Bakı metrosundakı dəhşətli olayın 26-cı ili

Bakı metrosundakı dəhşətli olayın 26-cı ili

Bu gün Bakı metrosunun “20 Yanvar” stansiyasında törədilən terror aktından 26 il keçir.

 
  Maide.Az xəbər verir ki, 1994-cü il martın 19-u, saat 13:00-da Bakı metropoliteninin “20 Yanvar” stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər isə yaralanıb.  
 
Maşinistin vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəlmə bomba qatar stansiyada dayananda işə düşüb.  
 
Bu terror aktının Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlandığı və separatçı “Sadval” təşkilatının üzvləri tərəfindən həyata keçirildiyi məhkəmə qərarı ilə sübuta yetirilib.  
 
Məlumata görə, “Sadval” separatçı təşkilatının fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olub, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak edib.
 
  1992-ci ilin aprel-may aylarında 30 nəfər milliyyətcə ləzgi olan Azərbaycan vətəndaşı Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçib.  
 
İstintaq zamanı müəyyən edilib ki, təxribatçılar təlimata uyğun olaraq, “20 Yanvar” stansiyası ilə yanaşı Bakının “Nizami” kinoteatrında, Respublika Sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıblar. Ancaq terrorçular məqsədlərinə nail ola bilməyiblər.
 
  “20 Yanvar” metrostansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib.  
 
Qeyd edək ki, terror aktı nəticəsində həlak olan soydaşlarımızın adları sözügedən stansiyanın divarına həkk olunaraq əbədiləşdirilib. Həlak olanlar arasında xalq artisti Rafiq Babayev də olub.

Google+ WhatsApp ok.ru