Banklara bərpa olmayan etimad

Banklara bərpa olmayan etimad

-- `Bəzi banklar bağlanacaq iddiası`

"Yeni Müsavat" qəzetində "Bəzi banklar bağlanacaq iddiası" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif ölkənin bank sisteminin mövcud durumu və yaxın gələcəyi barədə ekspert Əkrəm Həsənovla müzakirəni gündəmə daşıyır.
 
Müəllif deyir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu günlərdə bank sektorunda müsbət iqtisadi inkişafdan bəhs edib.
 
Ekspert Ə.Həsənov deyir ki, rəqəmlərdə müəyyən müsbət tendensiya müşahidə olunsa da, bu bütünlükdə bank sektoruna şamil oluna bilməz:"Azərbaycanda ötən ilin sonundan başlayaraq əmanətlərin həcmi artıb. Səbəb odur ki, manat sabitləşib, manatla əmanətlər üzrə faizlər yüksəkdir, əmanətlərin həcmində cüzi artım var. Lakin bu hələ o demək deyil ki, bank sisteminə etimad artıb, sadəcə, kimlərsə qısamüddətli gəlir əldə etmək istəyir".
 
Ekspert deyir ki, artıma daha səbəb bankların məcburən problemli kreditlərini bir hissəsini silməsidir ki, bu kreditlərin həcmi azalıb.
 
Ə.Həsənova görə, likvidlik ona görə artıb ki, banklar kredit vermirlər, bankların sərbəst vəsaitləri çoxalıb, bununsa nə dərəcədə yaxşı, ya pis göstərici olması birmənalı deyil: "Mən hesab edirəm ki, bankların ən əsas məsələsi kimi problemli kreditlər artmaqda davam edir, bu il çox güman ki, əmanətlərin həcmi də azalacaq, çünki faiz dərəcələri düşür".
 
Ekspert deyir ki, kredit portfelində biznes kreditlərinin həcminin artmasına gəlincə, bunun nə dərəcədə real olduğunu aydınlaşdırmaq mümkün deyil: "Bank sektorunun ötən illərdəki təcrübəsi onu göstərdi ki, bəzi hallarda kreditin ayrıldığı biznes qurumları, ümumiyyətlə, mövcud olmur. Odur ki, bu rəqəmlərin nə qədər reallığa uyğun olması mübahisəlidir, ümumilikdə isə kredit verilməsi davam edir".
 
Ə. Həsənov bu il bir neçə bankı bağlanma təhlükəsi gözlədiyini də deyib və əlavə edib ki, bu bankların xilas olması üçün real tədbir görən yoxdur, problemli bankların əmanət qəbul etməsini məhdudlaşdırıblar, digər tərəfdən də kredit vermirlər.
 
Ekspertə görə, qeyri-sağlam banklar bu gedişlə bağlanmağa məcbur olacaqlar və hazırki gedişat onu göstərir ki, kömək olmadığı halda ilin sonuna doğru bəzi banklar bağlanacaq, hazırda ciddi risk altında olan banklar var.
 

Google+ WhatsApp ok.ru