Bayılın ‘sürüşmə yarası’ bir ildir sağalmır: sakinlər narahatdır...

Bayılın ‘sürüşmə yarası’ bir ildir sağalmır: sakinlər narahatdır...

Sakin: “Kirayə pulunu da kəsdikləri üçün camaat öz cibindən pul verib, mənzil tutur”

Bayıl yamacının sürüşmə problemi bir ildən çoxdur ki, həll edilməmiş qalır. 2018-ci ilin son ayından etibarən Bayıl yamacında “Teleqüllə” ətrafındakı sürüşmə zonasında yaşayan sakinlərə ayrılan kirayə pulları dayandırılıb. Lakin onların evlərində yaşamaları üçün şərait təmin olunmayıb. Belə ki, hazırda əhalinin bir qisminə təbii qaz, su verilsə də, digər qisminin qaz boruları kəsilib.
 
Öncə yada salaq ki, Bayıl ərazisində “Teleqüllə” yaxınlığında olan sürüşmə səbəbindən ərazidə məskunlaşan 98 ailə ötən ilin yanvar ayından etibarən 11 aylıq müddətə kirayə mənzillərə köçürülüb. Sakinlər bildiriblər ki, verilən kirayə pulu az olduğu üçün Bayıl ərazisində ev tapmağa çətinlik çəkiblər. Ona görə də məcbur qalıb, ya kənar ərazilərdə ev tutublar, ya da öz evlərinə geri dönüblər. Kirayə pulunun məbləğinə gəlincə isə qeyd edək ki, normativlərə uyğun olaraq ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olana 250 manat, 8-dən çox olanda 300 manat müəyyən olunub. O əraziyə işıq, qaz və digər kommunal xidmətlər müvəqqəti dayandırılıb.
 
Ötən ilin noyabr ayında sakinlərə bildirilmişdi ki, ilin sonuna qədər ərazi ilə bağlı yekun qərar veriləcək. Lakin il başa çatsa da, problemlər bitmədi. Sakinlər hələ də gözləmə mövqeyindədir.
 
“Yeni Müsavat”a danışan sakin Elməddin Muradlı bildirib ki, 25 gündür insanlar öz hesablarına kirayə mənzil tutub, yaşayırlar:
 
“Çünki evlərində şərait yoxdur və qayıda bilmirlər. İcra hakimiyyətinin nümayəndələri deyirlər ki, sizə kirayə pulu verməyimiz üçün elektrik xəttini kəsin, şəkilini çəkib, gətirin baxaq. Deyirlər ki, yalnız bundan sonra inanıb, pul verə bilərik. Qaz da ki, gəlmir. Suyu da arada kəsib, arada verirlər. Bu cür ağır şəraitdə heç kim evinə qayıda bilmir. Çünki qışın ortasıdır, havalar soyuq keçir. Bəzi sakinlər soba alıb, yeməklərini bişirirlər. Özləri bir neçə evə qaz verib, qalanlarını kəsiblər. Deyim ki, şahmatvari formada qaz veriblər. Məsələn, sürüşməyə çox yaxın əraziyə qaz verilişini təmin ediblər. Deyirlər ki, bu ərazidə təhlükə yoxdur və qazı vermək olar. Ancaq bizim ev həmin ərazidən 900 metr aralıdadır, bizə qaz vermirlər. Səbəb kimi də deyirlər ki, sizin ev təhlükəli xəttin üstünə düşür. Bilmirsən ki, bu adamlar təhlükəli xətti nə zaman müəyyənləşdiriblər. Əgər burada təhlükəli xətt varsa, nə üçün heç bir ekspertiza bu barədə rəy verməyib. Komissiyanın da məsələ ilə bağlı rəyi yoxdur. Bəs o zaman hardan bilirsiniz ki, belə bir təhlükəli xətt var. Bir il ərazində bu ərazidə heç bir sürüşmə hadisəsi qeydə alınmayıb. Hər hansı formada dəyişiklik də yoxdur. Necə olur ki, təhlükəli xətt var, ancaq sürüşmə yoxdur? Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəfələrlə rəy verib ki, ərazidə heç bir aktivlik müşahidə olunmur. Burada bir bəla var ki, o da kanalizasiya, yağış sularıdır. Bütün bu suların axıntısı üçün yer, xətt mövcud deyil. Həmin xətt çəkilərsə, kanalizasiya sistemi qurularsa, problem qalmaz”.
 
