Bank Standart əmanətçilərinin növbəti aksiyası

Bank Standart əmanətçilərinin növbəti aksiyası

Müflis olan Bank Standart-ın əmanətçiləri bazar ertəsi Mərkəzi Bankın (AMB) binası qarşısında əmanətlərinin qaytarılması tələbi ilə növbəti etiraz aksiyasını keçiriblər.
 
“Bankda 30 min dollar əmanətim var, amma mənə cəmi 18 min manat qaytarıblar. Dollarla olan əmanətlər dollarla qaytarılmalıdır. Biz ayrı-ayrı müəssisələrə getməkdən yorulduq.
 
Sığorta Fondunun direktoru sentyabrın 15-dən sonra bizim məsələyə baxmağı vəd edib. Guya onlar indi bu il ləğv olunmuş dörd bankın əmanətlərini qaytarırlar.
 
Bank Standart-da vəsaitin böyük hissəsi 153 müştəriyə girovsuz kredit şəklində verilib. Bu 153 müştəri bankdakı bütün vəsaitlərin 80,3%-ni əldə edib. Lakin bank rəhbərliyindən və ya iri kreditalanlardan heç biri məsuliyyətə cəlb edilməyib. Onların ucbatından biz pulumuzu ala bilmirik, deyə aksiya iştirakçılarından biri bildirib.
 
Polis aksiya iştirakçılarını binadan uzaqlaşdırıb. AMB-dən və Əmanətlərin Sığortalanması Fondundan şərh almaq mümkün olmayıb.
 
Bank Standart – Azərbaycanın ən böyük maliyyə müəssisələrindən biri 2016-cı ilin oktyabrında müflis elan edilib.
 
Həmin vaxt mövcud olan Maliyyə Bazarlarına Nəzarət Palatası bankda 520 mln. manat əmanət olduğunu, bu əmanətlərin 460 mln. manatının qorunan əmanət olduğunu bildirib.
 
Əmanətlərin Sığortalanması Fondunun 31 avqust 2020-ci il tarixli sənədinə istinad edən əmanətçilərin sözlərinə görə, Bank Standart-ın fiziki şəxslər qarşısında öhdəlikləri 156 304 386 manatdır.
 
Bank 321 əmanətçiyə 30 000 manata qədər, 73 əmanətçiyə 30 min manatdan 50 min manata qədər, 85 əmanətçiyə 50 min manatdan 100 min manata qədər, 106 əmanətçiyə 100 min manatdan 500 min manata qədər, 21 əmanətçiyə 500 min manatdan çox borcludur.  /contacat.az /

Google+ WhatsApp ok.ru