Bank filialları azalır, banklar da azala bilər...

Bank filialları azalır, banklar da azala bilər...

-- Banklar Azərbaycan regionlarında filiallarını bağlayırlar

"Exo" qəzetində isə "Banklar Azərbaycan regionlarında filiallarını bağlayırlar" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif bank filiallarının bağlanmasının səbəblərini ekspertlərlə müzakirə edir.
 
"Azərbaycan banklarının öz müştərilərinə xidmət göstərən filiallarının sayı azalır, bu meyl 2018-ci ildə də davam edəcək. Bəzi banklar əlavə xərclərdən yaxa qurtarmaq üçün bank filiallarını əhəmiyyətli dərəcədə azaldıblar. İndi bank sektorunda 30 iştirakçı var, amma o qədər də uzaq olmayan vaxtlarda bu bankların sayı 45 idi. 2014-cü ildə bank filiallarının ümumi sayı 752 idisə, 2017-ci ilin sonunda 509-a endi, yəni, 4 il ərzində 243 bank filialı bağlandı. Təkcə 2017-ci ildə filialların sayı 569-dan 509-a enib ki, bu da 60 filialın bağlanması deməkdir".
 
Ekspertlər filialların bağlanması ilə bağlı bank sistemindəki ümumi mənzərəni qəzetə belə şərh edirlər.
 
Ekspertlər bu bağlanmaları ölkənin bank strukturunun pisləşməsinin göstəricisi kimi dəyərləndirirlər.
 
Mütəxəssislər bank filialları ilə yanaşı, banklarda əməkdaşların sayının da azaldığını deyirlər və iddia edirlər ki, 2017-ci ildə bank personalının 5%-i işini itirib: "Əgər, 2016-cı ildə bank sektorunda 16947 nəfər çalışırdısa, 2017-ci ilin sonuna onların sayı 16131 nəfər olub. Xərclərin optimallaşdırılması siyasəti həm də ixtisara düşməyən əməkdaşların əmək haqlarını azaldır və bu meyl 2015-ci ildən start götürüb".
 
Ekspertlər xatırladırlar ki, ölkədə maliyyə "təlatümləri" başlayana qədər bank ofisləri durmadan artırdı və bankla filiallarının 90%-i dotasiya ilə yaşayırdı, elə indi də elədir.
 
Mütəxəssislərə görə, bu və ya digər bankın mərkəzi ofisi müntəzəm olaraq filiallarına vəsaitlər ayırır, belə ki, onlar müstəqil olaraq özlərini təmin etməyə qadir deyildirlər: "Maliyyə sektorunun yaxşı vaxtında az və ya çox banklar bir qayda olaraq regionlarda yerləşən və ziyanla işləyən filiallarını arxalarınca "darta" bilirdilər, indi isə ziyanla işləyən ofis, filial banka yükdür".
 
Ekspertlərə görə, ölkə regionlarında filialların bağlanmasına səbəb paytaxtla müqayisədə dövriyyənin əhəmiyyətli dərəcədə aşağı olmasıdır və həm də bu, o demək deyil ki, bu bağlanma Bakıdakı filiallardan "yan keçib", belə ki, Bakıda da bəzi kredit təşkilatlarının ofisləri bağlanıb.
 
Ekspertlər yekdil fikirdədirlər ki, bu meyl 2018-ci ildə də davam edəcək: "Hələ bizi daha bir neçə bankın bağlanması və ya təmərküzləşməsi gözləyir. İkincisi, bankların gəlirləri aşağı səviyyədədir, ona görə də izafi xərcləri optimallaşdırmaq siyasəti ya ixtisar etməyə, ya filialları birləşdirməyə vadar edəcək.
 
Üçüncüsü, müasir informasiya texnologiyaları filiallara tələbatı azaldır".
 

Google+ WhatsApp ok.ru