Bankın qarşısında etiraz aksiyası - VIDEO

Bankın qarşısında etiraz aksiyası - VIDEO

İyulun 21-də dörd bağlanmış bankın – "AtaBank", "AGBank", "Amrahbank" və "NBCBank"ın əmanətçiləri Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.
 
"Qoy villalarını satsınlar, pulumuzu qaytarsınlar"
 
Etirazçıların sözlərinə görə, aylar keçməsinə baxmayaraq, onlara əmanətləri qaytarılmır.
 
"Xəstəlik (koronavirus) bir yandan, müharibə bir yandan, biz isə bu istidə öz pulumuza görə tökülüşmüşük küçələrə. Əmanətlərimiz sığortalanmışdı. Deyirlər ki, verəcəyik, amma boş söhbətdir. Ziyana əmanətçilər düşüb. Pulumuza niyə blok qoyulub? Biz necə yaşayaq? Elman Rüstəmov söz vermişdi ki, pul qaytarılacaq, amma belə çıxır ki, bu, yalnız sözlərdir. Prezidentə üz tutub deyirik, camaata kömək edin. Pulumuzu dövriyyəyə buraxıblar ki, daha çox pul qazansınlar, qoy villalarını satsınlar, pulumuzu qaytarsınlar", - etirazçılar deyiblər.
 
Etiraz aksiyası keçirən vətəndaşların yanına özünü Milli Bankın Təhlükəsizlik Departamentin işçisi kimi təqdim edən bir şəxs gəlib. O deyib ki, qurumun sədrinin müavini Aftandil Babayev vətəndaşları Mərkəzi Bankın köhnə binasında problemlə bağlı qəbul edəcək. 
Bankın digər nümayəndəsi toplaşanlara bildirib ki, onların problemi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət göndərilib: "Bu ayın 28-də Konstitusiya Məhkəməsi bu məsələyə baxacaq. Böyük ümidliyik ki, bu məsələ sizin xeyrinizə həll olunmalıdır. Ona görə sizi səbirli olmağa çağırıram".
 
Daha sonra əraziyə cəlb olunmuş polis əməkdaşları toplaşanları ərazini boşaltmağa çağırıb.
 
Aksiya insidentsiz başa çatıb.
 
Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən xüsusi karantin rejimi elan edilib. Kütləvi toplantılara icazə verilmir. /azadliq.org

Google+ WhatsApp ok.ru