Baş pediatr: `uşaqlar arasında hər hansı qorxulu xəstəlik yoxdur`

Baş pediatr: `uşaqlar arasında hər hansı qorxulu xəstəlik yoxdur`

Son günlər Azərbaycanda uşaqlar arasında qusma, ishal, qızdırma halları artıb. Valideynlər uşaqların boğaz ağrısı, temperaturun artması, öskürəklə müşayiət olunan virusa yoluxmalarından şikayətlənirlər. Hətta allergiyaya meylli uşaqlarda dəridə qızartıların və səpkilərin əmələ gəldiyi bildirilir. Günlərlə davam edən və 39 dərəcədən aşağı düşməyən temperaturun herpangina xəstəliyinin əlaməti hesab edilir.
 
Kəskin virus infeksiyasının yayılması ilə bağlı xəbərlərə Respublikanın baş pediatrı Nəsib Quliyev aydınlıq gətirib. Baş pediatrın virtualaz.org-a bildirdiyinə görə, uşaqlar arasında hər hansı qorxulu xəstəlik yayılmayıb, epidemiya yoxdur.
 
Baş pediatrın sözlərinə görə, havalar qənaətbəxş keçdiyinə və ciddi soyuma baş vermədiyinə görə, mövsümi xəstəliklərdə artım müşahidə olunmur: “Temperatur tədricən enir. Kim deyirsə ki, uşaqlar çox xəstələnir, düz demirlər. Gəlin bizim xəstəxanaya baxın, kimlər müraciət edir, özünüz görün. Hazırda ölkədə çox geniş yayılan və ciddi problem yaradan elə bir xəstəlik yoxdur”, - deyə N. Quliyev bildirib.
 
Baş pediatr həmçinin Türkiyəyə istirahətə gedən ailənin uşağında koksaki virusunun yayılması ilə bağlı xəbərə də aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb və sensasiya xatirinə belə məlumat yayırlar: “Məlumat yayıblar ki, guya kimsə Türkiyəyə istirahətə gedib, onun uşağı orada müayinə olunan zaman bu virusa yoluxduğu aşkara çıxıb. İndi bu sensasiyanı Bakıda yayırlar. Düzdür belə xəstəlik var, o ilk dəfə Amerikada Koksaki qəsəbəsində qeydə alınıb. Dünyanın hər yerində, o cümlədən, bizdə də rast gəlinə bilər, burada qeyri-adi heç nə yoxdur. Lakin bizdə bu virus qeydə alınmayıb və hazırda ölkəmizdə heç bir narahatedici problem görünmür”, - deyə baş pediatr qeyd edib. /

Google+ WhatsApp ok.ru