Bakıda yeni doğulmuş əkizlərin ölümü ilə bağlı YENİ XƏBƏR

Bakıda yeni doğulmuş əkizlərin ölümü ilə bağlı YENİ XƏBƏR

Keçən ilin aprelində Respublika Perinatal Mərkəzində yeni dünyaya gəlmiş əkiz qızların ölümü ilə bağlı başlanmış cinayət işinə xitam verilib. Bu barədə Lent.az-a uşaqların atası Araz Hüseynov məlumat verib. O bildirib ki, Xətai rayon Prokurorluğunda başlanmış cinayət işinə bəlli olmayan səbəblərdən xitam verilib: “Mənə heç bir məlumat vermədən işə xitam verilib. Bu barədə yazılı bildiriş də gəlməyib. Halbuki evimdə xəstə adam var və bütün günü evdə kimsə olur. Uşaqların ölümünə gəlincə, onlar sırf həkim səhlənkarlığının qurbanı olub. Cavabdeh olan Aygün adlı həmin həkim uşaqlara baxmayıb və əkiz qızlarımdan biri 5, digəri isə 6 günlük ikən vəfat edib. Halbuki onlar normal doğuşla dünyaya gəlmişdi. Uşaqların ölüm səbəbi ilə bağlı aparılmış ekspertiza rəyi də həkim rəyinə istinadən təyin edilib. Qəbirlər açılmadan rəy tərtib ediblər. Üstəlik, xəstəxanada məndən 800 manat pul alıblar”.
 
Faktla bağlı Xətai rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqını müstəntiq Vasif Əsgərov aparıb. Lent.az-a açıqlama verən müstəntiq bildirib ki, araşdırmalar zamanı uşaqların ölümünə həkim səhlənkarlığının səbəb olduğu müəyyən edilməyib. Xəstəxanada eyni zamanda xidməti yoxlamanın aparıldığını, müvafiq ekspertizaların təyin edildiyini və bu ekspertizaların rəyi ilə valideynlərinin məlumatlandırıldığını deyən müstəntiq cinayət işinə xitam verilməsi ilə bağlı A.Hüseynova bir neçə dəfə məktub yollandığını, lakin hər dəfə məktubların geri qayıtdığını əlavə edib. 
 

Google+ WhatsApp ok.ru