Bayram bahalaşması; işbazların kələyi, yoxsa...

Bayram bahalaşması; işbazların kələyi, yoxsa...

Vüqar Bayramov: “Sahibkarlar bayram ərəfəsində yüksək qiymətlərlə daha çox gəlir əldə etməyə çalışır”;
 
Natiq Cəfərli: “Hansısa əmr və göstərişlə bunun qarşısını almaq mümkün deyil”
 
Qarşıdan Novruz bayramı gəlir. Bu isə bahalaşmaya yeni bir bəhanə gəldiyini deməyə əsas verir. Hər il bayram öncəsi ət və ərzaq məhsullarının qiymətində artım müşahidə olunur. Bu il də bayram öncəsi bahalaşma dalğası gözəniləndir.
 
Maraqlıdır, bəs dövlət bunun qarşısını ala biləcəkmi? Hansı yollarla bayram öncəsi bahalaşma ənənəsinə son qoymaq olar?
 
İqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, qiymətlərin monitorinqi həyata keçirilərsə, bahalaşmanın qarşısının alınması istiqamətində addımlar atıla bilər: “Fevral ayında rəsmi statistikada manatın dollara nisbətən məzənnəsi möhkəmlənib. Əvvəlki dövrlərdə, xüsusən də idxal olunan məhsullarda qiymət artımını dolların möhkəmlənməsi ilə izah edirdilər. Xatırlayırsınızsa, idxalla məşğul olan şirkətlər manatın möhkəmlənməsi, yəni dəyər qazanması bir ay müddətinə qalarsa, o zaman müvafiq qiymətlərin azaldılacağını bildirmişdilər. Ancaq hələlik qiymətlərin azalması, xüsusən də idxal olunan məhsullarda qiymətlərin aşağı düşməsi müşahidə edilmir. Bu baxımdan, ilk növbədə İqtisadiyyat Nazirliyi tərəfindən monitorinqlərin davam etdirilməsinə ehtiyac var ki, manatın fevral ayında möhkəmlənməsi qiymətlərə təsir göstərmir. Əgər sahibkarlar süni şəkildə qiyməti yüksək saxlayarsa, o zaman qiymətlərin aşağı salınması ilə bağlı tədbirlərin həyata keçirilməsinə ehtiyac yaranacaq”.
 
V.Bayramov qiymət artımının olma ehtimalının kifayət qədər yüksək olduğunu dedi: “Adətən mart ayında, xüsusən də Novruz bayramı ərəfəsində ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. İndiki məqamda fevral ayının yekunlarında manatın yanvar ayına nisbətən möhkəmləndiyini nəzərə alsaq, dövlət qurumlarının qiymət artımlarının qarşısını almaq üçün xeyli səbəbləri var. Biz proqnozlaşdırırıq ki, şirkətlər və bəzi sahibkarlar bayramlardan istifadə edərək qiymət artımına gedəcəklər. Böyük ehtimalla bütün bazarlarda monitorinqlərin edilməsi texniki baxımdan mümkün deyil. Bu baxımdan, qiymət artımlarının olma ehtimalı kifayət qədər yüksəkdir. Təəssüf ki, sahibkarlar bayram ərəfəsində yüksək qiymətlərlə daha çox gəlir əldə etməyə çalışır. Bu, ənənəvi olaraq son on illərdə müşahidə edilən problemdir. Ona görə də düşünürəm ki, indidən bayramlar başlamamışdan monitorinqlərin aparılmasına, indiki qiymətlərlə bayram ərəfəsindəki qiymətləri müqayisə etməyə ehtiyac var. Qiymətlərin monitorinqi həyata keçirilərsə, bahalaşmanın qarşısının alınması istiqamətində addımlar atmaq olar. Ancaq sahibkarlar əvvəlki dövrlərdə olduğu kimi yenə də bayramlardan istifadə edib qiymətləri artıracaqsa, nəticə etibarı ilə Novruz bayramında daha yüksək qiymətlərlə ərzaq məhsullarının satılmasına gətirib çıxaracaq”.
 
Digər iqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, hökumət bahalaşmanın qarşısını almaq üçün inzibati yollara əl atacaqsa, bu, gələcəkdə tamamilə əks-effekt verə bilər: “Hökumət nə qədər inzibati yolla müdaxilə edəcəksə, sonradan qiymətlərin daha da çox qalxmasının şahidi olacağıq. Bunun qarşısının alınmasının yolu iqtisadi alətlərdən istifadə etməkdir. Yəni həmin müddət ərzində bayramlardan öncə müxtəlif ərzaq məhsullarının, gömrük rüsumları bir müddətlik ləğv edilə və ya azaldıla, vergi güzəştləri tətbiq oluna bilər. Yaxud da rəqabətli mühit daha da yaxşılaşdırıla bilər ki, daha çox şirkət və yaxud da fiziki şəxs ölkəyə məhsul gətirə və bazara çıxarda bilsin. Bu da rəqabətli mühitdə qiymətlərin aşağı düşməsinə səbəb ola bilər. Əslində qiymət artımının obyektiv səbəbləri də çoxdur. Çünki idxaldan asılılığımız və mövsümü səbəblər var. İlin bu dövründə, yəni qışın sonu - yazın əvvəlində həmişə yerli məhsulların qıtlığı müşahidə olunur. Çünki mövsümlə əlaqədar yerli məhsullar artıq bitir. Çünki məhsulların saxlanması üçün bizim ciddi infrastukturumuz yox idi. Payız aylarında məhsulu bu dövrə qədər saxlamaq mümkün olsun. Ona görə də bu dövrdə idxaldan daha çox asılılıq yaranır. Qiymətlərin artımının əsas səbəblərindən biri budur. Bu, təbii ki, obyektiv bir səbəbdir. Amma inzibati yollarla, hər hansısa bir əmrlə, göstərişlə, müdaxilələrlə, hər hansısa yoxlamalarla bunun qarşısını almaq mümkün deyil. Çünki normal iqtisadi sistemi olan ölkələrdə heç vaxt süni qiymət artımı mümkün deyil. Əgər rəqabətli mühit varsa, qiymətlər süni şəkildə artırıla bilməz. Rəqabət mexanizmləri buna imkan verməz. Hökumətin əlində iqtisadi alətlər var. Bu dövr üçün müəyyən vergilərin və gömrük rüsumlarının azaldılması və yaxud da ləğv olunması ilə qiymətlərə təsir edə bilər. Bu yolu edəcəksə, effekti olacaq. Yox, əgər inzibati yollara əl atacaqsa, bu, gələcəkdə tamamilə əks- effekt verə bilər”. (musavat) /

Google+ WhatsApp ok.ru