Bakıda sıxlıq yaradan səbəb

Bakıda sıxlıq yaradan səbəb

-- Ölkənin bütün dövlət orqanlarının, nazirliklərinin, ali təhsil ocaqlarının Bakıda cəmləşməsi insanların həyatını necə çətinləşdirib...

Rəsmi statistikaya əsasən, hazırda 10 milyonluq Azərbaycan əhalisinin 23 faizi paytaxt Bakıda məskunlaşıb. Lakin bir çox ekspertlər də qeyd edir ki, rəsmi statistika heç də real deyil, paytaxtda qeydiyyatsız yaşayanların sayı qeydiyyatda olnalardan çoxdur. Yəni əhalinin 23 faizi deyil, azı 40 faizi paytaxtda yaşayır. Bu da digər ölkələrlə müqayisədə kifayət qədər çoxdur. Məsələn, Avstriyanın paytaxtı Vyanada ölkə əhalisinin təxminən 15 faizi yerləşib. Və yaxud Niderlandın paytaxtı Amsterdamda isə əhalinin cəmi 5 faizi yaşayır.
 
Bakıya gəldikdə isə qeyd etdiyimiz kimi son zamanlar paytaxtda xüsusilə mövsümlə bağlı və “Formula - 1" yarışları ərəfəsində bu sıxlıq daha çox nəzərə çarpır. Nəticədə paytaxtda yaşanan ”şəhərli-kəndli" qovğalarına da şahid oluruq. Elə bu günlərdə Bakı Metropoliteninin əməkdaşı Lalə Bayramovanın sosial şəbəkədə metroda yaranan sıxlıqla bağlı “çastpik yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı” deməsi bu qovğanın yenidən gündəmə gəlməsinə səbəb olmuşdu.
 
Bəs Bakını “partladan” səbəb nədir?
 
Qeyd edək ki, hələ 90-cı illərdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, yerlərdə kəskin iqtisadi və sosial tənəzzülün başlaması, işsizliyin  artması əhalinin mərkəzə axın etməsinə səbəb olub. Hər il bölgələrdən paytaxta axın artan sürətlə davam edir. Ölkənin maliyyə, administrativ qurumlarının, əyləncə mərkəzlərinin, ali təhsil ocaqlarının, hökumət və parlamentin burada yerləşməsi problemi daha da artırmış olur. Məlumdur ki, əksər universitet və kolleclər də paytaxtda yerləşir. Təkcə Bakı Dövlət Universitetində 18 mindən çox tələbə təhsil alır. Bu da Bakının yüklənməsinə, sosial infrastrukturlarda problemlərin yaranmasına, paytaxtı cənginə alan tıxaclara səbəb olur.
 
Bütün bu problemləri qismən də olsa azaltmaq üçün bir neçə il bundan əvvəl müəyyən ideyalar səslənmişdi. Onlardan biri də bu idi ki, hökumət qurumları, eləcə də ali təhsil ocaqları paytaxtdan başqa şəhərlərə köçürülsün. Mərkəzlərin yerləşdirilməsi üçün nəzərdə tutulan əsas şəhərlərdən biri kimi Gəncə göstərilirdi. Hətta parlamentin Gəncəyə köçürülməsi ilə bağlı da fikirlər, təkliflər səslənirdi. Lakin məlum olmayan səbəblərdən bütün bunlar elə təklif olaraq qaldı.
 
Onu da vurğulayaq ki, paytaxtın başqa şəhərə köçürülməsi artıq dünya təcrübəsində var. Məsələn, 1997-ci ildə postsovet ölkələri arasında ilk dəfə Qazaxıstanda paytaxt Almatıdan Astanaya köçürülüb. Paytaxtın Almatıdan Astanaya daşınması ilə Qazaxıstanın sənaye cəhətdən inkişaf etmiş şimalı və aqrar cənubu arasında yaranmış disbalans tədricən aradan qaldırıldı. Qazaxıstanda işsiz əhalinin paytaxta axınının qarşısı alındı. Bundan başqa, ölkənin regionlarında yerli əhaliyə nisbətən üstünlük təşkil edən rus mənşəli əhalinin qazaxlara nisbəti də tədricən azalmağa başladı.
 
