlər. Azərbaycanda isə bu cür hallara rast gəlmək mümkün deyil. Çünki ölkəmizdə velosiped sürmək üçün yollarda heç bir şərait yaradılmayıb.
 
Ölkəmizin yollarını daha çox avtomobillər tutur ki, bu da ekologiyanı kifayət qədər çirkləndirir, tıxaclara, insanların saatlarla yolda qalmasına səbəb olur. Bəzi ölkələr var ki, orada velosiped hətta ictimai nəqliyyat rolunu da oynayır ki, bu cür velosipedlər ictimai velosipedlər adlanır. İctimai velosipedlərdən iki formada - xüsusi sürücünün idarə etməsi və xüsusi dayanacaqlarda qoyulan velosipedlərin bir neçə saatlığa kirayələnməsi şəklində istifadə etmək mümkündür.
 
Məsələn, Almaniya hakimiyyəti velosipedlərin ictimai nəqliyyatın tərkib hissəsinə çevrilməsi məqsədilə onların icarə sistemini inkişaf etdirmək barədə xüsusi proqram hazırlayıb. Artıq bir neçə ildir tətbiq olunan bu proqram nəticəsində avtobus dayanacaqları ilə yanaşı velosiped dayanacaqları da yaradılıb. Hətta ölkədə bundan əlavə velosiped-avtobuslar, habelə velosiped-qatarlar hazırlanması istiqamətində də işlər görülür. Hindistan, Çin kimi ölkələrdə isə ictimai velosipedlər məsələsi daha geniş yayılıb. Təəssüflə qeyd etməliyik ki, Azərbaycanda velosiped zolaqları belə yoxdur. Velosiped həvəskarları onu yalnız bayraq meydanı ətrafında xüsusi ayrılmış yerdə sürə bilirlər. Maraqlıdır, Bakıda da bu qədər velosiped həvəskarı olmasına baxmayaraq niyə velosiped zolaqları təşkil edilmir?
 
“Azəravtoyol” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli gələcək layihələrdə bunun nəzərdə tutulduğunu dedi: “Bizim yollar sovet hakimiyyəti dövründən yaradılmış infrastrukturdur və o vaxtlar ayrıca velosiped zolağının olması nəzərdə tutulmamışdı. Ancaq indi inkişaf getdikcə görürük ki, buna tələbat yaranır. Həm avto-nəqliyyat vasitələrinin sayı o vaxtki dövrlə eyni deyil, avtomobillərin sayı bir neçə dəfə çoxalıb. Artıq Bakı şəhərində milyon yarım avto-nəqliyyat vasitəsi var. Həm yollarımız artıq buna imkan verir ki, yenidən qurma işləri həyata keçirək. Yeni yollar yaradılır, yol ötürücüləri var. Düzdür, bizdə velosiped zolağı praktikası yoxdur. Amma gələcək üçün təbii ki, bunu düşünürük. Aidiyyəti qurumlar da bu barədə düşünür. Düşünürlər ki, artıq buna ehtiyac yaranır və gələcək layihələrdə bunun olması qaçılmazdır. Bu istiqamətdə gələcəkdə ayrıca olaraq velosiped zolağının ya yolun hərəkət hissəsində, ya piyadanın hərəkət hissəsində olması mümkündür. Bu gələcək layihələrdə nəzərdə tutulacaq”.
 
Nəqliyyat eksperti Ərşad Hüseynov isə velosiped zolağı salmağın vaxtının çoxdan çatdığını dedi: “Dünyanın hər yerində şəhərləşmə prosesi gedir. Bu elə prosesdir ki, şəhər daxilində, xüsusən də böyük şəhərlərdə insanların bir yerdən başqa yerə getməsində ən yaxşı vasitələrdən biri velosipedlər hesab edilir. Velosiped ən təhlükəsiz, ekoloji baxımdan təmiz, səssiz, həm də sağlamlıq baxımdan yaxşı, ən əsası da yer tutmaq baxımında ən sərfəli olan nəqliyyat növüdür. Məsələn, ən kiçik avtomobil belə altı velosipedin yerini tutur. Hər kəs də bunu bilir, qavrayır. Avropada, Yaponiyada bunu inkişaf etdirirlər, amma bizdə bu, çox az hallarda yada düşür. Düşünürəm ki, ölkəmizdə də bu nəqliyyat növü inkişaf etdirilməlidir. Aidiyyəti qurumlarda bu işdə maraqlı olmalıdır. Amma sadəcə yol zolaqlarının yaradılması hər şeyi həll eləmir. Bütün işlər-təbliğat, təşviqat paralel getməlidir. Quru sözlərlə təbliğat yox, yaxşı nümunələrlə təbliğat aparmaq lazımdır. Avropa ölkələrində nazirlər, parlament üzvləri, yüksək vəzifəli adamlar işə gedib gələrkən velosipedlərdən istifadə edirlər. Bizdə də bu kütləvi hal almalıdır. Bununla paralel olaraq da yol infrastrukturunda harada mümkündürsə, yəni ayrıca, avtomobil yolundan kənarda təhlükəsiz velosiped yolları yaradılmalıdır. Bakı Nəqliyyat Agentliyində belə bir ideyalar var. Hələlik bir neçə küçələrdə velosiped zolaqları yaratmaqla bağlı layihələr hazırlayıblar. Düşünürəm ki, biz bu istiqamətdə getməliyik, başqa variantımız yoxdur. Biz hələ ki velosipedə əyləncə vasitəsi, idman aləti kimi baxırıq. Real nəqliyyat kimi velosipeddən istifadə edənlər çox cüzidir. Bunu populyarlaşdırmalı, bununla da paralel olaraq bu strukturu da yaratmalıyıq”.
 
Qeyd edək ki, Azərbaycanda da artıq velosiped istehsalına başlanılıb. İsmayıllıda açılan “İSMA BİKES” velosiped istehsalı zavodu 2017-ci ilin iyulundan tam olaraq fəaliyyətə başlayıb. Burada 38 modeldə 49 velosiped istehsal edilir. Velosipedlərin qiyməti isə modellərdən asılı olaraq 70-3500 manat arasında dəyişir.(musavat) /

Google+ WhatsApp ok.ru