Bayram gəlir, ət bahalaşır... - Ekspert

Bayram gəlir, ət bahalaşır... - Ekspert

Qurban bayramında ətin qiymətində bahalaşma müşahidə olunmayacaq.
 
Bu sözləri Axar.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. O, Qurban bayramında ətin qiymətinin stabil qalacağını bildirib:
“Qurban bayramında ətin qiymətində artımın alıcılıq qabiliyyətinə ciddi təsir edəcəyini nəzərə alaraq, bahalaşmanın qarşısını almaq üçün nəzarət tədbirləri görüləcək. Ətin 1 kiloqramının qiyməti bazar və paytaxtın digər nöqtələrində 11-12 manat arasında dəyişəcək. Hazırda mal əti 11, qoyun əti isə 12 manata satılır. Dövlət Baytarlıq Xidməti Qurban bayramında da gücləndirilmiş iş rejimində vətəndaşlara xidmət göstərəcək. Ət kəsim məntəqələrində ətin keyfiyyətinə, qiymətinə nəzarət ediləcək. Təsərrüfat sahibləri, habelə qəssabların iş şəraiti yoxlanılacaq. Ancaq yarmarkaların yaradılması haqqında ilkin məlumat yoxdur. Ümumiyyətlə, yarmarkaların qiymətlərə təsiri gözlənilmir”.
 
Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə bildirib ki, Qurban bayramının yaxınlaşması ilə əlaqədar ətin qiyməti müəyyən qədər arta bilər:
“Qurban bayramı ərəfəsində əksər insanlar 1 həftə-10 gün əvvəl heyvan alırlar. Bayram günlərində yarmarkaların yaradılması ət istehsalını artırmır. Sadəcə, bu günlərdə tələb artdığından, təklif də arta bilər. Bu gedişlə Qurban bayramında qiymət artımı istisna edilmir. Hesab edirəm ki, bu da tələbi qane edəcək qədər təklifin olmamasından irəli gəlir. Son 7 ayda ət idxalı 2,2 dəfə artıb. Hər il Qurban bayramında Rusiyadan, Gürcüstandan heyvanlar gətirilsə də, bu, qiymət artımının qarşısını almır”. /

Google+ WhatsApp ok.ru