Bayıl yolu bərpa edilir, geoloji kəşfiyyat işləri aparılır...

Bayıl yolu bərpa edilir, geoloji kəşfiyyat işləri aparılır...

Anar Nəcəfli: “Yol çöküntüsünün hansı səbəbdən baş verməsi də tam dəqiqliyi ilə aydınlaşdırılacaq”
 
Bayıl-Bibiheybət-Badamdar yolunda baş verən sürüşmədən sonra nəqliyyatın intensiv hərəkət etdiyi bu yolun bərpası bir neçə ay davam edəcək. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli də “Yeni Müsavat”a danışarkən vurğuladı ki, hazırda yolun bərpa işləri ilə yanaşı geoloji kəşfiyyat işləri də aparılır və bu gələcəkdə baş verəcək hadisələrin qarşısını almaq məqsədi daşıyır:
 
“Hazırda həmin ərazidə torpaq qatı çökərək, aşağıda ”Bayıl buxtası" küçəsini bağlayıb. Həmin küçənin açılması üçün istiqamətində işlər aparılır. Bundan başqa dağ yamacının ağırlığını yüngülləşdirmək üçün həmin hissədən torpaq qatı ərazidən kənara daşınır. Orada geoloji kəşfiyyat işləri həyata keçirilir. Bu kəşfiyyat işləri nəticəsində həmin torpaqda, yerin altında gedən proseslər müəyyənləşdirilir. Ondan sonra isə geoloji kəşfiyyat işləri nəticəsində bu kimi hadisələrin gələcəkdə baş verməməsi nəticəsində hansı geoloji tədbirlərin görülməsi ilə bağlı rəy hazırlanır. Həmin rəyə əsasən layihə hazırlanıb bərpa işlərinə start veriləcək. Ancaq yoldakı intensiv hərəkət və Bakının əsas girişlərindən biri olduğu nəzərə alınaraq bu prosesin tez bir zamanda həyata keçirilməsi nəzərdə tutulur. Lakin buna baxmayaraq , qısa müddət ərzində orada bu kimi işləri tam olaraq başa çatdırmaq mümkün deyil. Bu proses bir neçə ay davam edəcək. Ancaq bir iş digərinə mane olmadan həyata keçiriləcək".
 
 
Nəcəfli onu da vurğuladı ki, geoloji kəşfiyyat işləri zamanı yol çöküntüsünün hansı səbəbdən baş verməsi də tam dəqiqliyi ilə aydınlaşdırılacaq: “Bu yolun tikintisinə 2009-cu ildə Nəqliyyat Nazirliyinin sifarişi əsasında start verilib. 2010-cu ildə təhvil verilib. Bəzi kütləvi informasiya vasitələrində dəqiqləşdirilməmiş məlumatlar verilir ki, guya orada 2019-cu ildə bizim tərəfimizdən əsaslı yenidənqurma işləri aparılıb, ancaq buna baxmayaraq yolda çökmə baş verib. Mən isə bildirirəm ki, bizim qurum orada yenidənqurma işləri aparmayıb, sadəcə təmir işlər aparıb. Yolun asfalt-beton işləri yenilənib və yol kənarındakı bəzək divarında müəyyən işlər aparılıb. Orada hər hansı bərkitmə və yenidənqurma işləri həyata keçirilməyib. Orada nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yolun asfalt-beton örtüyündəki deformasiyalar aradan qaldırılıb. Əsaslı yenidənqurma işlərindən isə söhbət getməyib. Noyabr ayının 7-də isə orada bizim əməkdaşlar tərəfindən çatların yaranması müşahidə edilib və bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəsmi olaraq müraciət olundu. Müraciətin cavabı gözlənilmədən həmin ərazi nəzarət altına götürüldü, noyabrın 24-də orada çatlar genişlənməyə başladı. Vaxtında atılmış addımlar nəticəsində daha ağır fəsadların baş verməsinin qarşısı alınmış oldu.
 
Qeyd edək ki, , Bayıl ərazisi sürüşməyə meylli ərazi olduğundanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geologiya Kəşfiyyat xidməti tərəfindən ciddi nəzarətdə saxlanılır. Daha öncə də 2018-ci ilin fevral ayında Bayıl dərəsinin sağ yatağında sürüşmə baş vermişdi
 
 
 
Qeyd edək ki, noyabrın 24-də axşam saatlarında isə Bibiheybət məscidinə yaxın olan bu ərazidə sürüşmə olub. Təxminən yolun 80-100 metrlik hissəsi uçub.
 

Google+ WhatsApp ok.ru