Sakin bildirib ki, kirayə puluna və digər məsələlərə ayrılan pulu kanalizasiya sisteminə ayırsaydılar, vəziyyət düzələrdi:
 
“11 aylıq kirayə pulu ayırdılar, onu da kim evinə qayıtdısa, kəsdilər. İndi də 11 ay başa çatıb, nə müddəti artırırlar, nə də yaşamağımıza imkan verirlər. Hər gün deyirlər ki, gözləyin, komissiya bu həftə cavab verəcək. Yanvarın 19-da Eldar Əzizovla danışdım. Mənə dedi ki, yaxın günlərdə komissiyanın qərarı olacaq və biz ona uyğun addım atacağıq. Yaxşı, bəs komissiyanın qərarı yoxdursa, heç kim nə isə bilmirsə, bu qədər camaatı niyə köçürüblər? Niyə yalandan deyirlər ki, filan yerdə təhlükəli xətt var, bu ev həmin xəttə düşür və sairə. Komissiyanın qərarı yoxdursa, bu adamlar xətləri necə icad edə bilirlər? Bir sözləri, digərini tutmur. Kirayədə yaşayanların hamısı bu dəqiqə öz hesablarına mənzil tutublar. Ötən həftə eşitdim ki, 46 saylı Mənzil İstismar Sahəsinin əməkdaşları sakinlərə deyiblər ki, ola bilər 2 aylıq əlavə kirayə pulu verilsin və yekun nəticə martda açıqlansın. Ötən il camaatı ərazidən köçürən zaman da dedilər ki, 3 ay ərzində yekun rəy veriləcək. Sonra bildirdilər ki, maksimum 6 ay ərzində ərazinin taleyi həll olacaq. İndi də 1 il iki aya qədər uzadıblar. Bilinmir ki, dedikləri vaxt gələndən sonra nələr baş verəcək”.
 
E.Muradlı bildirib ki, sürüşmənin olduğunu desələr də, ərazidən axan məişət sularına nəzarət etmirlər:
 
“Ərazidə kanalizasiya sistemi bərbad haldadır. Bütün günü yollardan, məhəllələrdən su axır. Sürüşmənin də səbəbi elə bu sulardır. Həmin suları illərdir ki, bir istiqamətə yönəldə bilmirlər. Əvvəllər orada kanalizasiya sistemi tutaq ki, 150 ev üçün qurulub. Hazırda isə orada 500-ə yaxın ev var. Bu evlərin tikintisinə icazə verən zaman kanalizasiya xəttini də düşünmək lazım idi. Heç olmasa icazə vermək üçün aldıqları pulun bir hissəsini kanalizasiya sisteminin qurulmasına ayırsaydılar, indi belə problem olmazdı. Əhalinin sayı artırsa, evlərin də sayı artmalıdır. Dövr dəyişdikcə, insan sayı artdıqca, sistem də dəyişir. Bu adamlar oraya göydən düşməyiblər. Hamısına müvafiq qurumlar icazə veriblər ki, ev tiksinlər. İndi də danırlar. Su-kanalizasiya sistemi düzəlməsə, problem ola bilər. Bu gün də orada nəinki avtomobil üçün, heç piyada üçün də quru yol yoxdur. Hamısından kanalizasiya, yağış suyu axır. Problemin də əsasında bu dayanır”.

Google+ WhatsApp ok.ru