Bayıl yamacında son durum: “Bu qədər camaata artıq 3 aydır ki, kirayə pulu ödənilmir”

Bayıl yamacında son durum: “Bu qədər camaata artıq 3 aydır ki, kirayə pulu ödənilmir”

Bayıl yamacındakı sürüşmə zonasında yaşayan sakinlər yenidən çətin durumda qalıblar. Onlar bildiriblər ki, hazırda əksər sakinlərin kirayə pulu verilmir, evlərində isə kommunal xətlər olmadığı üçün yaşamaqda çətinlik çəkirlər.
 
Məlumat üçün öncə xatırladaq ki, bu ilin qış aylarında Bayıl yamacında “Teleqüllə” ətrafındakı sürüşmə zonasında aktivlik müşahidə olunmuşdu. Nəticədə orada da 4 ev dağılıb, 2-si isə zərər görmüşdü. Ona görə də müvafiq qurumların iştirakı ilə bu ərazidə bütün kommunal xidmətlərin verilişi dayandırılıb, əhali isə 11 aylıq müddətə kirayə pulu verilməklə, köçürülmüşdü. Onların bir qismi verilən kirayə pulu ilə razılaşmadığı üçün evlərində yaşamaqda davam edirdilər.
 
“Yeni Müsavat”a daxil olan məlumata görə, hazırda əhalinin böyük əksəriyyəti öz mənzillərinə qayıdıb. Sürüşmə sahəsində heç bir aktivlik müşahidə olunmasa da, əhalinin taleyi ilə bağlı konkret qərar verilmir və vəziyyət günbəgün ağırlaşır.
 
Sakin Elməddin Muradlı qəzetimizə bildirdi ki, hazırda yalnız 3-4 ailə kirayə mənzildə yaşayır: “Digər ailələrin hamısı qayıdıb, öz evlərində yaşamağa davam edirlər. Çünki bir qədər qeyri-ciddi münasibətlər ortaya çıxdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər dəfə rəy verir ki, ərazidə heç bir təhlükə yoxdur və vəziyyət stabildir. Ona görə də insanlar da haqlı olaraq bildirirlər ki, vəziyyət bu cürdürsə bizim qazımızı, suyumuzu verin. İnsanlar nə zaman səslərini qaldırırsa, müxtəlif qurumların adından 3 nəfər nümayəndə gəlib, metrəni əllərinə alıb, ölçü işinə başlayırlar. Bizə də deyirlər ki, sentyabr ayında köçəcəksiniz. Beləcə, camaatı sakitləşdirirlər, bir müddət sonra yenə əhali ayağa qalxanda, gəlib başqa bir söz deyirlər. Bu günlərdə gəlib, məhəllənin bir hissəsinin qaz xətlərini qoşublar. Təsəvvür edin ki, gəlib, sürüşmə zonasına yaxın olan məhəllədə qaz xətlərini qoşduqları halda, aşağı məhəllələr qazsız qalıb. Camaat da deyir ki, bizim evlər sürüşmə zonasından daha uzaqdadır. Qazın verilişini bərpa edirsinizsə, bizi niyə kənarda saxlamısız?
 
Biz demirik ki, gedib kiminsə qazını kəsin. Deməyimiz odur ki, əgər qazın verilişi bütün məhəllələrdə bərpa olunsun. Bu günlərdə də məlumat yayıblar ki, köçürülmə işi Səbayel Rayon İcra Hakimiyyətinin bir ideyası idi və baş tutmadı, qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Camaat da bunu eşidir, narahat olur və gedib icra hakimiyyətinə etiraz edirlər ki, köçürmə yoxdursa, imkan verin öz evlərimizə qayıdaq. İndi yay ayları olduğu üçün camaat birtəhər yaşayır. Qışda vəziyyət necə olacaq? Yeməyi qaz balonu vasitəsilə bişiririk. O da hər 20 gündən bir boşalır, 20 manat verib, doldururuq. Yaxşı, bunun hamamı, başqa istilik sistemi olmalıdır. Onu necə edəcəyik? Kirayə pullarının da 70 faizini kəsiblər. İcra hakimiyyətinin, MİS-in adamları qapı-qapı gəzib, baxırlar ki, kim öz evində yaşayır. Sıyahı hazırlayırlar və icra hakimiyyətinin qərarı ilə kirayə pulunu kəsirlər. İnsanlar da deyirlər ki, qazımızı, suyumuzu kəsmisiniz. Hamısını pulla alırıq. Bəs bunların pulu necə olsun? İkincisi də əhalini köçürən zaman əksəriyyətin mebelləri sınıb, yararsız hala düşüb. İnsanlar xeyli maddi zərər görüblər. Bu pulları kim ödəyəcək? İndi 200-250 manat kirayə pulu verirdilər, onu da MİS-lə Səbayel Rayon İcra Hakimiyyəti birləşib, kəsiblər. Hazırda 10-dan artıq ailə kirayə pulu ala bilir. Baş nazirin imzaladığı qərarı icra hakimiyyəti və yaxud da MİS necə dayandıra bilər? Bu pulu ilin axırına kimi verməlidirlər. Bununla bağlı baş nazirin imzalı sərəncamı var. Ancaq bu sərəncamı heçə sayırlar və bu boyda camaata artıq 3 aydır ki, kirayə pulu ödənilmir. Bizə heç kirayə pulu da lazım deyil. Kommunal xətlərimizi bərpa etsinlər, öz evimizdə normal şəkildə yaşayaq”.(musavat.com)
 

Google+ WhatsApp ok.ru