Banklar kredit borcu olanlara hansı güzəşti etməlidir?

Həm milli və həm də xarici valyuta ilə kredit götürən vətəndaşlar ciddi çətinliklərlə üzləşəcək. Və düşünürəm ki, banklar tərəfindən vətəndaşlara edilən güzəşt ən yaxşı halda ödəmə müddətinin uzadılması şəklində olacaq.
 
Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.
 
Ekspertin sözlərinə görə, kredit hansı məzənnə ilə götürülübsə, o məzənnə ilə də qaytarılmalıdır, çünki qanunvericilik də bunu tələb edir.
 
“Yəni vətəndaş ödənişi krediti hansı valyuta ilə əldə etmişdisə o valyuta ilə də geri qaytarmağa məhkumdur. Çünki, qanunvericilik bu halın baş verməməsini kredit müqavilələrində hansısa əlavə qeydin (məsələn: kredit müqaviləsinin qüvvədə olduğu müddətdə rəsmi məzənnə dəyişiklikləri kredit ödənişinin hazırkı milli valyutada dəyər ifadəsinə tətbiq edilməyəcək) olması halında mümkün edir.
 
Təbii ki, kredit müqavilələrində isə bu şərtin olmasını fors-major hal kimi qiymətləndirmək olar. Çünki, vətəndaş əksər hallarda kredit alarkən sözün əsl mənasında banka minnətçi düşür. Belə olduqda isə öz hüquqlarını müdafiə edəcək şərtlərin bu müqavilələrdə əks etdirilməsini tələb etmək şansından məhrum olur. Və əminliklə qeyd etmək istərdim ki, əks halda bu vətəndaşa kredit verilmir”...
 
Rəşad Həsənov qeyd edir ki, əmanət hansı valyuta ilə yerləşdirilibsə, o valyuta ilə də bərabər həcmdə əmanət geri götürüləcək, amma udan tərəf yenə də dollarla əmanət yerləşdirənlər olacaq:
 
“Son baş verənlər fonunda vətəndaşların əksəriyyəti əmanətlərini dollara konvertasiya etmək imkanı tapıb. Lakin, maraqlı məqamlardan biri ondan ibarətdir ki, manatla verilən kredit müqavilələrində bir çox hallarda kredit müqaviləsinin qüvvədə olduğu müddətdə Mərkəzi Bankın rəsmi uçot dərəcəsi 2%-dən artıq dəyişdikdə (yəni hazırkı 3.5%-dən 5.5% artarsa) və yaxud inflyasiya səviyyəsi müqavilə imzalandığı günlə müqayisədə 5% artdıqda müqavilə şərtlərinə yenidən baxma və ödəniş məbləğlərini indeksləşdirmə səlahiyyətini birmənalı şəkildə kredit verən təşkilata verir.
 
Başqa sözlə, növbəti günlərdə manatla verilmiş kreditlərin gözlənilən ikirəqəmli inflyasiyaya uyğunlaşdırılması təhlükəsi mövcuddur”- deyə, iqtisadçı bildirir.(oxu.az)

Google+ WhatsApp ok.ru