Bakıda Xanım Rüqəyyənin şəhadət mərasimi keçirilib

“Hüseyn(ə) hidayət çırağı, nicat gəmisidir. Hər kəs bu gəmiyə daxil olsa küfrdən, şərdən uzaq olar”. 
 
Bu fikirlər ölkənin inanclı kəsiminin, tanınmış ilahiyyatçı və ruhanilərin iştirakı ilə keçirilən tədbirdə səsləndirildi. Tanınmış ilahiyyatçılar və ziyalılar İmam Hüseyn(ə)-ın qızı Xanım Ruqəyya(ə)-ın şəhadət gecəsində bir araya gəldilər. Tədbir Quran ayəsinin oxunması ilə başladı. 
 
İmam Hüseyn(ə) eşqinə keçirilən tədbirdə Kərbəla faciəsindən, İmam Hüsey(ə) və tərəfdarlarının başına gətirilən müsibətlərdən, eləcə də ən ali məqam olan şəhidlik zirvəsindən söz açıldı. Tədbir iştirakçıları olan Əhli-Beyt aşiqləri İmam Hüseyn(ə) qəminə şərik olduqlarını nümayiş etdirdilər. 
 
Tədbirdə tanınmış ilahiyyatçı Elçin Qasımov çıxış edərək İmam Hüseyn(ə) məktəbi haqda fikirlərini bölüşdü. O Kərbəla müsibətindən söz açaraq bildirdi ki, İslama dəyər verməyənlər və dini dərk etməyənlər İmam Hüseyn (ə)-ı əsir almaqla əslində Peyğəmbərin(ə) 2 əmanətini və müqəddəs kitabımız olan Qurani-Kərimi əsir etdilər. İlahiyyatçı İmam Hüseyn(Ə) -ın öz qanı bahasına dini əsarətdən xilas etdiyini diqqətə çatdırdı. Yalnız ağılsız insanların Kərbəla şəhidlərinə saxlanan əzanı başa düşmədiklərini vurğuladı.  İlahiyyatçı Elçin Qasımov ölkədə radikal dindarlığa qarşı aparılan mübarizənin tədqirəlayiq hal olduğunu da qeyd etdi. Lakin həqiqi İslamı təbliğ edən mübariz ruhanilərin də radikal pərdəsi altında incidilməsini kəskin pislədi. Hazırda əsl dini təbliğ edən mübariz ruhanilərin həbs olunduğunu və onlara hətda cəza çəkdikləri müəssisələrdə də zülm edildiyini diqqətə çatdırdı. Çıxışının sonunda ilahiyyatçı bildirdi ki, bütün dünyada, o cümlədən də Azərbaycanda radikalizmə qarşı yalnız İmam Hüseyn(Ə) məktəbinin davamçıları mübarizə aparır. 
 
Tədbirdə daha sonra söz alan Seyid Rauf Hüseynov da həqiqi İslamı yalnız ağıl vasitəsi ilə dərk etməyin mümkün olduğunu bildirdi. İslam dininin ağıl və məntiq üzərində inkişaf etdiyini deyən ilahiyyatçı əlavə etdi ki, həqiqi əzadar batilin haqqı üstələdiyi vaxt şəhid olmalıdır. 
 
Tədbirdə digər çıxış edənlər də Kərbəla faciəsindən söz açdılar və İmam Hüseyn(ə) -ın haqq və din uğrunda öz canından keçdiyini qeyd etdilər.Tədbir İmam Əlinin(ə) məsum həyatına həsr olunan şeirlərin səsləndirilməsi ilə yekunlaşdı.

Google+ WhatsApp ok.ru