Bayılın köçürülməsi bayramdan sonraya qaldı

Bayılın köçürülməsi bayramdan sonraya qaldı

Məcburi köçkünlərə onlarla yerli sakinlər arasında köçürülmə zamanı ayrı-seçkilik olmayacağı vədi verilib...
 
Bayılın sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi məsələsi bu ay da həll olunmadı. Onlara nə köçürüləcəkləri gün, nə də ödəniləcək kompensasiyanın miqdarı ilə bağlı heç bir məlumat verilmir. Lakin bildirilib ki, bayrama qədər hər hansı yenilik gözlənilmir.
 
Məlumat üçün qeyd edək ki, ərazidə yaşayan 27 məcburi köçkün ailəsinə Səbayel Rayon İcra Hakimiyyətindən bildirilmişdi ki, onlara Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ev verəcək. Bu isə ailələrin narazılığına səbəb olmuşdu. Köçkün ailələri bildirirdilər ki, araşdırma aparıblar və öyrəniblər ki, onlara veriləcək evlər müvəqqətidir və bu evləri kimsəyə satmaq mümkün deyil. Eyni zamanda həmin evlər Bakının mərkəzindən xeyli uzaqdır.
 
Bütün bunlara etiraz olaraq məcburi köçkün ailələri Prezident Administrasiyasının qarşısına toplandılar. Orada problemləri dinlənilən məcburi köçkün ailələrinə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə getmələri tövsiyə olundu. Məcburi köçkün ailələrini qəbul edən “Qaçqınkom” sədri Rövşən Rzayev bildirib ki, onların hüquqlarının tapdalanmasına imkan verməyəcək.
 
Sakinlər son yeniliklərlə bağlı “Yeni Müsavat”a bildiriblər ki, onlar Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət ediblər. Sakin Elməddin Muradlı aşağıdakıları bildirib: “Ötən həftə bizə cavab gəldi. Səbayel Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şixəmmədov sakinləri qəbul edib bildirdi ki, həqiqətən də məktubu alıblar. Vüqar müəllim də öz dili ilə dedi ki, yerli sakinlərlə məcburi köçkünlər arasında köçürülmə prosesində heç bir ayrı-seçkilik olmayacaq. O söyləyib ki, hamı bir formada kompensasiya ilə təmin olunacaq. Sakinlərə kirayə pulunun ödənişi mart ayına qədər edilib. Növbəti ayın kirayə pulu ilə bağlı hələ ki xəbər yoxdur. Bu ayın axırından etibarən guya köçürülmə prosesi başlamalı idi. Ona görə də kirayə pullarını mart ayına qədər vermişdilər. Ancaq hələ ki köçürülmə ilə bağlı heç bir aktiv fəaliyyət müşahidə olunmur. Yəqin ki, bayramdan sonra köçürülmə prosesi başlayacaq. Hər halda, mənzil istismar sahəsindən də bildirdilər ki, ola bilər, apreldə də kirayə pulu verilsin. Bununla bağlı hökumət qərar verməlidir. Hazırda köçürülmə prosesi ilə bağlı Nazirlər Kabinetinin qərarı gözlənilir. Qərar olandan sonra sakinlər rahatlaya bilərlər. Çünki Səbayel rayon icra başçısının müavini sakinlərə rəsmi qaydada deyib ki, qalmaqallı məsələyə son qoyulub və məcburi köçkünlərin də evlərinin dəyəri hesablanacaq, qiymət veriləcək. Eləcə də Bakı Şəhər İcra Hakimiyyətindən və Prezident Administrasiyasından gələn cavabda da eyni məsələ vurğulanmışdı. Sadəcə olaraq, ötən gün televiziyaların birində fərqli səpkidə süjet yayımlanıb. Həmin süjetdə bildirilib ki, Bayıl yamacında yaşayan məcburi köçkünlərə fərqli yerdə ev veriləcək. Ancaq ”Qaçqınkom" sədri Rövşən Rzayev də açıqlama vermişdi ki, bizim hələ zirzəmilərdə daha ağır şəraitdə yaşayan məcburi köçkün ailələrimiz var ki, onları belə tamamilə evlə təmin etmək imkanında deyilik. O da bildirmişdi ki, Bayıl yamacında yaşayan məcburi köçkün ailələri ilə bağlı rayon icra hakimiyyəti addım atmalıdır. Yəqin ki, Bakı Şəhər İcra Hakimiyyəti və Nazirlər Kabineti bunu nəzərə alarlar ki, “Qaçqınkom”u da belə yükləmək doğru deyil. Çünki hazırda çox pis şəraitdə yaşayan xeyli sayda məcburi köçkün ailələri var".
 
Muradlının sözlərinə görə, dövlətdən kirayə pulu alanlar hazırda Bayıldakı evlərində yaşamırlar: “Bəzi ailələrin kirayə pulunu kəsdilər. Çünki yanvardan fevralın əvvəlinə qədər kirayə pulu verilmədi. Ona görə də bir çox ailələr evlərinə qayıtdılar. Onlar odun sobası yandıraraq birtəhər qışı keçirdilər. Evlərinə qayıtdıqları üçün bu ailələrin kirayə pulu kəsildi. İndi də həmin ailələr öz evlərində yaşamağa davam edirlər. Kirayə pulu ödənilmədiyi üçün ailələr öz hesablarına kənarda kirayə yaşamağa çətinlik çəkirlər. Ümumilikdə köçürülmə ilə bağlı canlanma müşahidə edilmir. Əslində mart ayında köçürülmə ilə bağlı şayiə yaranmışdı. Belədir ki, sakinlərə vəzifəsi aşağı olan məmurlar köçürülmənin yaxın zamanda olacağını bildirsələr də, yüksək ranqlı məmurlar danışanda bildirirlər ki, məsələ ilə bağlı Nazirlər Kabinetinin qərarı olmalıdır. Həmin qərar isə hələ ki verilməyib. Vəziyyətimiz bu cürdür”.
 
Onu da əlavə edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, sürüşmənin baş verdiyi ərazidə uzun müddətdir ki, sabitlik müşahidə olunur. Sakinlər isə bildirirlər ki, son aylar ərzində evlərində hansısa çat müşahidə etməyiblər. /Musavat.com/
 

Google+ WhatsApp ok.ru