Gürcüstanda isə parlamentin başqa şəhərə köçürülməsi təcrübəsi var. Belə ki, artıq bir neçə ildir ki, bu ölkənin parlamenti paytaxt Tiflisdən Kutaisiyə köçürülüb.
 
Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a dnaışıb: “Azərbaycanda urbanizasiya həm bitməyib, həm də çox primitiv, xaotik şəkildə gedib. Yəni şəhərləşmə, şəhər əhalisinin artımı əsasən Bakını və Abşeron yarımadasını əhatə edib. Çünki uzun illərdir ki, Azərbaycanda çox primitiv iqtisadi model qurulmuşdu. Bu gün də bu model davam edir. Əsas iqtisadi fürsətlər Bakıda və Abşeronda cəmləşib. Və bütün dövlət orqanları, dövlət universitetləri Bakıda cəmləşib. Buna görə Bakı planlaşdırıldığı şəkildə deyil, sadəcə fürsətlərin çox olduğu üçün regionlardan şəhərə insan axınına səbəb olan bir məkana çevrildi.
 
Ermənilərin işğalçı siyasətini, Qarabağ problemini də bu məsələyə daxil etsək, yəni məcburi qaçqın və köçkünlərin böyük əksəriyyətinin Bakıya gəlməsini nəzərə alsaq, deyə bilərik ki, Bakı planlaşdırıldığından da çox əhaliyə xidmət etmək məcburiyyətində qalmışdı. Hazırda əhalinin təxminən 40-45 faizi paytaxtda yaşayır, yəni, az qala ümumi regionlarda olan insanların yarısı qədər əhali Bakıdadır. Buna səbəb də şəhərsalma prosesinin xaotik aparılması ilə bağlıdır.
 
Əslində regionların inkişafı ilə bağlı 3 proqram qəbul olunsa da, 4-cü də hazırlanır. Lakin biz bunun ciddi təsirlərini görə bilmədik. Regionlarda iqtisadi fürsətlər yaranmadı ki, əhali ya regiondan köçməsin və yaxud paytaxtda olan əhalinin bir qismi regiona getsin. Bunun inzibati yollarla, bəzi addımlar da həll etmək mümkün idi. Yəni məsələn, Bakıdakı bir çox dövlət universitetlərini regionlara köçürmək olardı. Hansı ki, bu təcrübə artıq Gürcüstanda var. O cümlədən Bakıdakı ali və digər məhkəmələrin, Kənd Təsərrüfatı Nazirliyinin və digər nazirlikləri də regionlara köçürmək mümkündür. Belə olan təqdirdə Bakının da yükü azalmış olar. Və yaxud regionlarda beynəlxalq universitetlər yaratmaq olar".
 
Ekpsert onu da qeyd etdi ki, mer institutlarının yaranmasına böyük ehtiyac var: “Azərbaycan Avropa Şurasının üzvü olan yeganə ölkədir ki, mer institutlarını yaratmayıb. Yəni 2001-ci ildə bu barədə öhdəlik götürsək də, bu məsələ hələ də öz həllini tapmayıb. Düşünürəm ki, tezliklə böyük şəhər bələdiyyəsi qanunu qəbul olunmalıdır, Bakı, Gəncə, Sumqayit, Şəki, Lənkəran kimi şəhərlərdə mer seçkilərinin keçirilməsi və mer institutlarının yaradılmasına böyük ehtiyac var. Beləliklə, bu da əlavə fürsətlər yaradacaq, regionların cəlbediciliyini artıracaq”. (musavat.com)
 

Google+ WhatsApp ok.ru