Bakının 175 və 176 saylı məktəblərində şagirdlər donur

Bakının 175 və 176 saylı məktəblərində şagirdlər donur

-- bir aydır istilik yoxdur...

Yasamal rayonunun 175- və 176 saylı məktəblərində hələ də istilik yoxdur, uşaqlar buz kimi sinif otaqlarında dərs keçirlər. Bu barədə  valideynlərdən birinin şikayətində deyilir.
 
Onun sözlərinə görə, övladları 176 saylı məktəbdə oxuyur: «Məktəb 175 saylı məktəbin yaxınlığında yerləşir və istilik sistemi ordan keçib gəlir. Bilmirəm qaz aparatıdır, ya hansı aparatdır, xarab olub, bir aydır istilik yoxdur, bu soyuqda uşaqlar buzxanada otururlar». 
 
Valideyn bildirir ki, bu barədə məktəb rəhbərliyinə deyəndə, onlar qaz aparatının təmirə verildiyini deyirlər: «Düz bir aydır bu sözü deyirlər. Uşağım soyuqdan xəstələnib, ancaq məktəbin istilik sistemi hələ də düzəlməyib». 
 
Şikayətçi həmçinin bildirir ki, övladlarının oxuduğu siniflərdə uşaqların əksəriyyəti xəstələnib: «Bəziləri dərsə gəlmir, digərləri  isə xəstə halda dərsə gəldiyi üçün o birlərini də yoluxdurub. Camaatın uşaqları xəstəlikdən ayağa qalxmır, onlar isə heç veclərinə də almırlar?»
 
Qeyd edək ki, qış mövsümünə keçid hər il 15 noyabr tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə rəsmiləşdirilir.
 
Məsələ ilə əlaqədar Təhsil Nazirliyindən münasibət öyrəniləcək.(faktxeber.com)
 

Google+ WhatsApp ok.ru