Bankların gəliri 50 faizdən çox azalıb

Bankların gəliri 50 faizdən çox azalıb

“Novoye Vremya” qəzetində “Bank sistemində çaxnaşma davam edir” sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) avqustun 4-də verdiyi açıqlamalara istinadən ölkənin bank sistemində müsbət və mənfi meyllərdən bəhs edilir. Müsbət meylə nümunə kimi əhalinin banklara yatırdıqları əmanətlərin həcminin son aylarda atması göstərilir. Mənfi meyllər kimi isə bank aktivlərinin və əhaliyə verilən kreditlərin azalmasının üzərində dayanılır.
 
Müəllif bankların mənfəətlərinin 50 faizdən çox azalmasını da mənfi göstərici sayır:
“Əmanətlərin həcminin artmasını bank sisteminin sağlamlaşdırılmasının başlanğıcı saymaq olmaz. Bu fonda bankların mənfəətləri azalır, bu isə o deməkdir ki, bank sistemində hələ çaxnaşma var. Əhalinin əmanətlərinin artması meyli davamlı olarsa bu və ya digər şəkildə bankların kapitallaşmasının yaxşılaşmasına kömək edə bilər”.
 
Yazıda bildirilir ki, bankların gəlir yeri kreditlərin verilməsidir. Son illər nəinki təkcə banklara əmanətlərin qoyulması azalıb, üstəlik, kredit verilməsi də dayandırılıb.
 
Müəllifin bildirməsinə görə, beynəlxalq reytinq agentlikləri də vurğulayıblar ki, kapitallaşma prosesi yaxşılaşmayacağı halda bankların vəziyyətinin pisləşməsi sürətlənəcək:
“Onların indiki durumunu nəzərə aldıqda demək olar ki, bank sistemi hələ uzun müddət böhrandan çıxa bilməyəcək. Dövlətin isə bütün bank sisteminin tələbatını ödəmək imkanı yoxdur”.
 
Bankların mövcud ağır duruma düşməsinin səbəbləri barədə danışan müəllif yazır ki, bank sahibləri tez bir zamanda oliqarxa çevrilməkdən ötrü kredit faizlərini fantastik dərəcədə yüksəltmişdi. Bu isə müəllifin gəldiyi nəticəyə görə, onların öz banklarını tənəzzülə aparması idi... /

Google+ WhatsApp ok.ru