Bakıda  `İslam vəhdəti və ədalətli cəmiyyət` adlı elmi-praktik konfrans keçirilib- FOTO

Bakıda `İslam vəhdəti və ədalətli cəmiyyət` adlı elmi-praktik konfrans keçirilib- FOTO

-- Dünya siyasiləri Trampın misalında öz mevqelərini Qüdsdə ortaya qoymuş oldu

Bu gün Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı, Günahsız həbs olunmuş inanclı insanların hüquqlarının müdafiə komitəsi və Azərbaycan Ziyalılar Birliyinin birgə təşkilatçılığı ilə "İslam vəhdəti və ədalətli cəmiyyət" adlı elmi-praktik konfrans keçirilib.
 
Maide.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Qarabağ Uğrunda İslami Müqavət Hərəkatının İdarə heyətinin sədri Rövşən Əhmədli bildirib ki, bugünkü konfransın əsas məqsədi günahsız yerə həbs olunan inanclılar, eyni zamanda son bir neçə gündə müsəlmanların mənəvi paytaxtı olan Qüdsün ABŞ prezidenti tərəfindən işğalçı İsrailin paytaxtı kimi tanınması, həmçinin Azərbaycanın da işğal altında olan Qarabağ torpaqlarına diqqət çəkməkdir. 
 
R. Əhmədli bildirib ki, bir neçə gün öncə, İslam Peyğəmbərinin (s) mövlud günündə günahsız olaraq həbs olunan inanclılara 15-17 il həbs cəzasının verilməsi absurd bir qərar olub. "Axı bu hansı məntiqə sığır ki, heç bir günahı olmayan insana belə ağır cəza verilsin? Heç 3-4 nəfəri öldürənə belə cəza vermirlər."
 
R. Əhmədli ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarına da toxunub. "Bu gün bir çoxları deyir ki, Qüdsdən, Fələstindən bizə nə? Bu gün bizim Qarabağımız işğal altındadır. Bu addım bir prisident yaradır. Sabah Şuşanı Ermənistan paytaxtı elan etsələr və ora səfirlik köçürsələr necə olacaq? O zaman da biz nəsə deyə biləcəyikmi? Odur ki, bu hansısa məhəlli bir məsələ deyil. Qlobal problemdir. Biz də terrordan, işğaldan əziyyət çəkən bir xalq olaraq buna mövqeyimizi bildirməliyik."
 
Rövşən Əhmədli növbəti həftədə ABŞ və İsrailin ölkəmizdəki səfrilikləri qarşısında dinc aksiyanın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunduğunu bildirib.
 
Tədbirdə çıxış edən Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Hacı İlham Əliyev bildirib ki,  ABŞ prezidenti Donald Trampın müqəddəs Qüds şəhərini sionist İsrailin paytaxtı kimi tanımasını Qərb dünyasının acizliyinin göstəricisidir. "Onlar sonlarının yaxınlaşdığını hiss edirlər və bu cür addımlarla özlərinə təskinlik verirlər. Çünki İslam ideologiyası dünyanı fəth etmək üzrədir."
 
Hacı İlham həbsdə olan ruhanilər və dindarlar barədə də danışıb.
 
O, bildirib ki, insanları günahsız yerə həbsdə saxlamaq heç bir insani dəyərə sığmır. "Xüsusən də bu insan ruhanidirsə. Ruhanini narkotiklə, silahla, terrorla şərləyib həbs etmək tendensiyası çox üzücüdür. Amma son olaraq namaz qıldığı üşün ruhaninin həbsi bütün bunlardan daha ağır oldu. Düşünürəm ki, bu cür addımlar heç də xeyrə deyil. Ola bilər ki, bu insanları cismi cəhətdən həbs etsinlər. Lakin bu insanlar ruhən azaddırlar."
 
Çıxış edən Azərbaycan Ziyalılar Formunun sədri Eldəniz Quliyev bildirib ki, bu gün inanclı insanların həbs edilməsi, onlara ağır cəzaların verilməsi heç bir dəyərə sığmır. "Mən hərdən təəccüb edirəm ki, niyə bu dindarları bir-bir həbs edirlər. Elə birdəfəlik Azərbaycanda İslamı həbs etsinlər, aparsınlar Kürdəxanıya, sonra da ömürlük cəza verib Qobustana etap eləsinlər. İslam sülh, əxlaq dinidir. İslam mədəniyyət dinidir. Niyə istəmirsiniz ki, balalarımız İslam əxlaqında böyüsün. Axı bu millət niyə yad dəyərlərlə məhv olmalıdır."
 
E. Quliyev həbsdə olan dinarlar və ilahiyyatçıların siyasi məhbus statusu aldığını vurğulayıb. "Biz Avropada bu insanların günahsız olduğunu sübut etmək üçün çox çalışdıq. Çünki bu gün dünyada İslama qarşı elə bir münasibət formalaşdırıblar ki, sanki bu insanlar həqiqətən də terrorçudur. Lakin biz sübut etdik ki, bu insanların həqiqətən günahı yoxdur."
 
E. Quliyev Qüdsün İsrailin paytaxtı elan edilməsi məsələsinə toxunaraq qeyd edib ki, bu məsələnin kökündə yaxın şərqdə yeni münaqişə ocaqlarını yaratmaq durur. "Baxsanız bu qərardan sonra uzun müddətdir nisbi sakitlik hökm sürən Fələstində ara necə qarışıb. Əslində Fələstini müstəqil dövlət kimi tanıyan ölkələrin sayı atrdıqca bu gözlənilən bir addım idi. Amma buna etiraz etmək də hər bir müsəlmanın, insanın mənəvi borcudur. Tramp bütün beynəlxalq hüquq normalarını pozaraq bu qərarı elan edib."
 
Daha sonra AİP Qadınlar Şurasının sədri Növrəstə xanım İbrahimova, Qələm Yazarlar İctimai Birliyinin sədri Qurban Cəbrayıl, "Siyasi Məhbusların Müdafiə Mərkəzinin" koordinatoru Oqtay Güləliyev və digərləri çıxış edərək bildiriblər ki, bu cür konfranslar mütamadi olaraq keçirilməlidir.
 
Qeyd edilib ki, bu gün istər dünyada müsəlmanlara qarşı məqsədyönlü şəkildə aparılan sərt siyasətin ölkəmizdə də görünməsi məyusedicidir. İslam dininin əhkamı odur ki, insanlar arasında vəhdət, mehribanlıq olsun, sülh və əminamanlıq olsun. Müsəlman olan kəs terrorçu, narkoman, silah gəzdirən olmaz.
 
Çıxış edənlər zülmə etirazın vacib olduğunu qey etdilər. Həmçinin vurğuladılar ki,  Azərbaycanın yaralı yeri olan Qarabağ məsələsinin də həlli istiqamətində dünya siyasilərinin mövqeyini gözləmək lazım deyil. Çünki dünya siyasiləri Trampın misalında öz mevqelərini Qüdsdə ortaya qoymuş oldular. Odur ki, xalqımız vətənpərvərlik ruhiyyəsini artımalıdır. Bunun üçün isə İslam yeganə yoldur.
 
Konfrans müxtəlif müzakirələrlə öz işini davam etdirib.
 
 
 
 

 

Google+ WhatsApp ok.ru