Bakıda Myammar üçün toplantı keçirilib - FOTO

Bakıda Myammar üçün toplantı keçirilib - FOTO

Bu gün “Qələm” yazarlar birliyinin təşkilatçılığı ilə Myanmarda müsəlmanlara qarşı törədilən qətliyamlara həsr edilmiş tədbir keçirilib. 
 
Maide.Az xəbər verir ki, tədbirdə ölkənin siyasi, ictimai və dini şəxsiyyətlər iştirak edib, Myanmarda müsəlmanlara qarşı edilən cinayətləri pisləyib. 
 
Tədbiri giriş sözü ilə açan “Qələm” yazarlar birliyinin sədri Qurban Cəbrayıl iştirakçıları salamlayıb. Bildirib ki, bu gün dünyada müsəlmanlara qarşı yönəlmiş qəddar siyasətə qarşı hər kəs çıxmalı və pozulmuş hüquqların bərpasını tələb etməlidir. Tədbir iştirakçılarına dəvəti qəbul etdikləri üçün təşəkkürü bildirən birlik sədri onu da əlavə edib ki, bu işdə vəhdət edən hər bir kəs Allah qarşısında öz vəzifəsini yerinə yeritmiş olur. 
 
 "Azərbaycan İslam Partiyası"nın sədr əvəzi Hacı İlham Əliyev Myanmarda törədilən faciələrin ümumilikdə İslam ümməti üçün acı olduğunu diqqətə çatdırıb. Bildirib ki, dünya birliyinin bu hadisələrə biganə yanaşması bir daha sübut edir ki, insanlıq adına danışanların özləri elə insanlıq əleyhinədirlər. "Myammar böhranı ABŞ və insan haqları müdafiəsi iddiasında olanların öz maraqları ardınca olduqlarını göstərdi. Müsəlmanlar İslam çətri altında, Qurana və İslamın pak təlimləri ilə öz probemlərini həll etməlidir". 
 
Hacı İlham "Azərbaycan İslam Partiyası" olaraq bu soyqırıma etiraz etdiklərini diqqətə çatdıraraq əlavə edib ki, düşmən fürsət gözləyərək hücum edir. İslama zərbə vurmağa çalışır. Lakin müsəlmanların vəhdəti bütün bu hücumları dəf etmək gücündədir.
 
 
"Azərbaycan Ziyalılar Birliyi"nin sədrivə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev çıxış edərək bildirib ki, dünyada özlərini demokrat və insan  haqlarının müdafiəçiləri kimi təqdim edən Qərb ölkələri bu hadisələr qarşısında susdu.
 
“Əlbəttə, biz bunu səbəbini yaxşı bilirik. Əgər Avropada, yaxud ABŞ-da bir nəfər bu şəkildə öldürülsəydi indi səs-səsə verib “ədalət” tələb edəcəkdilər. Amma görünən odur ki, hər gün zorakılıq, qətliamla üzləşən myammarlı müsəlmanlara bunları heç maraqlandırmır.” E.Quliyev İslam ölkələrinin bu məsələdə təkcə bəyanatlarla deyil, əməli şəkildə fəaliyyət göstərməsinin vacibliyini də qeyd edib.
 
 
 “Azərbaycan Ağ partiyası”nın sədri Tural Abbaslı belə bir tədbirin keçirilməsinin zəruriliyini qeyd edərək bildirib ki, Azərbaycan müsəlman ölkəsi olsa da Myammar hadisələri ilə bağlı hər hansı addım atmayıb. Əgər bu hansısa Avropa ölkəsində olsaydı, kimlərsə özlərini gözə soxmaq üçün bir-birinin ardınca tədbirləri sıraya düzərdilər.
 
T. Abbaslı İslam ölkələrinin vəhdətinin nəticəsi olaraq Suriyada hadisələrinin qarşısının alındığını misal çəkərək analoji vəhdətin digər yerlərdə, həmçinin Myanmarda da nəticə verəcəyini vurğulayıb.
 
 "Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı"nın sədri Rövşən Əhmədli çıxış edərək bildirib ki, cinayətlər cəzasız qalanda cinayətkarlar daha da cürət tapır. Xocalıda törədilmiş qətliamın cəzası verildimi? Niyə Fransada iki nəfərin öldüyü üçün “dünya liderləri” qol-qola girib aksiya elədi. Amma bir gündə 3000 insan qətlə yetirilir, buna susurlar. Deməli bunların “humanistliyi” elə sözdədir. 
 
R.Əhmədli bu hadisələrdə siyasi maraqların olduğunu qeyd edərək bildirib ki, bu heç də hansısa məzhəb qarşıdurması deyil. Regionda güc sahibi olmaq üçün aparılan mübarizədir ki, nəticədə günahsız insanlar ölür.
 
 
AİP-in sədr müavini, ilahiyyatçı-alim Emil Rahiloğlu isə qeyd etdi ki, dünyada nə qədər böyük və hegemon güclər, şeytanlar varsa bir o qədər də zülm və qətliamlar olacaq: “Bu baxımdan da heç bir şeytandan və gücdən təvəqqemiz olmamalıdır. Hətta bu dəstəyi zehnimizdə belə təsəvvür etməyimiz yolverilməzdir.”
 
 
 
 
Tədbirdə  çıxış edən digər natiqlər də dünyada müsəlmanlara qarşı baş qaldıran təzyiqlərin və törədilən qırğınların başında super güclərin, xüsusən də ABŞ və Qərbin dayandığını vurğulayıblar. Bu təzyiqlərə qarşı mübarizədə İslam ümmətinin birləşməsinin vacib olduğunu bildiriblər. 
 
 
 
 

Google+ WhatsApp ok.ru