Baxın görün, savabı harada itirirsiniz?

Xəstəyə aparılan hədiyyə qarşılığında behişt müjdəsi

Sağlamlıq və xəstəlik insanların imtahan edildikləri iki mühüm xüsusiyyətdir. İnsanların hər yaşda mübtəla ola biləcəyi müxtəlif xəstəliklər vardır. Xəstəlik üzüntü və kədər mənbəyidir. Belə vəziyyətdə insan, xanımını, dostunu və qohumlarını yanında görmək, onların şirin söz və köməyi ilə təsəlli tapmaq istəyər. Hətta sağlığında itirib axtarmadığı insanların belə, onu ziyarət edib halını və əhvalını soruşmasını gözləyər. Gəlmədikləri təqdirdə isə çox kədərlənər. Ona görə də Allah Rəsulu xəstə ziyarəti kimi insanları bir-birinə yaxınlaşdıran ictimai ibadətləri bütün insanlara əmr etmişdir. 
 
Xəstə ilə görüşməyin isə özünəməxsus qaydaları vardır, hər bir müsəlman onlara riayət etməlidir. Bu qaydalardan ən başlıcası xəstəyə hədiyyə aparmaqdır.
İmam Sadiqin (ə) dostlarından bir neçəsi xəstə bir möminin görüşünə gedirdilər. Yolda İmam Sadiqlə (ə) rastlaşdılar. İmam buyurdu:
- Hara gedirsiniz?
Dedilər:
- Mömin qardaşlarımızdan biri xəstələnib. Biz də onun görüşünə gedirik.
İmam söylədi:
- Özünüzlə xəstə üçün alma, heyva, düyü, ətir və yaxud xoş iy verən ağac parçası kimi bir hədiyyə aparırsınızmı?
Onlar dedilər:
- Xeyr.
Həzrət buyurdu:
- Məgər hədiyyənin xəstəyə necə güclü təsir bağışladığını bilmirsinizmi?
 
Peyğəmbər (s) xəstəyə hədiyyə aparmaq haqda buyurur: «Kim xəstəyə sevdiyi yeməyi gətirərsə, Allah da ona behişt meyvələri verər.»
 
Xəstə yanında əyləşməyin qaydası
 
 
Əziz Peyğəmbərimiz (s) buyurur ki, xəstələrin görüşünə gedin, dəfn mərasimində iştirak edin, çünki bu iş axirəti sizin yadınıza salır. Xəstə üçün dua edib deyin: «İlahi! Ona şəfa ver, öz dərmanınla onun dərdinə əlac elə, bəlanı ondan uzaqlaşdır.»
 
Həmçinin buyurulur ki, din qardaşlarınızın görüşünə getdikdə onun (tezliklə xəstəlikdən sağalması) üçün dua edin. Xəstənin də sizi dua etməsini ondan (xəstədən) xahiş edin, çünki xəstənin duası mələyin duası kimidir.
 
Ruhi möhkəmlik
 
Xəstə ilə görüş qaydalarından biri də söhbət zamanı ona ürək-dirək verib ruh yüksəkliyi yaratmaq, tezliklə sağalacaqsan, Allah sənə tezliklə şəfa verər kimi təskinlikverici sözlər deməklə ona təsəlli verməkdir, çünki bəzi adamlar xəstələnən zaman bunu həyatlarının sonu bilib ruh düşgünlüyünə qapılırlar, buna görə də onları ümidvar etmək lazımdır.
 
Bu barədə Peyğəmbər (s) də buyurur: «Xəstə ilə görüşdükdə ona ümid verin. Bu, insanın müqəddəratını həll edib ölümünə mane olmasa da, xəstənin qəlbini sakitləşdirir.»
 
Görüşün qısaldılması
 
Xəstə ilə görüş zamanı riayət olunması lazım olan incəliklərdən biri də görüşün qısaldılmasıdır. Xəstə özü razılıq verdikdə isə vaxtı uzatmaq da olar.
Əmirəl-möminin (ə) buyurur: «Xəstənin görüşünə gələnlər arasında xəstənin öz razılığı ilə çox oturanlardan başqa, az oturanlar daha çox savab qazanır.»
Xüsusən, bəziləri nadanlıq və ya başqa səbəblər üzündənmi xəstəni o qədər yorur ki, onun görüşü yataqdakını xəstəlikdən daha çox narahat edir.
 
İmam Sadiq (ə) buyurur: «....Nadanın və ya axmağın görüşü xəstə üçün xəstəlikdən də betərdir. Görüşdə az oturanlar daha çox savab qazanırlar.»
 
Tam görüş
 
Xəstə ilə görüşərkən onunla davranma qaydasına da ciddi fikir verib, mehriban və səmimi olmaq lazımdır. Bu barədə də bir çox hədislər nəql olunmuşdur.
 
Peyğəmbər (s) buyurur: «Əlini xəstənin bədəni üzərinə qoyub halını soruşmaq kamil görüşdür.  Ən kamil salamlaşmaq isə bir-birinin əlini sıxmaqdır.»
 
Əmrəl-möminin də buyurur ki, kamil görüş odur ki, görüşə gələn şəxs əlini xəstənin əllərinin üstünə və ya alnına qoysun: «Əlini xəstənin əllərinin üstünə qoymaq və tez də qalxıb getmək ən yaxşı görüşdür.»
 
Qonaqlıq fikrində olmamaq
 
Xəstənin görüşünə getmək özünün ona qarşı mehribanlığını bildirərək, qardaşlıq haqqını verib və savab qazanmaq olduğundan görüşə gələn şəxs qonaqlıq fikrində olmamalıdır, çünki xəstə özü xəstəliyə düçar olmuş, ailəsi isə qulluğunda dayanmışdır. Onlara artıq yük olmaqdan çəkinin. Buna görə də Peyğəmbər (s) xəstə yanında bir şey yeməyi yasaq etmişdir, çünki bu, savabın itməsinə səbəb olur.
 
Hazırladı: Aqil

Google+ WhatsApp ok.ru