Banklar əmanət faizlərini endirirlər- səbəb

Banklar əmanət faizlərini endirirlər- səbəb

“Müsavat.com” saytı  “Banklar əmanət faizlərini endirirlər- səbəb” sərlövhəli məqalədə müəllif  prosesin səbəblərini iqtisadçı-ekspertlərlə araşdırır.
 
Müəllif deyir ki, Azərbaycanda bəzi banklar əmanət faizlərini endirməyə başlayıblar. İyun ayından 1-2 faiz civarında qaldırılan əmanət faizləri indi eyni səviyyədə aşağı endirilir.
 
Müəllif əlavə edir ki 2020-ci il iyunun 1-dən manatla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10 faizdən 12 faizədək qaldırılıb. Xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi  isə 2,5 faiz həddində saxlanılıb.
 
Müəllifə görə, bu qərardan sonra əksər banklar əmanətlər üzrə faiz dərəcələrini 11.5-12 faizə qaldırmışdılar, lakin son həftələrdə yenidən faizlərin aşağı endirilməsi müşahidə olunur.
 
Ekspert Samir Əliyev deyir ki, əhali əlində pul olanda onu banka qoyub faizləri ilə dolanır, indiki halda kredit vermək yüksək risk tələb edir, odur ki əksər banklar faizləri aşağı salmağa üstünlük verirlər.  
 
Digər tərəfdən, ekspert “Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddətinin bu ilin sonunda bitəcəyini vurğulayaraq yenidən uzadılmasının gözlənilmədiyini deyir.
 
S.Əliyev bundan irəli gələrək ölkədə əmanətlərin sığortalanması sistemində  kompensasiya məbləğinin hazırkı 30 min manatdan ən azı 70 min manat səviyyəsinə qaldırılmasını təklif edir.
 
Ekspert Əkrəm Həsənova görə isə banklar kredit faizlərini endirmək üçün əmanətləri ucuzlaşdırmağa çalışırlar. Onun fikrincə, əmanət faizlərinin aşağı salınması kreditlərlə bağlıdır:  Ekspert əlavə edir ki, bir tərəfdən, hökumət, digər tərəfdən, əhali banklardan tələb edir ki, kredit faizlərini endirsinlər. “Bu faizləri endirmək üçünsə bankların cəlb edəcəyi əmanətlərin faizi aşağı olmalıdır. Buna görə də banklar əmanətlər üzrə faizləri endirməyə, sadəcə, məcburdurlar”.
 

Google+ WhatsApp ok.ru