Bakının bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq noyabrın 23-dən 24-nə keçən gecədən etibarən Yeni Günəşli yaşayış sahəsi istiqamətində Babək prospektinin Mikayıl Əliyev küçəsi ilə kəsişməsində (Maşın bazarı) yerləşən avtomobil körpüsünə giriş məhdudlaşdırılacaq.
 
Maide.Az bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Babək prospektinin Məzahir Rüstəmov küçəsi ilə kəsişməsində kommunikasiya xətlərinin çəkilişi ilə əlaqədar olaraq aidiyyəti qurum tərəfindən qazıntı işləri aparıldığı üçün Məzahir Rüstəmov küçəsindən alternativ olaraq istifadə etmək mümkün deyil. Bu səbəbdən sözügedən istiqamətdə də, yəni prospektin Məhəmməd Hadi küçəsi ilə kəsişməsinin yan yolunda, Sərhəd Xidməti Olimpiya Kompleksinin qarşısından avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
 
Sürücülər alternativ olaraq Məzahir Rüstəmov küçəsini çıxmaq şərtilə, digər yollardan, daha dəqiqi Məhəmməd Hadi-Seyid Əzim Şirvani, Məhəmməd Hadi-Sarayevo və Məhəmməd Hadi-Neapol küçələrindən, Nobel prospekti-Ukrayna dairəsi, Nobel-Gəncə prospektləri və Nobel prospekti-Zığ şosesindən, həmçinin sadalanan küçə və prospektlərə birləşik olan digər yollardan istifadə edə bilərlər.
 
Məhdudlaşma şənbə və bazar günləri ərzində qüvvədə olacaq. Bazar ertəsi, yəni noyabrın 26-dan etibarən sözügedən istiqamətdə məhdudlaşdırılma aradan qaldırılacaq.
 
 

Google+ WhatsApp ok.ru