Baş Prokurorluq `Azadlıq` radiosu ilə bağlı istintaq məlumatlarını açıqlayıb

“Azadlıq radiosu"nun Azərbaycandakı Nümayəndəliyinin şübhəli bank əməliyyatları ilə bağlı istintaq davam etdirilir
Baş Prokurorluğun mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, İstintaqa cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasının qarşısının alınması sahəsində müvafiq səlahiyyətləri həyata keçirən dövlət orqanı tərəfindən “RFE/RL İnc” (Radio Fredoom of Europa/Radio Liberty-Azad Avropa/Azadlıq radioları korporasiyası) şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin şübhəli bank əməliyyatları həyata keçirməsi barədə məlumatlar daxil olub.
“RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin bank hesablarına 2010-cu il yanvarın 1-dən 2014-cü il dekabrın 9-dək olan müddətdə “RFE/RL İnc” şirkətinin baş ofisi tərəfindən 3 milyon 555 min 688 manat məbləğində pul vəsaitləri daxil olub, həmin pulun 189 min 100 manat məbləğində hissəsi təhtəl-hesab şəxs kimi nümayəndəliyin maliyyə meneceri (qanuni təmsilçi) Mirzəyev Yəhya Hidayət oğlu tərəfindən xəzinədən nağd götürülərək müxtəlif təyinatlar üzrə xərclənməsi rəsmiləşdirilib.
Nümayəndəlikdə yalnız bir nəfərin, maliyyə menecerinin təhtəl-hesab şəxs kimi xəzinədən 189 min 100 manat məbləğində külli miqdarda nağd pul vəsaitlərini götürməsi, həmin pul vəsaitlərinin foto, video çəkiliş, içməli su, çay, qənd alınması, bərbərxanaya ödəmələr və sair bu kimi kiçik məbləğli təyinatlar üzrə xərclənməsinin rəsmiləşdirilməsi, eləcə də fiziki şəxslərin gəlirləri barədə müvafiq vergi orqanlarına hesabatlar təqdim etməmələri, nümayəndəlik tərəfindən nəşrinə külli miqdarda pul vəsaitləri sərf edilən “Fərqli düşüncə” adlı jurnalın pulsuz paylanması kimi xüsusatlar nümayəndəliyin vəzifəli şəxsləri tərəfindən saxta sənədlər tərtib etməklə külli miqdarda maliyyə vəsaitlərinin mənimsənilməsini ehtimal etməyə əsaslı şübhələr yaradır.
Həmçinin istintaqa cəlb edilərək şahid qismində dindirilmiş “RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müxbiri Əliyeva Fərəh Sabir qızı ifadəsində göstərib ki, nümayəndəliyin maliyyə meneceri Yəhya Mirzəyevin göstərişi ilə 2013-cü ilin may və 2014-cü ilin aprel-may aylarında “Azadlıq” radiosunun “Oxu zalı” layihəsində iştirakla bağlı xidmət müqaviləsi əsasında xidmət haqqı adı ilə onun adına rəsmiləşdirilmiş cəmi 3675 manat pul vəsaitinin yalnız 900 manat hissəsi faktiki surətdə ona verilib, qalan 2775 manat pulu Yəhya Mirzəyev özünə götürüb.
Nümayəndəliyin müxbiri Zeynalov Cavid Aşur oğlu da ifadəsində göstərib ki, 2012-ci ilin noyabrında “RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin maliyyə meneceri Yəhya Mirzəyev onu xidməti otağına çağıraraq müxbir kimi göstərdiyi xidmətin haqqı 400 manat təşkil etsə də, ona hər ay 1130 manat pul yazacağını, həmin pulu bankdan aldıqdan sonra 400 manatı, sonuncu ay isə 500 manatı götürüb, qalan məbləği gətirib ona verməyi təklif edib, bu barədə heç kimə məlumat verməməyi tapşırıb. Onun göstərişi əsasında 2012-ci ilin dekabrından 2013-cü ilin iyun ayı da daxil olmaqla hər ay xidmət haqqı adı ilə bank hesabına köçürülmüş cəmi 7910 manat pulun hamısını bankdan nağdlaşdırıb çıxardıqdan sonra yalnız 2900 manatını özünə götürüb, 5010 manat məbləğində pulu isə maliyyə meneceri Yəhya Mirzəyevə verib. 2013-cü ilin iyununda şəffaf xidmət haqqı müəyyən edilməyən yerdə işləmək istəmədiyi üçün işdən çıxıb.
Beləliklə, həyata keçirilmiş istintaq hərəkətləri ilə “RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin maliyyə meneceri vəzifəsində işləyən Mirzəyev Yəhya Hidayət oğlunun qulluq səlahiyyətlərindən tamah məqsədilə sui-istifadə edərək vəzifə saxtakarlığı ilə cəmi 7785 manat məbləğində pul vəsaitini mənimsəməsində əsaslı şübhələr mövcuddur.
Qeyd edilən məlumatların, eləcə də 2010-2014-cü illərdə “RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin bank hesablarına daxil olan pulların 1 milyon 944 min 412 manatının işçilərə aylıq əməkhaqqı, 1 milyon 422 min 176 manatının isə görülmüş işlərin və göstərilmiş xidmətlərin haqqı adı ilə 61 nəfər fiziki və 25 hüquqi şəxsə bank köçürməsi vasitəsilə məxaric edilməsinin araşdırılması istiqamətində yerinə yetirilmiş ilkin istintaq tədbirləri ilə Nümayəndəliyin əsasnaməsinin 4-cü bəndində qurumun Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan fəaliyyətlə məşğul olması, 6.2-ci maddəsində isə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi əsasında lazımi qaydada uçot aparmalı və müvafiq dövlət orqanlarına hesabat verməli olduğunun nəzərdə tutulmasına baxmayaraq, Nümayəndəliyin öz fəaliyyəti zamanı Azərbaycan Respublikasının bir sıra qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq dövlət orqanlarına hesabatlar təqdim etməməsi, bəzi hallarda isə hesabatlarda təhrif olunmuş göstəriciləri əks etdirməsi, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə xidmət haqqı adı ilə çoxlu sayda fiziki və hüquqi şəxsə bank köçürmələri və nağd məxariclə külli miqdarda maliyyə vəsaitlərinin köçürülməsi, bank hesablarına pul vəsaitləri köçürülmüş fiziki şəxslərin gəlirləri barədə müvafiq vergi orqanlarına hesabatlar təqdim etməməsi, həmçinin jurnalistlərin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində birillik akkreditasiya müddətləri tamamlansa da, akkreditə müddətinin uzadılmaması müəyyən edilib.
Şübhəli bank əməliyyatlarının icrası ilə əlaqədar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2014-cü il 27 dekabr tarixli qərarı ilə “RFE/RL İnc” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin, eləcə də onunla əməkdaşlıq etmiş fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlarının, maliyyə vəsaitlərinin xərclənməsinin təyinatının, vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin və sair daxilolmaların təyinatının qanuniliyinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinin mütəxəssisləri tərəfindən yoxlanılması təşkil olunub, həmçinin məhkəmənin eyni tarixli qərarı ilə Nümayəndəliyin “Azərbaycan Beynəlxalq Bankı” ASC-də yerləşən bank hesabları üzrə əməliyyatlar müvəqqəti dayandırılıb. Yoxlamanın ilkin nəticələri Nümayəndəlik tərəfindən vergilərin dövlət büdcəsinə ödəmədən yayındırılmasında şübhələnməyə əsas verir.
Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə ibtidai istintaq tədbirlərinin icrası davam etdirilir.
 

Google+ WhatsApp ok.ru