Bakı metrosunun yeni qatarları - FOTO

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin aldığı yeni qatarların görünütləri yayılıb. 
 
ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyev də paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə maraqlanıb.
 
Metropolitenin qatar parkının yenilənməsi Fransanın “Alstom” şirkəti ilə ötən il memorandum imzalanıb. Həmin memorandumun şərtlərinə uyğun olaraq, bu şirkətlə “Bakı Metropoliteni” QSC arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət üç qatarın alınması nəzərdə tutulub. Artıq iki qatar paytaxta gətirilib.
 
Alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kilovat idisə, indi bu rəqəm 170 kilovat təşkil edir. Köhnə vaqonların çəkisinə gəlincə, əvvəllər bu göstərici baş vaqon üçün 38, aralıq vaqon üçün 36 ton təşkil edirdi. İndi isə yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34, aralıq vaqonun çəkisi 29 tondur. Yeni nəsil vaqonların banı paslanmayan metaldandır və bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid var. Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.
 
Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 idi. Bu texniki göstəricilərdən göründüyü kimi, müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.
 
Qeyd edək ki, son vaxtlar Bakı Metropolitenində aparılan abadlıq işləri nəticəsində depo ərazisindəki park yenidən qurulub. Burada depo işçiləri üçün yeməkxana və ehtiyat avadanlıq saxlanan böyük anbar kompleksi tikilib./
 
 
 

 

Google+ WhatsApp ok.ru