Baş nazirin müavini: ‘Sürüşmə sahəsində evlər söküləcək...’

Baş nazirin müavini: ‘Sürüşmə sahəsində evlər söküləcək...’

“Modern.az” saytında “Hacıbala Abutalıbov: “Biz o evləri sökəcəyik, siz də buna şahid olacaqsınız-özəl” sərlövhəli yazı oxumaq olar.
 
Yazıda bildirilir ki, oktyabrın 12-dən Badamdar şossesində sürüşmələr yenidən baş verir, indi də davam etməkdədir.
 
Müəllif vurğulayır ki, bu ərazidə görülən işlər barədə baş nazirin müavini Hacıbala Abutalıbov sayta açıqlama verib.
 
Yazıda qeyd edilməsinə görə, H.Abutalıbov vurğulayıb ki, bu sahədə hökumətin Yaponiyadan Azərbaycana dəvət etdikləri mütəxəssislərin araşdırmaları davam edir:
 
“Yapon mütəxəssisləri araşdırma apardıqdan sonra belə qənaətə gəliblər ki, sürüşmə sahəsi genişlənməlidir. Artıq yaponlar Fövqəladə Hallar Nazirliyilə (FHN) müqavilə bağlayıblar. Belə nəticəyə gəliblər ki, alınan avadanlıqlar 5 istiqamətdə qurulmalı və 4 ay ərzində işləməlidir. 4 aydan sonra araşdırmaların nəticəsi olaraq, hazırlanan layihə FHN-ə veriləcək. FHN layihəni ekspertiza edib təsdiqlədikdən sonra ərazidə işlərə başlanacaq, işlər 2019-cu il iylun 1-də tam yekunlaşacaq”.
 
Baş nazirin müavini ərazidəki evlərin mütləq şəkildə söküləcəyini deyir.
 
“Çünki sürüşmə sahəsi 2 dəfə böyüyür. Mütəxəssislərin gəldiyi nəticədə biz gördüyümüz sahədən iki dəfə böyük sahə yaranacaq. Onlar bu gün də o qənaətdədirlər ki, evlər sökülməlidir”, saytda yazılanlara görə, baş nazirin müavini vurğulayıb
 
H.Abutalıbov mütəxəssislərə istinadən belə bir xəbərdarlıq da edib ki, ərazidə böyük sürüşmələr gözlənilir:
 
“Dünən də (noyabrın 23-də- red) bunun əyani şahidi olduq. Belə ki, evlərdən birinin yanında dayanan böyük daş kütləsi sürüşdü. Xoşbəxtlikdən ortada dayanıb, amma sürüşəcək, o biri daşlar da sürüşəcək”.
 
Baş nazirin müavini bu ərazidəki evlərdə yaşamağın təhlükəli oldğunu, bunun qarşısını almaqdan ötrü yaxın 2-3 gün ərzində orada polis məntəqələrinin yaradılacağını bildirib: “Ərazidəki villa sahibləri çağırışlara məhəl qoymayaraq, yaşamağa davam edir. Kim ki, verdiyimiz qərarı pozur, özü cavabdeh olacaq...”.
 

Google+ WhatsApp ok.ru