Bakıda sakinlər sahibsiz itlərdən şikayətçidir - Rəsmi qurumdan ETİRAF: “Kökünü kəsə bilmirik”

Bakıda sakinlər sahibsiz itlərdən şikayətçidir - Rəsmi qurumdan ETİRAF: “Kökünü kəsə bilmirik”

Son zamanlar Bakının müəyyən ərazilərində sahibsiz heyvanların, yəni it və pişiklərin artdığı müşahidə edilir. Nəticə olaraq bundan narahat olan və təhlükəsizliyinin təmin edilməsini istəyən sakinlər müvafiq dövlət qurumlarına müraciət edirlər.
Maraqlıdır, həmin heyvanlara qarşı hansı tədbirlər görülür?
 
“Heyvanların kökünü kəsmək mümkün deyil”
Bakı şəhər İcra Hakimiyyəti Kommunal Təsərrüfat Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsinin əməkdaşı Modern.az-la söhbəti zamanı bildirib ki, şikayət edən sakinlərin sayı artıb:
“Bizdə pnevmatik silahlardan istifadə olunmadığına görə heyvanları torla tuturlar. Bu da bir az çətinlik törədir. Düzdür, hər gün müxtəlif ünvanlara yollanırıq. Amma yenə də şikayətlər var. Məsələn, bir müddət konkret əraziyə dəfələrlə gedib təmizləyirik. Daha sonra başqa ərazilərdən müraciətlər daxil olursa, ora yollanırıq. Amma bu heyvanların kökünü tamamilə kəsmək mümkün deyil. Çünki 20 dənədirsə, bir hissəsini tuta bilsək də, qalanı qaçır. “Qaynar xətt”imizə  gələn zənglər əsasında həmin ünvanlara yollanırıq”.
 
“Həmin qurum Azərbaycana xələl gətirməkdən başqa heç bir şey etmir”
Azərbaycan Heyvanların Mühafizə Cəmiyyətinin prezidenti Azər Qarayev isə Modern.az-a bildirib ki, Kommunal Təsərrüfat Departamentinin tərkibində fəaliyyət göstərən qurum üzərinə düşən işin öhdəsindən gələ bilmir:
“Həmin qurum tordan istifadə etmir, sadəcə olaraq vəhşi üsullarla, yəni əllə, yaxud iplə heyvanları tuturlar. Əlbəttə ki, yalnız xəstə heyvanları bu üsulla tutmaq olar. Yəni onlar müasir avadanlıqlardan istifadə etmir və bunu bacarmır. Ömür boyu cəllad olan insanı birdən-birə həkim edə bilməzsiniz. Onlar bu cür üsullardan istifadə etməyə öyrəşib. Bu səbəbdən o idarənin gələcəyi də artıq bəllidir. Düşünürəm ki, dövlət bu məsələni həll edəcək və həmin obyekt bağlanacaq. Çünki Azərbaycana xələl gətirməkdən başqa heç bir şey etmirlər.
Siz onlardan  soruşun ki, sahibsiz heyvanların hesabını aparırlarmı? Əgər onlar sahibsiz heyvanlarla məşğul olurlarsa, ən azı rayon üzrə onların nə qədər olduğunu bilməlidir. Bununla bağlı monitorinq aparmalıdırlar, amma etmirlər. Belə olduğu halda heyvanların çoxalmasının qarşısını necə ala bilərlər? Həmin qurum sadəcə büdcə pullarını tar-mar edir. Bu qurumun fəaliyyətini Azərbaycana təxribat kimi  qiymətləndirirəm.
Ölkəmizin qanunları var. Sahibsiz heyvanlara qarşı qəddarlıq qadağan edilib. Amma bir dövlət qurumu buna riayət etmir və effektiv tədbirlər görə bilmir. Nəticə olaraq sakinlərin narazılığı da artır. Heyvanlar da kütləvi şəkildə məhv olur”.
 
“Heyvanlar gələcəkdə yeni nəsil gətirmək imkanından məhrum edilməlidir”
A.Qarayev dövlət qurumunun əslində görməli olduğu işdən də söz açıb:
“Həmin heyvanları humanist formada tutub şəraiti olan mərkəzə aparmaq dövlət qurumunun başlıca vəzifəsi olmalıdır. Orada heyvanlara bir həftə ərzində yoluxucu xəstəliklərə, quduzluğa  qarşı peyvənd vurmalıdırlar. Hesablama aparmaq üçün həmin heyvanların öz nömrəsi olmalıdır və sonda onları axtalamalıdırlar. Yəni heyvanlar gələcəkdə yeni nəsil gətirmək imkanından məhrum edilməlidir. Bu da cərrahiyyə əməliyyatı vasitəsilə  reallaşdırılır. Bir həftədən sonra da həmin heyvan götürüldüyü yerə buraxılmalıdır. O zaman itlərin insanlara qarşı təhlükəsizliyi təmin edilə bilər. Bütün dünya bu üsulla işləyir. 
Bunun üçün xüsusi pul da tələb olunmur. Sadəcə, normal struktur yaradılmalıdır və  bu işi öhdəsindən gələ bilənlərə tapşırmalıdırlar”.
 
“Bakıda yol qəzasında tələf olan heyvanlar çoxalıb”
Heyvanların Mühafizə  Cəmiyyətinin sədri həmçinin qeyd edib ki, hazırda Azərbaycanda 600-700 minə yaxın sahibsiz heyvan mövcuddur:
“Azərbaycanda sahibsiz heyvanların nə qədər olduğunu heç kim hesablamayıb. Amma beynəlxalq aləmdəki metodikaya əsasən, ümumi əhalinin sayına və bundan irəli gələn tullantıların hesablanmasına görə ölkəmizdə hardasa 600-700 minə yaxın sahibsiz heyvan var.
Bunun 60 faizdən çoxu Bakı və onun ətrafındakı ərazilərdədir. Sahibsiz heyvanların, yəni daha çox itlərin və pişiklərin artması ilə bağlı müşahidələr yoxdur. Əksinə, Bakıda nəqliyyatla əlaqədar yol qəzasında tələf olan heyvanlar çoxalıb.  İtlərin müəyyən ərazilərdə çox görünməsinin səbəbi artımla əlaqədar deyil. Sadəcə yeddi-səkkiz aydır ki, Bakıda qanun çərçivəsində onların vurulması qadağan olunub. Bunun nəticəsində insanların yaşadığı yerlərdə, xüsusilə də tullantıların çox olduğu yerdə heyvanlar da çoxalır. Təbii ki, bu heyvanlar yemək axtarmaqla məşğuldur”. /

Google+ WhatsApp ok.ru