Bakı metrosunda təmir-tikinti əngəli: “Təmir əvəzinə, kondisioner quraşdırın”

Bakı metrosunda təmir-tikinti əngəli: “Təmir əvəzinə, kondisioner quraşdırın”

Bakı metrosunun bəzi stansiyalarında tikinti prosesinin səsi, toz-torpağı və yaratdığı darısqallıq sərnişinləri cana yığıb.
 
Bənzər vəziyyət “Neftçilər” metrostansiyasında hökm sürür. Burada aylar öncə başlayan qazıntı, söküntü işləri hələ də davam edir. Metronun girişindən başlayaraq içərilərinə doğru divarların önü hasarlanır. Divarların üzlüyü sökülür. Hasarların arxasında bir-iki nəfər usta gözə dəyir. İşçi sayının az olmasını göstərirki, burada işlər hələ bir neçə ay da davam edək.
 
Sərnişinlər isə onsuz da normal havalandırma sistemi olmayan metrosransiyada tikinti tozunda boğulur. Bir tərəfdən isti, bir tərəfdən də pərakəndə aparılan tikinti işləri insanları narahat edir.
 
Sərnişinlərdən biri deyir: “Xeyli müddətdir ki, metroda iş gedir. Daş, qum, tikinti materialları töküblər. Ay qardaş, metro sizin üçün karyerdir? Bu işləri tez bitirmək lazımdır. Bu bir neçə ay da davam edəcək. Vallah, bunlar yeyinti yerləridir. Zaman udub, hesabdan pul silirlər. Metronun əsas problemləri kənarda qalıb. Ondansa havalandırma sistemini düzəltsinlər, kondisioner qoysunlar”.
 
Digər bir sərnişin isə metro tunelinin divarlarının, döşəməsinin deyil, vaqonların yenilənməyə ehtiyacı olduğunu vurğuladı: “Bizim metroda sovet dövrünün standartları hələ də qalmaqdadır. Köhnə vaqonları rəngləyib, qırığını-söküyünü düzəldib, xəttə buraxırlar. Marşruta minmirik ki, metro rahatdır. Metro da belə... Hər gün işə metro ilə gedib-gəlirəm. İstidən, havasızlıqdan, sərnişinlər ayaqüstə dura bilmir. Bakı metropoliteni rəhbərliyi hara baxır?”
 
Metrostansiyada iş aparan ustaların dediyinə görə, stansiyanın divarları və döşəməsinin yenilənmə işləri aparırlar: “7-8 gündür ki, işə başlamışıq. Hələ çox işlər qalıb. Təqribən bir aylıq işimiz var”.
 
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Musavat.com-a bildirib ki, təmir işlərini sərnişinlərin hərəkətinə məhdudiyyət qoymadan aparmağa çalışırlar: “Biz çalışırıq ki, vətəndaşların gediş-gəlişinə məhdudiyyət qoymayaq. Vətəndaşları narahat etməmək üçün işlər gecə saat 12-dən sonra aparılır. Biz bu qayda ilə “İnşaatçılar” və “Qara Qarayev” metrostansiyasını təmir eləmişik. Bütün bunlar sərnişinlərin təhlükəsizliyini, rahatlığını təmin etmək üçündür. Biz “Neftçilər” metrostansiyasının keçidlərini əvvəldən təmir etmişdik. Bu işi mərhələli şəkildə görmüşük ki, narazılıq olmasın. Keçidlərin təmiri bitib, hazırda metronun içində bu işlər davam etdirilir. İstismar müddətini başa vumuş havalandırma sistemlərini, şaxtaları dəyişdiririk, yeni havalandırma sistemləri ilə əvəzləyirik”.
 
Nəsimi Paşayev onu da vurğuladı ki, hazırki köhnə qatarlarda kondisioner sisteminin quraşdırılması mümkün deyil: “Ancaq söhbət qatarlardakı kondisioner sistemindən gedirsə, bizim mövcud qatarlarda kondisioner sisteminin quraşdırılması mümkün deyil. Hazırda kondisionerli üç qatarımız var. Belə bir hal da var ki, əgər bayırda havanın temperaturu 35 dərəcədən yuxarıdırsa, o havanı bayırdan içəri vurmaq qəti qadağandır. Bu zaman biz havanın sirkulyasiyasını təşkil edirik. Yeni, kondisionerli qatarların gətirilməsi hələlik nəzərdə tutulmayıb”. (musavat) /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru