Bakının mənzil bazarında vəziyyət necədir?

Ötən ilin sonlarından etibarən neftin qiymətinin dünya bazarında ucuzlaşmasının ölkə iqtisadiyyatına böyük təsirləri olacağı bildirilirdi. Ekspertlər neftin qiymətinin azalması ilə mənzil bazarında da qiymət enmələrinin müşahidə olunacağını qaçılmaz hesab edirdilər. İlin sonlarına doğru mənzil bazarında qiymətlərdə kəskin ucuzlaşma olmasa da, müəyyən durğunluq müşahidə olunmağa başladı, yəni tələb azaldı. Fevralın 1-də manatın avro və dollara nisbətən kursunun düşməsi isə mənzil bazarında qarışıq vəziyyət yaratdı. Belə ki, mənzilini satanlar artıq manata yox, dollara üstünlük verdilər. Bu isə bazarda qiymət artımına gətirib çıxardı. Manatın yenidən ucuzlaşacağı gündəmdədir. Belə olan təqdirdə görəsən mənzil bazarında vəziyyət dəyişibmi? Evlərin qiyməti qalxıb, yaxud yenə də alıcılar gözləməyə üstünlük verirlər?
 
“Novostroyka”larda da satılan mənzillərin hazırda bahalaşdığını Analitik.az-a tikinti şirkətləri də təsdiqlədi. Hətta elə şirkətlər var ki, artıq mənzilləri manatla deyil, yalnız dollarla satmağa başlayıb. Və onu da vurğuladılar ki, manat ucuzlaşandan sonra yeni tikiilən hündürmərtəbəli mənzillərin qiymətində 30 faiz artım var. Məsələn, əvvəllər hündürmərtəbəli binalarda satılan mənzillərin 1 kvadratmetri 800 manat idisə, indi qiymət 1050 manata yüksəlib. Bəzi tikinti şirkətlərində isə qiymətlərin hər kvadratmetrə görə 100 manat artdığını deyirlər. Məsələn, paytaxtın 9-cu mikrorayon ərazisində tikilən hündürmərtəbəli binalarda mənzilin 1 kvadratmeti əvvəl 1150 manata təklif edilirdisə, indi isə 1250 manata satılır. Elə yerlər də var ki, orada 1 kvadratmetr əvvəllər 550 manat idisə, hazırda 680 manata təklif edilir. Bir sözlə, mənzil bazarında nəzərəçarpacaq bahalaşma mövcuddur.
 
Tikinti şirkətlərindən onu da dedilər ki, hazırda mənzil alanların sayında artım yoxdur. Vəziyyət əvvəlki kimidir. Mənzil alanların sayı manat ucuzlaşmazdan öncə daha çox olsa da, indi qiymət artımı ilə bağlı elə də mənzil alan yoxdur. Amma buna baxmayaraq, tikinti şirkətlərindən müraciətlərin də olduğunu istisna etmədilər.
 
Köhnə evlərin satışı ilə məşğul olan maklerlər də qiymətlərin manatla ifadəsində bahalaşma olduğunu təsdiqləyirlər. Onlar bir qədər əvvəl mənzil bazarında canlanmanın olduğunu desələr də, hazırda durğunluq yaşandığını bildirdilər. Makler Elçin Yusifov deyir ki, manat ucuzlaşandan sonra ay ərzində 3 mənzil satmağa müvəffəq olub. Amma son bir ayda isə 1 mənzil belə sata bilməyib. Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı isə "analitika.az"a bildirib ki, ötən il ərzində mənzil bazarı üçün orta qiymət artımı 19 faizə yaxın olub: "Ötən ilin sentyabr ayına qədər mənzil bazarında qiymət artımı müşahidə olunsa da, sonrakı müddətdə azalma baş verdi. Amma indi daha çox qeyri-müəyyən situasiyalarla əlaqəli qiymətlərin azalması müşahidə olunmaqdadır”.
 
Manatın kursunun düşməsinin mənzil bazarında qiymət artımına səbəb olduğunu deyən R.Osmanovun sözlərinə görə, qarşıdakı aylarda mənzil bazarında qiymətlərdə artım müşahidə olunacaq: "Çünki əmlakın vergiyə cəlb edilməsi ilə bağlı olaraq yeni qaydaların tətbiqi qiymətlərə təsir göstərəcək. Daşınmaz əmlak üzrə vergi yükünün onun satış qiymətinə əlavə olunması qaçılmazdır. Digər tərəfdən isə mənzil bazarında manatın devalvasiyası ilə əlaqədar tədricən qiymətlərin dollara adaptasiya olunması prosesi gedir. Burada söhbət manat ekvivalenti ilə əmlak dəyərinin artımından gedəcək. Manatın kursunun düşməsi ilə əlaqədar mənzil bazarında cüzi artım meylləri var. Bu artım da daha çox informasiyasızlıqdan irəli gəlir. Əvvəl vətəndaş öz əmlakını 50 min manata təklif edirdi. Manatın əvvəlki kursu ilə bu 65 min dollar edirdi. Satıcı elə düşünür ki, mənzilini devalvasiyadan sonra dollar ekvivalenti ilə bazara əvvəlki qaydada çıxarmalıdır. Bu halda əmlakın dəyərini köhnə dollar ekvivalenti ilə hesablayıb bazara çıxarır. 50 min manat 65 min dollar edirdisə, indi vətəndaş öz mənzilini 65 min dollara bazara çıxarır. Bu da manat ekvivalenti ilə 66-67 min manat deməkdir. Bu isə qeyri-müəyyənlikdən çıxan artımlardır. Amma bu artımlar kütləvi xarakter daşımır və nə nəzəri, nə də iqtisadi baxımdan bazar üçün xarakterik deyil. Bazarda qiymət artımı üçün müəyyən iqtisadi əsaslar olmalıdır. Bizdə isə bu əsasların heç biri yoxdur. Tələb, ümumi dinamika aşağı düşür, bazara müraciətlərin sayı azalır. Bütün bunlar bazara təsir edən amillərdir. Amma Azərbaycan bazarında bu cür iqtisadi nəzəri tendensiyalar özünü doğrultmur”.

Google+ WhatsApp ok.ru